Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - YENİLƏNİB (FOTOLAR)

2025/02/67bc8-1740410063.jpg
Oxunub: 832     18:50     24 Fevral 2025    
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Ordu.az-ın verdiyi xəbərə görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə təşkil olunan anım tədbiri Xocalı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut və faciəni əks etdirən qısa filmlə başlayıb.

TADİV-in sədri, Türkiyə Respublikası Prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvü Aygün Attar çıxışında Türkiyə Böyük Millət Məclisinə (TBMM) hər il Xocalı şəhidlərini anma tədbirinə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib. Aygün Attar Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğunu qeyd edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xocalı soyqırımını ermənilərdə türklərə qarşı formalaşmış nifrət ideologiyası ilə əlaqələndirib, XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində, eyni zamanda, Şərqi Anadoluda ermənilər tərəfindən törədilmiş qətliamları xatırladıb. Diplomat qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri millətimizə qarşı törədilmiş soyqırımları dünyaya obyektiv şəkildə çatdırmaqdır.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Xocalıda baş verən soyqırımına dünyanın göz yumduğunu təəssüflə qeyd edərək, soyqırımın heç vaxt unudulmayacağını ifadə edib. Azərbaycanın torpaqlarını işğaldan azad edərək şəhidlərin qanını yerdə qoymadığını ifadə edən millət vəkili Qafqaz bölgəsində davamlı sülhə nail olmaq üçün Ermənistanın öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının həmsədri Həsən Həsənov Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Türkiyənin mətbuat nümayəndələrinin rolunu xüsusi qeyd edib, Azərbaycanın ağır günlərində Türkiyə tərəfindən göstərilən yardımlardan danışıb.

Daha sonra çıxış edən TBMM deputatları Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu, soyqırımın yalnız Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədildiyini qeyd ediblər və soyqırımın beynəlxalq səviyyədə tanınması üçün çalışmağa davam edəcəklərini bildiriblər.

Anım tədbirinin davamında Xocalı soyqırımına həsr olunmuş panel təşkil olunub.

Paneldə Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Ombudsmanı Mehmet Akarca Xocalı soyqırımının hüquqi və insani yönlərinə diqqət çəkiblər.

Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi barədə ətraflı məlumat verib. Səbinə Əliyeva 33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini qeyd edib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayıb. Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın, o cümlədən Xocalı soyqırımı zamanı 150 soydaşımızın itkin düşdüyünü bildirən Ombudsman dəfələrlə Ermənistana müraciət edilməsinə baxmayaraq, həmin şəxslərin taleyi ilə bağlı hələ də dəqiq məlumatın əldə olunmadığını bildirib. Ombudsman Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət” kampaniyası barədə də məlumat verib.

Mehmet Akarca Türkiyənin Ombudsman Aparatının Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə etdiyi səfərlərdən danışıb, bununla bağlı hesabatın hazırlanaraq beynəlxalq tərəfdaşlara təqdim edildiyini bildirib.

***

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr şöbəsinin konfrans zalında Xocalı soyqırımına həsr edilən anım mərasimi və panel keçirilib.

Ordu.az xəbər verir ki, tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə baş tutub.

Tədbirdə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) rəhbəri, Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın keşmiş baş naziri və xarici işlər naziri, türk dünyasının ağsaqqalı, dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, TBMM-in Baş katibi Talip Uzun, Türkiyənin “Yeni Yol” Partiyasından olan millət vəkili Selcuk Özdağ, Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Filiz Kılıc, İyi Partiyadan olan millət vəkili Ayyüce Türkeş, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Uğur Bayraktutanın çıxışları dinlənib.

Çıxışçılar cinayətin 33-cü ildönümündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi soyqırımının təkrarlanmasının qarşısının alınması baxımından Xocalıda törədilən dəhşətli cinayətdə əli olan bütün şəxslər barəsində tarixi ədalətə nail olunması və onların məsuliyyətə cəlb edilməsi vacibliyini bildiriblər. Və qeyd olunub ki, Türk dövlətləri bir araya gələrək təkcə türk millətinə deyil, bütün millətlərə soyqırım edilməməsi üçün təbliğatlar aparılmalıdır.

Sonra Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman )Səbinə Əliyevanın Türkiyənin Baş Ombudsmanı Mehmet Akarça “Xocalı soyqırımı: Tarixi ədalət və unudulmaz ağrı” adlı panel çərçivəsində çıxış edərək bildiriblər ki, Xocalıya ədalət çağırışları bu soyqırım hadisəsi bütün dünyada beynəlxalq cinayət olaraq qəbul olunanadək davam edəcək.

Tədbir iştirakçıları sonra Xocalı soyqırımı ilə bağlı sərgi ilə tanış olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: TBMM   Xocalı-soyqırımı  


Bizi "telegram"da izləyin