Ordu.az xəbər verir ki, bu barədə “Militarnyi” nəşri məlumat yayıb.
Sərgidə nəşrə açıqlama verən İnnovativ Texnologiyalar Proqramı Mərkəzinin nümayəndəsinin sözlərinə görə, dəniz platforması məhdud və mübahisəli dəniz akvatoriyalarında mürəkkəb radioelektron mübarizə əməliyyatlarının həyata keçirilməsi üçün hazırlanıb.
Sistemin əsas xüsusiyyəti 300-6000 MHz diapazonunda fəaliyyət göstərən çoxzolaqlı inteqrasiya edilmiş maneə yaratma imkanlarıdır. Bu xüsusiyyət platformaya eyni vaxtda düşmənin rabitə vasitələrini, GNSS naviqasiya siqnallarını və Pilotsuz Uçuş Aparatı (PUA) idarəetmə kanallarını sıradan çıxarmağa imkan verir.
Məlumata görə, düşmən sistemlərinə qarşı effektiv radioelektron təsir məsafəsi 30 kilometrə qədərdir.
Yüksək döyüş effektivliyini təmin etmək üçün trimaran “Pelican V1” radarı və “Scorpion V5” radioelektron mübarizə sistemi ilə təchiz edilib.
Şirkət nümayəndəsi bildirib ki, “Scorpion” naviqasiya sistemlərini, o cümlədən avtopilotları sıradan çıxarmaq qabiliyyətinə malikdir. Bundan əlavə, sistem “Shahed” tipli PUA-lara qarşı da istifadə oluna bilər.
Radioelektron imkanlarla yanaşı, platforma AIM-9M “Sidewinder” “hava-hava” raketlərini buraxa bilən “SeaDRAGON” buraxılış qurğusu ilə də təchiz olunub.
SIRENA insansız trimaranı birbaşa görmə xətti olmadan avtonom, yarımavtonom və ya uzaqdan idarəetmə rejimlərində fəaliyyət göstərə bilir.
Platformanın maksimal sürəti saatda 90 kilometrə çatır və 300 kiloqrama qədər faydalı yük daşıya bilir.
24 saata qədər fəaliyyət müddətinə malik olan SIRENA sahil müdafiəsi, radioelektron mübarizə və kəşfiyyat tapşırıqları üçün nəzərdə tutulub. Onun əməliyyat məsafəsi 800 kilometrə qədərdir.
Sevinc Əliyeva
Ordu.az