Ordu.az xəbər verir ki, Ukraynanın “1+1” telekanalına müsahibə verən Sırski davam edən Rusiya-Ukrayna müharibəsindəki son hadisələri dəyərləndirib.
Ölkəsində ən şiddətli qarşıdurmaların yaşandığı Donetsk vilayətinin Pokrovsk şəhərindəki vəziyyətlə bağlı məlumat paylaşan Sırski Rusiya ordusunun şəhərə intensiv hücumlarını davam etdirdiyini qeyd edib.
“Düşmən onu (Pokrovsk) ələ keçirmək üçün hər cür səy göstərir. Şəhərin ələ keçirilməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik”, - deyə Ukrayna ordusunun Baş Qərargah rəisi bildirib.
Rus ordusunun Pokrovska hücum etmək üçün böyük potensiala malik olduğunu ifadə edən Sırski oradakı qarşıdurmalarda rusların Ukrayna ordusundan daha çox itki verdiyini iddia edib.
Sırski son vaxtlar Rusiya ərazisindəki hədəflərə uzun mənzilli silahlarla həyata keçirdikləri hücumların məqsəd və əhəmiyyətinə toxunaraq, bu hücumlar sayəsində Rusiya ordusunun sursatlarının əhəmiyyətli dərəcədə azalmağa başladığını deyib.
O, yerli HHM və raket sisteminin yaradılması üzərində işlədiklərini qeyd edib.
“Yaratmaq imkanımız və istedadımız var. Ümid edirəm ki, onun xüsusiyyətləri “Patriot”dan (ABŞ-nin HHM sistemi-red.) geri qalmayacaq”, - deyə Sırski əlavə edib.
Sevinc Əliyev
Ordu.az