Ordu.az xəbər verir ki, müvafiq məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Hücumların hədəfi kimi Livanın cənub rayonlarında yerləşən radikal "Hizbullah" hərəkatının infrastruktur obyektləri göstərilib. Onların arasında silah arsenalları, idarəetmə və koordinasiya mərkəzləri, eləcə də raket zərbələri endirmək üçün buraxılış qurğuları var.
Daha əvvəl İMQ Livanın cənubunda keçirilən əməliyyatlar zamanı iki hərbçisinin həlak olması barədə məlumat yayıb.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib. O, aprelin 24-də atəşkəsin üç həftə uzadılacağını elan edib.
Mayın ortalarında ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb ki, Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılacaq.
İyunun 4-də ABŞ Dövlət Departamenti bildirib ki, İsrail və Livan 2-3 iyunda Vaşinqtonda keçirilən danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsi barədə razılığa gəlib.
Ordu.az