ABŞ “Tomahawk” raketlərini yerləşdirməkdən imtina etdikdən sonra Almaniya Ukrayna və İsrail şirkətlərinə müraciət edib

2026/06/Ekran-1782103975.jpg
Oxunub: 252     08:59     22 İyun 2026    
ABŞ-nin Almaniyada “Tomahawk” raketləri ilə silahlandırılmış bölmə yerləşdirməkdən imtina etməsindən sonra Almaniya Müdafiə Nazirliyi raketlərin operativ şəkildə əldə olunması üçün Ukrayna və İsrail şirkətləri ilə danışıqlara başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə POLITICO nəşri məlumat yayıb.

Məlumata görə, Almaniya hökuməti Rusiyaya qarşı çəkindirmə qabiliyyətini artırmaq üçün aşağı xərc tələb edən uzaqmənzilli qanadlı raketlər əldə etməyə çalışır. Bununla yanaşı, Berlin ABŞ istehsalı olan raketlərin alınması istiqamətində səylərini də davam etdirir.

2025-ci ilin iyul ayında Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin müharibə naziri Pit Heqsetə “Typhon” sistemi ilə bağlı rəsmi müraciət göndərib.

Lakin ABŞ Müdafiə Nazirliyinin 2026-cı ilin ortalarınadək rəsmi satış proseduruna başlaması gözlənilmir. Buna səbəb ixrac siyasəti ilə bağlı yekun qərarın hələ qəbul edilməməsidir.

Bundan əlavə, Vaşinqton Rusiyanın mümkün reaksiyasından ehtiyat edərək Almaniyaya “Tomahawk” qanadlı raketlərinin satışından imtina etməyi də nəzərdən keçirir.

İki avropalı və bir amerikalı rəsminin sözlərinə görə, ABŞ administrasiyası Moskvanın mümkün cavab addımlarından və vəziyyətin daha da gərginləşməsindən narahatdır. Bu isə Almaniyanı alternativ variantlar axtarmağa məcbur edir.

Nəşrin məlumatına görə, müsabiqədə Ukraynanın iki layihəsi iştirak edir. Bunlar FP-5 “Flamingo” qanadlı raketi və “Bars” reaktiv pilotsuz uçuş aparatıdır.

Müsabiqəyə həmçinin az tanınan İsrail-ABŞ şirkəti olan Covenant da qoşulub. Şirkət İsraildə iyunun sonlarında sınaqları planlaşdırılan “Anthem” raketi ilə iştirak edir.

Məlumata görə, Covenant Avropada müstəqil istehsal və təchizat ekosistemi formalaşdırmağı, həmçinin Almaniya və Böyük Britaniyada istehsal xətləri yaratmağı planlaşdırır.

Şirkətin investorları arasında alman-amerikalı texnologiya investoru Piter Tilin rəhbərlik etdiyi “Founders Fund” və amerikalı investorlar Mark Andreessen və Ben Horovitzin rəhbərlik etdiyi “Andreessen Horowitz” fondları da yer alır.

Bununla belə, Almaniyanın bu şirkətlərlə əlaqə saxlaması hələ raketlərin satın alınmasına dair qərarın verildiyi anlamına gəlmir. Lakin bu addım Berlinin hansı xüsusiyyətlərə malik sistemlər axtardığını göstərir.

Almaniya aşağı xərc tələb edən, qısa müddətdə istehsal edilə bilən və Rusiya ərazisindəki hədəfləri təhdid etmək qabiliyyətinə malik uzaqmənzilli qanadlı raketlərlə maraqlanır.

FP-5 “Flamingo” raketinin üstünlüklərindən biri də Almaniyanın “Diehl Defense” şirkətinin artıq “Fire Point” ilə Almaniyada qanadlı raketlərin birgə istehsalı imkanlarını müzakirə etməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tomahawk   Ukrayna  


Bizi "telegram"da izləyin