Ordu.az xəbər verir ki, layihə donanmanın paylanmış dəniz əməliyyatları konsepsiyasının inkişafı istiqamətində mühüm addım hesab olunur.
Gələn ay başlanacaq dəniz sınaqlarında uğur qazanan şirkətlər 15 milyon ABŞ dolları həcmində aralıq maliyyələşdirmə əldə edəcək və seriyalı istehsal mərhələsinə keçid hüququ qazanacaqlar. Tədarük və sınaq proseslərinin 2026-cı il oktyabrına qədər başa çatdırılması planlaşdırılır.
Qısa siyahıya “Leidos”, “Huntington Ingalls Industries”, “Saronic Technologies”, “Sea Machines”, “Birdon”, “PacMar Technologies” və “Galliano Marine Services” daxil edilib.
ABŞ donanması yeni yanaşma çərçivəsində yalnız iri müdafiə şirkətlərinə deyil, həm də innovativ və kiçik gəmiqayrma müəssisələrinə imkan yaratmağı hədəfləyir. Bu məqsədlə “MUSV Marketplace” konsepsiyası tətbiq olunur.
Yeni model çərçivəsində sıfırdan hərbi platforma hazırlamaq əvəzinə, özünü doğrultmuş mülki və kommersiya avtonom texnologiyalarının hərbi məqsədlər üçün uyğunlaşdırılması nəzərdə tutulur.
Yayımlanan texniki tələblərə əsasən, MUSV platformaları orta dərəcəli dəniz şəraitində 25 ton yük daşımaqla 25 düyün sürətlə 2500 dəniz mili məsafə qət edə bilməlidir. Platformalar gecə-gündüz tam avtonom fəaliyyət göstərməli, dalğa hündürlüyünün 6-9 metrə çatdığı Dəniz Vəziyyəti 7 şəraitində fəaliyyət qabiliyyətini qorumalıdır.
Əsas tələblərdən biri radioelektron mübarizə mühitində işləmə qabiliyyətidir. Bunun üçün platformalar bütün radiofrekans yayımlarını dayandıraraq yalnız passiv sensorlarla fəaliyyət göstərə bilən “RF Passiv Rejimi”nə malik olmalıdır.
ABŞ donanması bu proqram vasitəsilə xüsusilə Hind-Sakit okean əməliyyat məkanında Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin say üstünlüyünü azaltmağı hədəfləyir.
Hazırda xidmət göstərən “Sea Hunter”, “Sea Hawk”, “Mariner” və “Ranger” insansız dəniz platformalarından əldə edilən təcrübə əsasında əməliyyatdakı insansız platformaların sayının 2030-cu ilə qədər 4-dən 30-a çatdırılması planlaşdırılır.
Sınaqlardan sonra seçiləcək podratçının 2027-ci maliyyə ilində 5-10 ədəd əməliyyat MUSV platformasını birbaşa ABŞ donanmasına təhvil verməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az