Almaniya Ukrayna üçün NOMADS HHM sistemlərinin alınmasını maliyyələşdirib

2026/06/Ekran-1781866231.jpg
Oxunub: 196     14:41     19 İyun 2026    
Almaniya hökumətinin Ukrayna üçün Norveç istehsalı olan NOMADS qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasını maliyyələşdirdiyi ehtimal edilir.

Ordu.az xəbər verir ki, bu barədə “German Aid to Ukraine” (GAU) layihəsi hərbi analitik Jeff2146-ya istinadən məlumat yayıb.

Layihənin məlumatına görə, Ukrayna artıq səkkiz ədəd Norveç istehsalı NOMADS hava hücumundan müdafiə sistemi əldə edib. Bu məlumat 2026-cı ilin yanvarında Almaniyanın “Flensburger Fahrzeugbau Gesellschaft” (FFG) şirkətinin Ukraynaya ən azı səkkiz ədəd ACSV tırtıllı zirehli döyüş dəstək platforması təhvil verməsi ilə bağlı xəbərlərlə üst-üstə düşür.

Məlumata görə, NOMADS sistemi məhz ACSV platforması üzərində qurulub. Həmin şassi eyni zamanda “Skyranger 30” kimi digər hava hücumundan müdafiə sistemlərində də istifadə olunur. NOMADS sistemlərinin artıq döyüş növbətçiliyinə başlayıb-başlamadığı isə açıqlanmır.

Müqavilənin detalları və təhvil şərtləri barədə məlumat verilmir. GAU layihəsi “Kongsberg” şirkətindən məsələ ilə bağlı şərh ala bilmədiyini, Almaniya Müdafiə Nazirliyinin isə artıq bu mövzuda məlumat paylaşmadığını bildirib.

Almaniyanın Ukrayna üçün NOMADS sistemləri almaq niyyəti barədə ilk məlumatlar hələ 2024-cü ilin iyulunda yayılmışdı. Həmin ilin iyununda Norveçin “Kongsberg” şirkəti sistemin seriyalı istehsalına başlandığını elan etmişdi.

Sistem Danimarkanın “Weibel Scientific” şirkətinin istehsalı olan XENTA-M ailəsinə məxsus X diapazonlu radar ilə təchiz olunub. M5 versiyasında hava hədəflərinin aşkarlanma məsafəsi 75 kilometrə çatır.

İstehsalçı həmçinin sistemə “Saab Giraffe 1X”, “Spexer 2000M 3D MkIII” və “Oerlikon AMMR 2.0” radarlarının inteqrasiyasını da mümkün edib.

İnkişaf etdiricinin sözlərinə görə, sistem xüsusilə kiçik hava hədəflərinin, o cümlədən pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin məhv edilməsi üçün optimallaşdırılıb. NOMADS sistemində istifadə edilən IRIS-T raketi hava hədəflərini 12 kilometrədək məsafədə və 8 kilometrədək yüksəklikdə vurmağa qadirdir.

“Kongsberg” sifarişçinin tələbinə uyğun olaraq AIM-9X “Block 2” raketlərinin də inteqrasiya edilə biləcəyini açıqlayıb. Buraxılış qurğusu dörd raket daşımaq üçün nəzərdə tutulub.

Özünümüdafiə məqsədilə sistem M2 pulemyotu ilə təchiz edilmiş “Protector RS4” uzaqdan idarə olunan döyüş modulu ilə də təchiz oluna bilər. Şirkət bildirib ki, NOMADS döyüş modulu ölçü və yükdaşıma tələblərinə cavab verən digər platformalara da quraşdırıla bilər.

Hazırda sistemin rəsmi operatorları kimi Norveç və Niderland göstərilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   NOMADS  


Bizi "telegram"da izləyin