Ordu.az xəbər verir ki, “Eurodrone Lab” adlanan sınaq mərkəzi Almaniya, Fransa, İtaliya və İspaniyanın iştirakı ilə 2025-ci il aprelin 11-də istifadəyə verilib. Layihəni əsas icraçısı “Airbus” şirkətidir.
Yeni açılan laboratoriyada “Eurodrone” sisteminin həm yerüstü, həm də uçuş komponentləri – avadanlıq və proqram təminatı ayrıca şəkildə sınaqdan keçiriləcək, daha sonra isə tam inteqrasiya olunmuş şəkildə ümumi sistem testi aparılacaq. Məqsəd, sınaq proseslərini sürətləndirərək bu onilliyin sonunadək sistemin ilk uçuşunu reallaşdırmaqdır.
“Airbus” şirkətinin Almaniyanın Mançinq şəhərində yerləşən istehsalat xəttində ümumilikdə 60 ədəd PUA və 40 ədəd yerüstü idarəetmə məntəqəsini əhatə edən 20 sistemin istehsalı planlaşdırılır. Bu sistemlərin 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.
“Eurodrone” proqramı Avropa ölkələrinin özünəxas kəşfiyyat, müşahidə, hədəf təyinatı və kəşfiyyat (ISTAR) qabiliyyətlərini artırmaq məqsədilə hazırlanıb. Hazırda Avropa ölkələrinin bir çoxu PUA sahəsində strateji ehtiyaclarını Avropa İttifaqı xaricində istehsal olunan sistemlər hesabına qarşılayır ki, bu da Avropanın müdafiə sahəsində strateji müstəqilliyini sual altına alır.
Bu ehtiyacın ödənilməsi məqsədilə 2016-cı ilin avqustunda Belçika, Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın iştirakı ilə fəaliyyət göstərən OCCAR (Ortaq Silahlanma Əməkdaşlığı Təşkilatı) MALE RPAS – orta yüksəklikdə uzun müddət havada qala bilən uzaqdan idarə olunan hava sistemləri layihəsi üzrə tender elan edib. Bu layihə çərçivəsində “Airbus” (Almaniya), “Dassault” (Fransa) və “Leonardo” (İtaliya) şirkətləri ilə əməkdaşlıq razılaşması imzalanıb.
2018-ci ildə layihənin ilk maketi təqdim olunub, 2021-ci ildə isə Avropa Komissiyası tərəfindən EDIDP proqramı çərçivəsində maliyyə dəstəyi ayrılıb. Aİ tərəfindən maliyyə yardımı üçün ayrıca qarşılıqsız yardım sazişi də təsdiqlənib.
Layihənin ləng irəliləməsinə baxmayaraq, başqa ölkələrdən də iştiraka maraq var. Media məlumatlarına əsasən, Yaponiyanın və Hindistanın “Eurodrone” proqramına qatılmaq üçün müraciət etdiyi bildirilir. Lakin bu istiqamətdə hələlik konkret inkişaf müşahidə olunmayıb.
Sevinc Əliyeva
Ordu.az