ABŞ HDQ P-8A “Poseidon” təlim sistemləri üçün “Boeing”ə 880 milyon dollarlıq müqavilə verib

2026/06/1781866434.jpg
Oxunub: 211     14:48     19 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri P-8A “Poseidon” dəniz patrul və sualtı qayıqlara qarşı mübarizə təyyarələrinin təlim infrastrukturunun inkişaf etdirilməsi və saxlanılması məqsədilə “Boeing” şirkəti ilə 880 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, iyunun 18-də imzalanmış müqavilə çərçivəsində “Boeing” yalnız ABŞ üçün deyil, həmçinin P-8A “Poseidon” təyyarələrindən istifadə edən müttəfiq ölkələrin təlim sistemlərinin inkişafı, modernizasiyası və texniki dəstəyinə cavabdeh olacaq.

Məlumata görə, müqavilənin icrası 2031-ci ilin iyun ayına qədər davam edəcək.

Proqram çərçivəsində yeni simulyatorların hazırlanması, mövcud təlim sistemlərinin modernizasiyası, proqram təminatı və avadanlıq yeniləmələri, eləcə də ehtiyat hissələri və logistika dəstəyi xidmətləri həyata keçiriləcək.

İşlərin təxminən 80 faizi “Boeing”in Missuri ştatının Sent-Luis şəhərində yerləşən müəssisələrində yerinə yetiriləcək. Qalan hissə isə ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Cənubi Koreya, Norveç, Yeni Zelandiya, Kanada və Sinqapurdakı təlim mərkəzlərində aparılacaq.

“Boeing” tərəfindən hazırlanmış P-8A “Poseidon” çoxməqsədli dəniz patrul təyyarəsi kommersiya məqsədli “Boeing 737” platforması əsasında yaradılıb.

Təyyarə AN/APY-10 dəniz müşahidə radarı, qabaqcıl akustik emal sistemləri, sonar şamandıralarının buraxılış qurğuları və elektro-optik hədəfləmə sistemləri ilə təchiz edilir.

P-8A sualtı qayıqların aşkarlanması və izlənməsi ilə yanaşı, suüstü hədəflərin müşahidəsi, kəşfiyyat fəaliyyəti və dəniz patrul tapşırıqlarını da yerinə yetirir. Platforma eyni zamanda Mk-54 torpedoları və AGM-84 “Harpoon” gəmi əleyhinə raketləri daşıyaraq birbaşa zərbə missiyalarında iştirak edə bilir.

Saatda 907 kilometr maksimal sürətə və 12 min 500 metr əməliyyat hündürlüyünə malik olan təyyarə geniş dəniz ərazilərində uzaqmənzilli tapşırıqları icra etmək qabiliyyətinə malikdir.

“Boeing”in məlumatına görə, dünya üzrə fəaliyyət göstərən P-8A parkı bu günədək 700 mindən çox uçuş saatı həyata keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri müqavilənin tender keçirilmədən birbaşa “Boeing”ə verildiyini açıqlayıb. Buna səbəb kimi şirkətin həm platformanın istehsalçısı, həm də təlim arxitekturasının yaradıcısı olması göstərilib.

Rəsmilər bildiriblər ki, təyyarənin tapşırıq sistemləri və proqram təminatında aparılan yeniliklərin təlim infrastrukturuna da inteqrasiya olunması zəruridir və buna görə başqa bir şirkətin eyni səviyyədə dəstək göstərməsi mümkün deyil.

Qeyd edək ki, “Boeing” 2026-cı ilin martında da P-8A parkının proqram təminatının modernizasiyası və texniki xidmətinə görə 167 milyon dollarlıq ayrıca müqavilə əldə etmişdi.

Müqavilədən Böyük Britaniya, Avstraliya, Almaniya, Kanada, Norveç, Yeni Zelandiya, Cənubi Koreya və Sinqapur da yararlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   P-8A   Poseidon  


Bizi "telegram"da izləyin