Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüşdən sonra Ərdoğan və Şərif iki ölkə arasında qəbul edilmiş “Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi, Diversifikasiyası və İnstitusionallaşdırılması” adlı birgə bəyannaməni imzalayıblar.
Daha sonra iki ölkə arasında müxtəlif sahələrdə 24 əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu çərçivədə iki ölkə arasında hərbi sahədə 3 müqavilə imzalanıb. Müqaviləni Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Pakistanın müdafiə naziri Xavaca M. Asif imzalayıblar.
İmzalanan müqavilələr bunlardır:
- Hərbi və mülki heyətin sosial və mədəni məqsədlərlə mübadiləsi haqqında protokol,
- Hərbi Hava Qüvvələrinin radioelektron mübarizə üzrə əməkdaşlıq anlaşma memorandumu,
- Hərbi səhiyyə sahəsində təlim və əməkdaşlıq haqqında protokol.
Bundan əlavə, Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə Pakistanın Müdafiə İstehsalatı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Müqaviləni Türkiyə MSK sədri Haluk Görgün və Pakistanın müdafiə istehsalı naziri Xavaca M. Asif imzalayıblar.
Türkiyə MSK bu müqavilənin Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi layihələrini daha da inkişaf etdirmək və uzunmüddətli tərəfdaşlıqları gücləndirmək məqsədi daşıdığını bildirib.
“İki ölkə arasında köklü dostluq və strateji əməkdaşlıq bir çox sahələrdə, o cümlədən müdafiə sənayesində dərinləşməkdə davam edir. Türkiyə dost və qardaş ölkələrlə əməkdaşlığı davam etdirərək, müdafiə sənayesində texnoloji bilikləri, innovativ həlləri ilə regional və qlobal təhlükəsizliyə töhfə verməyə davam edəcək”, - deyə məlumatda vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az