Lavrov: “Ermənistan AİB ilə Aİ arasında seçim qarşısındadır”

2026/06/1780637526.jpg
Oxunub: 196     09:38     05 İyun 2026    
“Ermənistan yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında strateji seçim etməli olacaq”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Ermənistan hazırda Avropa İttifaqının tərəfdaş ölkələrə təqdim etdiyi “ya bu, ya da o” prinsipinə əsaslanan siyasi yanaşma ilə üz-üzədir.

“Hazırda qonşu Ermənistan da Avropa İttifaqının tətbiq etdiyi “ya bu, ya da o, seçimini et” sınağından keçir. Vladimir Putin mayın 9-da keçirdiyi mətbuat konfransında bu mövzuya ətraflı toxunmuşdu. Ermənistan özü qərar verməlidir, özü seçim etməlidir, Avrasiya İqtisadi Birliyində qalmaq istəyir, yoxsa Avropa İttifaqına qoşulmaq istəyir. Biz erməni xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim edilməlidir”, - deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Ermənistan parlamentinin ölkənin Avropa İttifaqına inteqrasiya prosesinin başlanmasına dair qanun qəbul etməsi artıq məsələnin rəsmi şəkildə gündəmə gətirildiyini göstərir.

“Əgər belə bir qanun qəbul olunubsa, deməli, Ermənistan hakimiyyəti məsələni özü bu şəkildə qoyub. O zaman verilən bəyanatlara görə məsuliyyət daşımaq və xalqın qarşısında açıq mövqe nümayiş etdirmək lazımdır”, - deyə Lavrov qeyd edib.

Rusiyalı nazir hesab edir ki, Ermənistanın həm Avrasiya İqtisadi Birliyində qalması, həm də Avropa İttifaqına inteqrasiya etməsi ilə bağlı gözləntilər uzunmüddətli perspektivdə ciddi suallar yaradır və ölkə rəhbərliyi bu məsələ ilə bağlı dəqiq mövqe ortaya qoymalıdır.

Xatırladaq ki, Ermənistan parlamenti mart ayında ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bununla yanaşı, baş nazir Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı yekun qərar xalqın iradəsinə əsaslanmalıdır.

Lavrovun açıqlaması Moskvanın İrəvanın Qərbə inteqrasiya siyasətinə dair son dövrdə səsləndirdiyi ən açıq xəbərdarlıqlardan biri kimi qiymətləndirilir və Ermənistanın xarici siyasət kursu ətrafında müzakirələrin daha da intensivləşdiyini göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ermənistan   AİB    


Bizi "telegram"da izləyin