Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin anım günü keçirilib - FOTOLAR

2025/02/77599-1739517873.jpg
Oxunub: 787     11:18     14 Fevral 2025    
Ağcabədidə Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin anım günü keçirilib.

Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, anım günündə çıxış edənlər bu gün qazanılan zəfərin təməlində pay sahibi olan Milli Qəhrəmanın və onun şəhid olan silahdaşlarının ruhuna dualar oxuyublar.

Mərasim qəhrəmanın doğulub boya-başa çatdığı Avşar kəndində onun adını daşıyan məktəbdə təşkil olunub. Öncə tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin həyətindəki büstünün önünə tər çiçək dəstələri düzüblər.

Mərasimdə çıxış edənlər Namiq Abdullayevin keçdiyi qısa və şərəfli həyat yolundan geniş məlumat verib, Qarabağ müharibəsinin birinci mərhələsində göstərilən hünərlərdən söz açıblar. Həmin igid döyüşçülərdən biri olan Milli Qəhrəman Namiq Abdullayevin şücaətinin unudulmadığını qeyd edən natiqlər onun xatirəsinin qəlblərdə yaşadığını vurğulayıblar.

Qeyd edək ki, 1974-cü il mayın 10-da Avşar kəndində dünyaya göz açan Namiq çox vətənpərvər gənc idi. Odur ki, Qarabağ müharibəsinin birinci mərhələsi zamanı o, strateji əhəmiyyət daşıyan Nərgiztəpə uğrunda gedən gərgin döyüşlərdə düşmənin xeyli texnika və canlı qüvvəsini məhv edərək, canını Vətən yolunda fəda edir. Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Sərəncamı ilə Namiq Vahid oğlu Abdullayev ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ağcabədi   Namiq-Abdullayev  


Bizi "telegram"da izləyin