Peykdən çəkilən görüntülərlə ortaya çıxıb

Ölkənin Quançjoudakı gəmiqayırma zavodlarından birində inşa edilən sirli yeni sualtı qayıq hərbi analitiklərin diqqətini çəkib. Bu yeni sualtı qayığın ənənəvi periskop qülləsinin (sail) olmaması onun insansız sualtı döyüş vasitəsi (UUV) ola biləcəyi ehtimalını artırır.
Diqqət çəkən bir detal inşa işlərinin əvvəllər sualtı qayıq istehsalı ilə tanınmayan “Guangzhou Shipyard International” (GSI) gəmiqayırma zavodunda həyata keçirilməsidir. Bu gəmiqayırma zavodu əvvəllər Çinin insansız və avtonom döyüş trimaranı JARI USV-ni inşa edib. Bu vasitə həm insansız, həm də istəyə bağlı olaraq idarə olunan rejimlərdə işləyə bilirdi.
Yeni sualtı qayığın təqribən 45 metr uzunluğunda, 5 metr enində olduğu bildirilir və “X” formalı sükan quruluşu ilə diqqət çəkir. Bu struktur su altında daha sakit və gizli hərəkət etməyə imkan verə bilər.
Həm insanlı, həm də insansız ola bilər
Ekspertlər bu sualtı qayığın insansız olub-olmaması ilə bağlı fikir ayrılığına malikdirlər. Əgər bu, insansız sualtı döyüş dronudursa, onun ölçüləri qeyri-adi dərəcədə böyükdür. Ancaq ənənəvi dizel-elektrik sualtı qayıqlarla müqayisədə hələ kiçikdir. Başqa bir nəzəriyyəyə görə, bu vasitə idarə olunan model ola, lakin xüsusi tapşırıqlar üçün optimallaşdırıla bilər.
Ola bilsin ki, o, dayaz sularda və ya dəniz dibi əməliyyatlarında istifadə üçün nəzərdə tutulub. Bu arada yeni sualtı qayıqda torpedoların da olduğu bildirilir. Buna görə də platformanın təkcə kəşfiyyat və ya müşahidə üçün deyil, həm də birbaşa hücum missiyaları üçün istifadə oluna biləcəyi planlaşdırılır.
Donanma təhlilləri göstərir ki, bu yeni sualtı platforma ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Orca” XLUUV insansız sualtı platformasından bir neçə dəfə böyük ola bilər. Çinin hazırda beş fərqli insansız sualtı qayıq modeli olduğu bilinir və bu yeni modelin HDQ-nin ən iddialı elementlərindən biri olacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az