ABŞ-də konqresmenin aparat rəhbərinə Kapitoliyə silah keçirmə ittihamı irəli sürülüb

2026/06/1780773658.jpg
Oxunub: 224     23:10     06 İyun 2026    
Texas ştatından olan respublikaçı konqresmen Pit Sessionsun aparat rəhbəri Luis Anxel Veqaya ABŞ Kapitolisi ərazisinə qanunsuz odlu silah keçirmə ittihamı irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalının tanış olduğu məhkəmə sənədlərində qeyd olunub.

Məlumata görə, hadisə ötən ilin dekabr ayında baş versə də, rəsmi ittiham yalnız bir neçə ay sonra irəli sürülüb. Veqa çərşənbə günü Kolumbiya Dairəsi məhkəməsinə çıxarılıb, iş üzrə ilk dinləmə isə cümə günü keçirilib.

Ona yaşayış yerindən kənarda lisenziyasız silah gəzdirmək və Kapitoliyə odlu silah keçirmək maddələri ilə iki ittiham irəli sürülüb.

İstintaq materiallarına əsasən, təhlükəsizlik əməkdaşları Nümayəndələr Palatasının inzibati binalarından birinin girişində aparılan yoxlama zamanı Veqanın çantasında tapança və sursat aşkarlayıblar. Silah aşkar edildikdən sonra ona onu avtomobilində saxlamaq və yenidən yoxlamadan keçmək təklif olunub.

Kapitoli polisinin telefon vasitəsilə apardığı sorğu zamanı Veqa silah daşımaq üçün lisenziyasının olmadığını etiraf edib. O bildirib ki, adətən konqresmenlə birlikdə binaya daxil olur və bu zaman standart təhlükəsizlik yoxlamasından keçmir. Hadisə günü isə binaya tək daxil olub və silahın çantasında qaldığını unutduğunu deyib.

Məhkəmə onun zaminlik təyin edilmədən azadlığa buraxılması barədə qərar verib. Növbəti məhkəmə iclasının iyunun 10-na təyin olunduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kapitoli  


Bizi "telegram"da izləyin