Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İran arasında strateji su yolunda gəmiçiliyin bərpasını nəzərdə tutan mümkün razılaşmadan sonra missiya bir neçə gün ərzində yerləşdirilə bilər.
Mənbələrin bildirdiyinə görə, əməliyyatda artıq hərbi heyət və texnika ayırmağa razılıq vermiş təxminən 15 ölkə iştirak edə bilər. Əsas qüvvələrin yerləşdirilməsinin Vaşinqton və Tehran arasında razılıq əldə edildikdən sonra başlanması planlaşdırılır.
Bu razılaşma ticarət gəmiçiliyinin sərbəst hərəkətini bərpa etməli və bölgədə hərbi bölmələrin təhlükəsiz fəaliyyət göstərməsi üçün şərait yaratmalıdır. Hazırda dünya ticarətinin əsas marşrutlarından biri olan bölgədə vəziyyət gərgin olaraq qalır.
ABŞ və İran arasında son qarşıdurmalar və gərginliyin azaldılması istiqamətində aparılan danışıqlar fonunda Fars körfəzi bölgəsində gəmiçilik demək olar ki, dayanıb.
Mənbələr bildiriblər ki, bir sıra ölkələrin hərbi planlaşdırıcıları boğazın minalardan təmizlənməsi əməliyyatı üzrə hazırlıq işlərinin böyük hissəsini artıq tamamlayıblar.
Onların iddiasına görə, minalar İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri tərəfindən yerləşdirilmiş ola bilər. Bununla yanaşı, əlavə texnikaya, xüsusilə də dəstək gəmilərinə ehtiyac qalmaqdadır.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ticarət gəmiçiliyi üçün mina təhlükəsinin böyük ölçüdə aradan qaldırıldığını bildirmişdi. ABŞ dövlət katibi Marko Rubio isə İranın boğazın əhəmiyyətli hissələrini minaladığını iddia edib.
Qeyd olunur ki, planlaşdırılan missiya ABŞ və İran arasında mümkün razılaşmadan sonra Qərb ölkələrinin Fars körfəzində sabitliyi təmin etmək səylərinin bir hissəsi olacaq.
Böyük Britaniya artıq bölgəyə minaların aşkarlanması və zərərsizləşdirilməsi sistemləri ilə təchiz olunmuş “RFA Lyme Bay” gəmisini göndərib.
Sevinc Əliyeva
Ordu.az