"Reuters": ABŞ İran aktivlərinin Fars körfəzindəki müttəfiqlərinə verilməsini nəzərdən keçirir

2026/05/1778133830.jpg
Oxunub: 202     03:12     07 İyun 2026    
ABŞ administrasiyası Tehran tərəfindən onlara vurula biləcək zərərin kompensasiyası məqsədilə Fars körfəzindəki müttəfiqlərinə İran aktivlərinə çıxışı açmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Fars körfəzi zonasındakı tərəfdaşlarına dəstək göstərilməsi, bərpa işlərinin aparılması və gələcəkdə İranın vura biləcəyi zərərin nəticələrinin aradan qaldırılması üçün İran aktivlərindən istifadə imkanını təmin edəcək.

Materialda qeyd olunub ki, Amerika tərəfi həmçinin artıq vurulmuş zərərin ödənilməsi üçün İran aktivlərindən istifadə variantını öyrənir. ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent ekspertlərə İranın qeyd olunan dövlətlərə vurduğu zərərin məbləğini qiymətləndirməyi tapşırıb.

Konkret hansı İran aktivlərinin nəzərdə tutulduğu bildirilmir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin