Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-nin Kiyevlə hərbi yardım və kəşfiyyat məlumatlarını bölüşməyə davam etmək qərarından sonra Ukraynaya göndəriləcək silahlar arasında yerdən buraxılan GLSDB-nin modernləşdirilmiş variantlarının da olduğu bildirilir.
GLSDB ötən dövrdə Ukraynada ilk dəfə döyüşlərdə iştirak edib, lakin xüsusilə Rusiyanın Radioelektron Mübarizə (REM) sistemlərinin təsirləri səbəbindən zəif çıxış etdiyi qeyd edilir. Bu kontekstdə sistemin sonuncu dəfə “aylar əvvəl” istifadə edildiyi də bildirilir.
“The War Zone”un məlumatına görə, Ukraynaya göndəriləcək GLSDB-lərin növbəti partiyası Rusiyanın REM sistemləri ilə daha yaxşı mübarizə aparmaq üçün modernləşdirilib.
Kiyevin ABŞ-nin Rusiya ilə 30 günlük atəşkəs təklifini dəstəkləməyə hazır olduğunu elan etməsinin ardından ABŞ prezidenti Donald Tramp administrasiyası silah tədarükünə davam etməyə razılıq verdikdən sonra GLSDB yenidən Ukrayna üçün masaya gətirilib.
Bu kontekstdə GLSDB xüsusilə Ukraynanın ATACMS ehtiyatı əhəmiyyətli dərəcədə tükəndikdən sonra yaranan boşluğu doldurmaq üçün lazımdır.
Sevinc Əliyeva
Ordu.az