Ordu.az xəbər verir ki, tədbirdə 35 nümayəndə heyəti, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndə iştirak edib.
15-ci Plenar sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova sessiya iştirakçılarını salamlayaraq, bu plenar sessiyada iştirak etdikləri üçün bütün parlamentlərin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib. O, qeyd edib ki, bu, əməkdaşlığımızı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.
Milli Məclisin sədri çıxışının sonunda birgə səylərlə Asiya Parlament Assambleyasının potensialının tam şəkildə açılacağına, onun effektivliyinin maksimum dərəcədə artacağına inamını ifadə edib. Azərbaycan parlamentinin spikeri bugünkü plenar iclasın bizim ümumi öhdəliyimizin aydın sübutu olduğunu diqqətə çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.
Sonra Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edib.
Baş katib sessiyanın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinə və parlamentin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib. O, ölkəmizin Asiya Parlament Assambleyasına sədrliyinin uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tərəfinin bu təşkilata sədrliyə ilə qarşıda duran məqsədlərə birgə səmərəli əməkdaşlıq nəticəsində nail ola biləcəyik.
Sonra sessiyada Asiya Parlament Assambleyasına üzv ölkələrin parlament sədrləri, sədr müavinləri və üzvləri, o cümlədən Bəhreyn Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lungten Dorci, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Mohd Altayer, Fələstin Milli Şurasının sədr müavini Ali Faysal, İordaniya Milli Assambleyasının Nümayəndələr Palatası sədrinin müavini Əhməd Hamisat, Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul, Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen çıxış ediblər, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib, Asiya Parlament Assambleyasının Azərbaycanın sədrliyi dövründə böyük uğurlar qazanacağına inam ifadə olunub. İştirakçılar bu gün APA-nın regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində mühüm rolundan söhbət açıblar. Qurumun regionda davamlı inkişafın, insan hüquqlarının, sülh və sabitliyin təşviqi, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə önəm verdiyi bildirilib, bununla bağlı ümumi məqsədlərə çatmaq üçün həyata keçirilən tərəfdaşlığın vacibliyindən bəhs edilib.
Fasilədən sonra öz işini davam etdirən plenar sessiyada gündəlik qəbul edilib. APA-nın Bürosu seçilib.
Sessiyada Milli Məclisin APA-da nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev məruzə ilə çıxış edib.
Tədbirdə APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
Sessiyada, həmçinin, Oman Sultanlığına tamhüquqlu üzv statusunun, Belarus Respublikasına müşahidəçi statusunun təqdim olunması ilə bağlı məsələlərə baxılıb.
Yığıncaqda “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda müzakirələr davam etdirilib.
Həmin gün, eyni zamanda, plenar sessiya çərçivəsində APA-nın Sosial və mədəni məsələlər, Büdcə və planlaşdırma daimi komitələrinin iclasları da keçirilib, bu komitələrin profilinə uyğun məsələlərə dair qərar layihələri müzakirə olunub.
APA-nın 15-ci plenar sessiyası öz işini sabah davam etdirəcək.
Ordu.az