NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım paketini müzakirə edir

2025/03/7d9d0-1742360665.jpg
Oxunub: 276     21:33     06 İyun 2026    
NATO ölkələri Ukraynaya hərbi dəstəyin davam etdirilməsi məqsədilə 70 milyard avro həcmində yeni yardım öhdəliyinin qəbul edilməsini müzakirə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri alyansın diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, müvafiq təşəbbüs iyul ayında Ankarada keçiriləcək NATO sammitində təqdim oluna bilər. Təklif Almaniya tərəfindən irəli sürülüb və yalnız maliyyə vəsaitinin ayrılmasını deyil, həm də ayrı-ayrı dövlətlərin Kiyevə dəstəyə verdiyi töhfələrin daha dəqiq hesablanmasına imkan verəcək yeni şəffaflıq mexanizminin yaradılmasını nəzərdə tutur.

Diplomatların sözlərinə görə, alyansın bəzi üzvləri hesab edir ki, hazırda Ukraynanın maliyyələşdirilməsi yükü NATO ölkələri arasında bərabər bölüşdürülmür.

NATO-nun yüksək vəzifəli nümayəndələrindən biri bildirib ki, təşəbbüsün əsas məqsədi Ukraynaya dəstəyin uzunmüddətli və daha ədalətli sistem əsasında təmin edilməsidir.

Müzakirə olunan plana əsasən, təxminən 30 milyard avro Avropa İttifaqının artıq təsdiqlədiyi, Ukraynaya ayrılmış 90 milyard avroluq ikiillik kredit yardım paketindən təmin ediləcək. Daha 40 milyard avronun isə NATO ölkələri tərəfindən ikitərəfli öhdəliklər çərçivəsində ayrılması nəzərdə tutulur.

Ukraynaya gələcək dəstək məsələsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kiyevə yeni hərbi yardımın ayrılmasını faktiki olaraq dayandırmasından sonra daha da aktuallaşıb. Hazırda Vaşinqton əsasən Avropadakı müttəfiqlərinin maliyyə dəstəyi hesabına Ukraynaya silah tədarük edir.

Bildirilib ki, hərbi yardım məsələsi iyulun 7-8-də keçiriləcək NATO sammitinin əsas müzakirə mövzularından biri olacaq. NATO-nun Baş katibi Mark Rütte ilə son görüşündə Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqləri “Patriot” hava hücumundan müdafiə sistemləri və sursat tədarükünü sürətləndirməyə çağıraraq ölkəsinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, bəzi avropalı siyasətçilər ümumavropa kredit paketinin vəsaitlərindən istifadənin ayrı-ayrı dövlətlərin Ukraynaya əlavə ikitərəfli yardım göstərmək istəyini azalda biləcəyindən narahat olduqlarını bildiriblər. Onların fikrincə, yeni öhdəliklər mövcud dəstək proqramlarını əvəz etməməli, onları tamamlamalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin