Ordu.az xəbər verir ki, bu barədə şirkət nümayəndəsi Parisdə keçirilən “Eurosatory” beynəlxalq sərgisi zamanı “Jeff2146” və “Helvegen” layihələrinə açıqlamasında bildirib.
Məlumata görə, yeni modifikasiya Ukraynanın müraciəti əsasında hazırlanıb. Məqsəd Rusiya radioelektron mübarizə sistemlərinin təsiri altında zərbə dəqiqliyini artırmaqdır.
Şirkət nümayəndəsinin sözlərinə görə, yeni lazerlə idarə olunan dəstlərin istehsalı artıq başlayıb və 2026-cı ilin birinci rübündən etibarən Ukraynaya ən azı 1000 belə döyüş başlığı çatdırılıb.
Sistemin əsas üstünlüyü trayektoriyanın son mərhələsində hədəfə dəqiq yönəlmə imkanı yaratmasıdır. Modernizasiya edilmiş 9M22U raketi və ya onun analoqları təyin olunmuş hədəfləri 3 metrədək dəqiqliklə vurmağa qadirdir.
Yeni idarəetmə modulunun çəkisi 5,5 kiloqram təşkil edir və onun quraşdırılması raketin uzunluğunu 375 millimetrdən az artırır. Raketin uçuş idarəetmə sistemi buraxılışdan sonra açılan və müstəqil idarə olunan dörd ön sükan səthindən istifadə edir.
Optik tuşlama sistemi 1064 nanometr dalğa uzunluğunda lazer əsasında işləyir. Modernizasiya olunmuş sursatlar standart BM-21 “Qrad” sistemlərindən, digər yaylım atəşli reaktiv sistemlərdən, eləcə də daşınan tək lüləli buraxılış qurğularından istifadə edilərək atıla bilər.
Raketlərin mənzili istifadə olunan raketin növündən asılı olaraq 20-40 kilometr arasında dəyişir. Sursatın marşrut uçuş mərhələsində özünün GNSS və inertial naviqasiya sisteminə əsaslanan hibrid tuşlama sistemi fəaliyyət göstərir.
EM&E şirkəti 2023-cü ildən etibarən Ukrayna Silahlı Qüvvələrinə GNSS və inertial naviqasiya texnologiyalarından istifadə edən 10 mindən çox Alkon 122-A22 korrektə dəsti təhvil verib.
Bu sistemlər “Qrad” raketləri üçün 15 metrədək yayınma göstəricisi təmin etsə də, Rusiya radioelektron mübarizə vasitələrinin peyk siqnallarını boğması onların effektivliyini azaldıb.
Yeni lazerlə idarə olunan sistem isə bu problemin aradan qaldırılması məqsədilə hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az