Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, NATO ilə güclənən hərbi əməkdaşlığın yeni göstəricisi olaraq Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus dörd zabit ilk dəfə NATO-nun Ukrayna missiyasında vəzifə yerinə yetirəcək.
Onlar Almaniyanın Visbaden şəhərində yerləşən NATO-nun Ukrayna Təhlükəsizlik Yardımı və Təlim Təşkilatında (NSATU) xidmət edəcəklər.
2024-cü ilin iyulunda yaradılmış bu qurum Ukraynaya təhlükəsizlik yardımının planlaşdırılması və çatdırılmasının koordinasiyası ilə məşğul olur. Yaponiyanın göndərdiyi şəxsi heyət dəstəyinin NATO ilə strateji tərəfdaşlıqda mühüm dönüş nöqtəsi olacağı gözlənilir.
“The Japan Times” qəzetinin məlumatına görə, təyin olunan zabitlər Rusiya-Ukrayna müharibəsi çərçivəsində Ukrayna ordusuna avadanlıq və təlim dəstəyinin koordinasiyasında digər müttəfiqlərlə birlikdə çalışacaqlar.
Onlar həmçinin tərəfdaş ölkələrlə əlaqələndirici zabit funksiyasını yerinə yetirəcəklər.
İki zabit Yaponiya Quru Özünümüdafiə Qüvvələrindən, biri Hərbi Hava, biri isə Hərbi Dəniz Özünümüdafiə Qüvvələrindən seçilib. Dörd zabitin birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcəyi bildirilib.
Müdafiə Nazirliyi qeyd edib ki, bu təyinat Ukraynadakı müharibədən, o cümlədən yeni müharibə metodlarından dərslər çıxarmaqla Yaponiyanın öz müdafiə qabiliyyətini gücləndirməsinə kömək edəcək.
Nazirliyin fikrincə, Avro-Atlantik və Hind-Sakit okean regionlarının təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır və bu addım Yaponiya ilə NATO arasında əməkdaşlığı daha da dərinləşdirəcək.
Tokio administrasiyası 2025-ci ilin aprelində NATO Baş katibi Mark Rütte ilə keçirilən görüşdə bu missiyaya töhfə vermək niyyətini ilk dəfə açıqlamışdı. Son illərdə Yaponiya ilə NATO arasındakı münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən çıxaraq daha əməli xarakter almağa başlayıb.
Bu çərçivədə Ukraynaya yardım, müdafiə sənayesi əməkdaşlığı və yeni texnologiyalar sahəsində daha konkret tərəfdaşlıq modelləri ön plana çıxır. Şimali Koreya ilə Rusiya arasında dərinləşən hərbi əməkdaşlıq və Çinin artan hərbi potensialı həm Yaponiya, həm də NATO ölkələrində ortaq təhlükəsizlik narahatlıqları yaradır.
Bu səbəbdən tərəflər Avropa və Hind-Sakit okean təhlükəsizlik mühitlərini artıq ayrılmaz bir bütöv kimi qiymətləndirirlər. NATO üzvü olmayan Yaponiya Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya ilə birlikdə Hind-Sakit Okean Dördlüyünün (IP4) əsas tərəfdaşlarından biri hesab olunur.
Sevinc Əliyeva
Ordu.az