Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “General Dynamics European Land Systems – Santa Bárbara Sistemas” (GDELS-SBS) və “KNDS Deutschland” əməkdaşlıq müqaviləsi imzalayıb.
Məlumata görə, razılaşma İspaniya ordusundakı “Leopard 2E” tanklarının təkmilləşdirilməsinə aiddir.
Bu kontekstdə “Leopard 2” əsas döyüş tankının orijinal avadanlıq istehsalçısı, dizayn meneceri “KNDS Deutschland” və tırtıllı, təkərli zirehli vasitələr üçün İspaniyanın aparıcı sistem təminatçısı olan GDELS-SBS öz texnoloji və sənaye təcrübələrini birləşdirir.
Bu əməkdaşlıq İspaniya ordusu üçün “Leopard 2E” parkını modernləşdirmək, “Leopard 2” sistemindən istifadə edərək, digər Avropa ölkələri ilə davamlı qarşılıqlı əlaqəni təmin etmək məqsədi daşıyır.
İki şirkət arasında uzunmüddətli əməkdaşlığı gücləndirən müqavilə 2024-cü ilin sonunda tamamlanıb.
Bundan əlavə, KNDS və GDELS Almaniyada yerləşən “EuroTrophy” adlı birgə müəssisə yaratmaq üçün İsrailin “Rafael” şirkəti ilə birləşib.
Bu əməkdaşlıq Almaniya ordusu üçün yeni “Leopard 2 A8”in əsas komponenti olan “Trophy” Aktiv Qoruma Sisteminin (APS) istehsalına yönəlib.
Bu səylər sayəsində GDELS-SBS İspaniya ordusunun “Leopard 2E” parkının gələcək təkmilləşdirilməsində əsas rol oynayacaq.
Sevinc Əliyeva
Ordu.az