Türkiyədən Rusiya və İrana xəbərdarlıq: “Cavab daşı atıla bilər”

2025/03/1740821394.jpg
Oxunub: 1382     16:28     01 Mart 2025    
Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Jazera”ya müsahibə verib və bu müsahibənin əhəmiyyətli detallarını “Anadolu” agentliyi ötürüb. Fidanın şərhləri arasında İranla münasibətlərə dair fikirlər diqqət çəkir. Türkiyənin xarici işlər nazirinə sual verilib ki, Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriyada mövqelərin zəifləməsini Tehranın Fərat çayının şərqindəki ərazilərdə YPG ilə əlaqələri möhkəmləndirməklə kompensasiya etməyə çalışacağını düşünürmü? Fidan isə cavabında “İranın əvvəlki siyasətini davam etdirməsinin düzgün olmayacağını” bildirib.

“Əgər siz başqa bir ölkədə hər hansı bir qrupu dəstəkləməklə narahatlıq yaratmaq istəyirsinizsə, onda başqa bir ölkə də sizin ölkənizdə digər qüvvələri dəstəkləməklə sizə narahatlıq yaratmaq istəyəcək”, - deyə Türkiyənin xarici işlər naziri bildirib. Onun qiymətləndirməsinə görə, dünyada artıq heç nəyi gizlətmək mümkün deyil, sizin malik olduğunuz imkanlar başqalarında da var, ona görə də əgər siz pəncərənizə daş atılmasını istəmirsinizsə, siz də başqasının pəncərəsinə daş ata bilməzsiniz.

İranla münasibətlərin tənzimlənməsi barədə suala cavabında Fidan bildirib ki, İranda bəzi qruplar Suriya və İraq məsələsinə itkilər və qazanclar baxımından yanaşa bilərlər, lakin “ölkənin ağıllı dövlət xadimləri bunu başqa cür anlaya bilərlər”. Bu, Türkiyə-İran diplomatik təmaslarının son vaxtlar mürəkkəb olduğunu göstərir. “Suriya suriyalı xalqın qələbəsidir və heç kim onun suverenliyinə qarşı çıxmamalıdır”, - deyə Türkiyənin xarici işlər naziri şərh edib.

O bildirib ki, XVIII-XIX əsrlərin ideyaları ilə hərəkət etmək və “istismarçıya” çevrilmək olmaz, regionda heç bir ölkə Suriyaya qarşı belə iddialara sahib ola bilməz, hamı “bərabərhüquqlu əməkdaşlığa” can atmalıdır və “Rusiya və İran heç nə edə bilməz, Suriya öz problemlərini müstəqil həll etməlidir”.

“Anadolu”nun verdiyi məlumata görə, Fidanın müsahibəsi fevralın 26-da baş tutub. O, PKK terror təşkilatının ömürlük azadlıqdan məhrum edilmiş lideri Öcalanın Türkiyə və Suriyadakı terror ünsürlərinə silahları yerə qoymağı və siyasi inteqrasiya yolunu seçməyi tövsiyə edəcəyinə əmin olduğunu bildirib. Türkiyənin xarici işlər naziri bildirib ki, Suriyanın ictimai birliyinin əsasını konstitusional vətəndaşlıq təşkil etməlidir.

Türkiyə, məlum olduğu kimi, Suriyada ərazi bütövlüyü və unitar strukturu qorumaq tərəfdarıdır. Bu məsələdə Ankara ilə Tehran arasında mübahisələr var, çünki Fidan İrandakı dövlət adamlarına “əgər öz pəncərələrinə daş atılmasını istəmirlərsə, başqalarının pəncərəsinə daş atmasınlar” deyə xəbərdarlıq edir. Söhbət Suriyadan gedir, lakin Türkiyə tərəfindən “cavab daşı” atıla bilər.

İran öz növbəsində etnik kimliklərin oyanaşı ilə üz-üzədir. Bu, yalnız türk dilli əhali deyil, həm də kürdlər və bəluçlarla bağlıdır. Türkiyənin xarici işlər naziri açıq şəkildə bildirir ki, əgər İran Fəratın qırağındakı YPG-ni dəstəkləsə, Ankara öz təsir vasitələrini işə salacaq. Eyni zamanda, Türkiyənin xarici işlər naziri müdaxilə etməmək üçün Rusiyaya da açıq çağırış edir. Həmin vaxt Rusiya xarici işlər naziri Lavrovun qısa müddət əvvəl Ankaraya səfər etdiyi və hətta Türkiyə prezidentinin qəbuluna layiq görüldüyü məlumdur. Fidan həmin müsahibədə ABŞ-nin də PKK ilə “münasibətləri yenidən nəzərdən keçirəcəyinə” ümid etdiklərini bildirib.

Ankaranın son dərəcə mürəkkəb bir oyun başlatdığı görünür; PKK terror ünsürlərinin ləğvi Türkiyədə xarici qüvvələr tərəfindən formalaşdırılmış problemlərin aradan qaldırılması deməkdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   PKK  


Bizi "telegram"da izləyin