ABŞ Avstriyaya 1,5 milyard dollarlıq “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib

2026/06/1781866644.jpg
Oxunub: 218     14:57     19 İyun 2026    
ABŞ Dövlət Departamenti Avstriyaya 12 ədəd UH-60M “Black Hawk” çoxməqsədli helikopteri və əlaqədar sistemlərin satışını nəzərdə tutan təxminən 1,5 milyard dollar dəyərində xarici hərbi satış paketini təsdiqləyib.

Ordu.az xəbər verir ki, satışın qüvvəyə minməsi üçün ABŞ Konqresinin təsdiq prosedurunun tamamlanması tələb olunur.

Məlumata görə, paketə helikopterlərlə yanaşı mühərriklər, rabitə sistemləri, avionik avadanlıqlar, raket xəbərdarlıq sistemləri, əks-tədbir vasitələri, təlim və logistika dəstəyi də daxildir.

Avstriyanın müraciətinə əsasən paketə 26 ədəd T700-GE-701D turboşaft mühərriki, AN/AAR-57 Birgə Raket Xəbərdarlıq Sistemi, CIRCM infraqırmızı əks-tədbir sistemi, AN/APR-39E(V)2 radar xəbərdarlıq qəbuledicisi, EAGLE-M+429 tapşırıq sistemləri və AN/ARC-231A peyk rabitə stansiyaları daxil edilib.

Paket həmçinin naviqasiya sistemlərini, tanıma sistemlərini, radar avadanlıqlarını və müxtəlif təhlükəsizlik vasitələrini də əhatə edir.

Proqram çərçivəsində texniki sənədlər, texniki xidmət avadanlıqları, şəxsi heyətin hazırlığı və mühəndis dəstəyi də Avstriyaya təqdim olunacaq.

Əsas podratçı qismində “Lockheed Martin” şirkətinin tərkibində fəaliyyət göstərən “Sikorsky” çıxış edəcək. Proqramın icrasını dəstəkləmək üçün ABŞ hökuməti və şirkət əməkdaşlarından ibarət təxminən 30 nəfərlik qrupun Avstriyada fəaliyyət göstərməsi planlaşdırılır.

ABŞ Dövlət Departamenti bildirib ki, satış Avstriyanın mövcud və gələcək təhlükələrə qarşı çəkindirmə qabiliyyətini gücləndirəcək.

Hazırda Avstriya Silahlı Qüvvələrinin inventarında 9 ədəd S-70A-42 “Black Hawk” helikopteri mövcuddur. Bu helikopterlər 2002-ci ildən istismar olunur və əsasən dağlıq ərazilərdə şəxsi heyətin daşınması, təbii fəlakətlər zamanı yardım, axtarış-xilasetmə və logistika tapşırıqlarında istifadə edilir.

Avstriya daha əvvəl əlavə üç “Black Hawk” helikopteri almaqla parkını 12 vahidə çatdırmağı planlaşdırsa da, həmin satınalma başa çatdırılmamışdı. Yeni UH-60M sifarişi ilə ölkənin “Black Hawk” parkının yaxın illərdə əhəmiyyətli dərəcədə böyüməsi gözlənilir.

UH-60M “Black Hawk” ABŞ Quru Qoşunlarının hazırkı standart çoxməqsədli helikopteridir. Platforma əvvəlki nəsillərlə müqayisədə daha güclü mühərriklərə, inkişaf etmiş avionik sistemlərə və genişləndirilmiş əməliyyat imkanlarına malikdir.

Helikopter şəxsi heyət və yüklərin daşınması, tibbi təxliyə, xüsusi əməliyyatlar, axtarış-xilasetmə və təbii fəlakətlər zamanı yardım missiyalarında istifadə olunur.

İki T700-GE-701D turboşaft mühərriki ilə təchiz edilən UH-60M tam təchizatlı 11 hərbçini daşıya bilir. Helikopter xarici asqıda təxminən 4 ton yük daşımaq imkanına malikdir, maksimal sürəti isə saatda 300 kilometrə çatır.

500 kilometrdən artıq uçuş məsafəsinə malik olan platforma müasir rəqəmsal kabina, qabaqcıl naviqasiya sistemləri və tapşırıq kompüterləri ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avstriya  


Bizi "telegram"da izləyin