Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Faktların dili ilə: iqtisadi sabitlik, sosial müdafiə və təhlükəsizlik” başlıqlı məqaləsində yazıb.
Nəşr “Rusvesna.su” saytında dərc olunan “Rusiya Ermənistan üçün nə edib?” sərlövhəli məqaləyə istinad edərək bir sıra faktları təqdim edib.
Məqalədə qeyd olunur ki, Rusiya İmperiyası və SSRİ dövründə erməni əhalisinin sayı 32 dəfə artıb.
“XIX əsrdə Rusiya erməniləri Osmanlı və İran təqiblərindən qoruyaraq xalqın fiziki mövcudluğunu təmin edib”, - deyə məqalədə bildirilir.
Nəşrin yazdığına görə, Ermənistan dövlətçiliyi də SSRİ tərkibində yaradılmış Ermənistan SSR vasitəsilə yenidən formalaşıb və ölkə Türkiyənin genişlənməsindən qorunub.
Məqalədə iqtisadi dəstəyə də toxunulub.
“Onilliklər ərzində Ermənistan büdcəsinin əhəmiyyətli hissəsi Moskvadan gələn subsidiyalar hesabına formalaşıb. 1989-cu ildə ölkənin gəlirlərinin 46,2 faizi mərkəzdən ayrılan vəsaitlər hesabına təmin olunub”, - deyə məqalədə qeyd edilir.
Nəşr iddia edir ki, Ermənistan istehsal etdiyindən üç dəfə çox istehlak edib, Rusiya Sovet Federativ Sosialist Respublikası isə öz istehsalının əhəmiyyətli hissəsini digər sovet respublikalarının dəstəklənməsinə yönəldib.
Məqalədə həmçinin vurğulanır ki, subsidiyalar və xüsusi iqtisadi şərtlər sayəsində ermənilər orta hesabla SSRİ-nin digər vətəndaşlarından daha yüksək rifah səviyyəsinə malik olublar.
“Onların avtomobillərinin sayı iki dəfə çox, mənzilləri 60 faiz daha geniş, əmanət səviyyələri isə 1,5 dəfə yüksək olub”, - deyə məqalədə bildirilir.
Nəşr infrastruktur və sənaye sahəsində də Rusiyanın rolunu qeyd edib.
“Sovet dövründə Ermənistanda 362 iri sənaye müəssisəsi tikilib. 1981-ci ildə İrəvan metrosu istifadəyə verilib və bu, respublikanın modernləşdirilməsinin simvollarından biri hesab olunub. Bundan başqa, ölkənin əsas elektrik stansiyaları da sovet dövründə inşa edilib.
İqtisadi sabitlik, sosial müdafiə və təhlükəsizlik şəraitində erməni əhalisinin artım tempi rus əhalisinin artım tempini üç dəfə üstələyib. Bu, əsasən Rusiyanın təqdim etdiyi resurs dəstəyi hesabına mümkün olub”, - deyə nəşr vurğulayıb.
Məqalənin sonunda bildirilir ki, sadalanan faktlar Rusiyanın Ermənistan dövlətçiliyinin qorunması, inkişafı və möhkəmləndirilməsində, eləcə də əhalinin rifahının yüksəldilməsində oynadığı tarixi rolu əks etdirir.
Alpər Mövludoğlu
Ordu.az