Orta Dəhlizindən “Ortaq” dəhlizə: Ankara Bəyannaməsi

2025/03/NMUQd-1741241732.jpg
Oxunub: 791     14:28     06 Mart 2025    
Son illərdə Avrasiya coğrafiyasındakı ən mühüm hadisələrdən biri şübhəsiz ki, Türk Respublikaları arasında sürətlə inkişaf edən əməkdaşlıqdır. Türk dövlətləri istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadiyyatdan müdafiəyə, diplomatiyadan mədəniyyətə qədər bir çox sahədə mühüm məsafələr qət etdi. Türk Respublikaları arasındakı yaxınlaşmada tarixi və mədəni bağlarla yanaşı bir çox faktorun da təsiri var. Türk Respublikalarının Rusiya və Çinə alternativ axtarışı, Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarını azad etməsi prosesində Türkiyənin verdiyi dəstək və Türkiyənin beynəlxalq arenada artan gücünü bu faktorlar arasında saya bilərik.

Bu kontekstdə, son günlərdə mühüm bir inkişaf daha yaşandı. Ankara 29 yanvarda Türkiyə, Azərbaycan və Özbəkistanın Xarici İşlər, Ticarət, İqtisadiyyat və Nəqliyyat Nazirlərinin Üçtərəfli Görüşünün ikincisinə ev sahibliyi etdi. Bu görüşlərin nəticəsində Ankara Bəyannaməsi yayımlandı. Görüşün adı əslində tək başına həm bəyannamənin məzmunu, həm də ümumiyyətlə zirvənin gündəmi haqqında ipucları verir.

Orta Dəhlizin strateji əhəmiyyəti

Görüşdə üç ölkənin nazirləri, Türk Respublikaları arasında əməkdaşlığı artıracaq iqtisadiyyatdan nəqliyyata, beynəlxalq problemlərdən humanitar yardımlara qədər bir çox mövzunu müzakirə etdilər və çoxsaylı qərarlar aldılar. Xüsusilə, üzərində durulması lazım olan məsələlərin başında Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin inkişaf etdirilməsi qərarı gəlir.

Türkiyədən başlayaraq Qafqaza, buradan da Xəzər dənizini keçərək Türküstan və Çinə çatan Orta Dəhliz tarixi İpək Yolu layihəsinin canlandırılması baxımından mühüm rol oynadığı kimi adı çəkilən ölkələrə də ciddi fürsətlər təqdim edir. Orta Dəhliz, eyni zamanda Avropa-Çin ticarət trafikindən mühüm iqtisadi faydalar əldə etməyi təmin edir. Tərəflər Orta Dəhliz potensialının artırılması üçün Avropa Qafqaz Asiya Nəqliyyat Dəhlizi (TRACECA) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mövcud layihələrin irəliləməsinin də əhəmiyyətini vurğuladılar.

Orta Dəhlizin Türk Respublikalarının öz aralarındakı iqtisadi əlaqələri və ticarət həcmini artırmaları baxımından böyük töhfələri olacaq. Üstəlik son illərdəki yaxınlaşma və çoxtərəfli əməkdaşlığa baxmayaraq Türk Respublikaları arasındakı ticarət həcmi aşağıdır. Türk Respublikalarının hamısının ən böyük ticarət tərəfdaşı isə ya Rusiya, ya da Çindir.

Orta Dəhlizin inkişaf etdirilməsi qərarı ilə yanaşı TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin qurulması və öz aralarında ticarəti asanlaşdırma qərarının alınması da bu kontekstdə böyük əhəmiyyət kəsb edir. Yenə bəyannamədə bəhs edilən gömrük əməliyyatlarının rəqəmsallaşdırılması məsələsi də üzərində durulması və inkişaf etdirilməsi lazım olan mühüm məsələlərdən biridir.

TDT üzv ölkələri arasındakı strateji tərəfdaşlıq

Görüşdə gündəmə gələn başqa bir məsələ, Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun yaxşılaşdırılmasıdır. Sözügedən bölgələrə investisiya qoyulması, minalardan təmizlənməsi, azərbaycanlıların vətənlərinə geri dönüş proseslərinin asanlaşdırılması və Azərbaycana dəstəyin artırılması bölgənin təhlükəsizliyi üçün əhəmiyyətlidir. Bu çərçivədə, tərəflər Qarabağ və Şərqi Zəngəzur bölgələrində ortaq investisiya layihələri həyata keçirmə mövzusunda da razılığa gəldilər. Bu maddə, Türk dünyasının gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir.

Belə ki, yuxarıda da qeyd edildiyi kimi Azərbaycanın Türkiyənin dəstəyi ilə işğal altındakı torpaqlarını azad etməsi, Türkiyənin Türk Respublikaları ilə və ümumiyyətlə TDT çərçivəsində yaxınlaşmanı artırdığı kimi, bəyannamədə qeyd edilən sözügedən yardımlaşma, həm bölgədə Azərbaycanın mövqeyini gücləndirərək geriyə qalan problemlərin həllində yanında mühüm dəstəkçilərinin olduğunu göstərəcək, həm də konkret şəkildə tərəflər arasında əməkdaşlığı artıracaq.

Belə ki, bəyannamədə tarixi və mədəni təmələ dayanan əlaqələrin qarşılıqlı maraq çərçivəsində güclü bir strateji tərəfdaşlığa zəmin hazırladığı bildirilir. Türk Respublikaları arasında əməkdaşlığın artması, sözügedən yaxınlaşma üçüncü ölkələrə qarşı reallaşdırılmasa da, bölgədəki tarazlıqlar baxımından olduqca əhəmiyyətlidir. Belə ki, yanvarın 17-də bölgənin digər iki ölkəsi olan Rusiya ilə İran strateji tərəfdaşlıq müqaviləsini imzalayaraq bir çox sahədə ortaq hərəkət etmə qərarı aldılar.

Bəyannamədə diqqət çəkən məsələlərdən biri də, Əfqanıstana humanitar yardımların edilməyə davam edilməsinin və 2024-cü ildə qurulan TDT Əfqanıstan İşçi Qrupunun fəaliyyətini artırmasının qərara alınmasıdır. Əfqanıstanda sabitliyin təmin edilməsi, Orta Asiyanın sabitliyinə də birbaşa təsir göstərir. TDT-nin öz aralarındakı əlaqələrlə yanaşı regional problemlərlə maraqlanması isə beynəlxalq təşkilatların funksionallığını itirdiyi bir mühitdə TDT-nin nüfuzunun artırılması baxımından olduqca mühümdür.

Üstəlik tərəflər yalnız Əfqanıstan məsələsini deyil, Fələstin məsələsini də gündəmə gətirdilər və problemin iki dövlətli həll əsasında həll edilməsi lazım olduğunu vurğuladılar. Türkiyə həm Əfqanıstan, həm də Fələstin məsələlərində ciddi töhfə verən ölkələrdən biridir. TDT-yə üzv ölkələrin bu cür problemlərdə Türkiyə ilə birlikdə hərəkət etmələri həm Türkiyənin mövqeyini gücləndirəcək, həm də özləri üçün beynəlxalq arenada yeni fürsətlər yaradacaq.

Nəticə etibarilə, Ankara görüşündə alınan qərarlar da, TDT çərçivəsində həyata keçirilən layihələr də, bütün üzv ölkələrin marağına uyğun olub, tərəflər arasında güclü strateji tərəfdaşlığın inkişafını təmin edir və üzv ölkələri öz bölgəsində mühüm oyunçulara çevirir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Bəyənnamə   Orta-Dəhliz  


Bizi "telegram"da izləyin