Altı Avropa ölkəsi uzaqmənzilli silahlar üzrə səkkiz birgə layihəyə başlayır

2026/06/Ekran-1782103873.jpg
Oxunub: 220     08:56     22 İyun 2026    
Altı Avropa ölkəsi Avropa Uzaqmənzilli Zərbə Təşəbbüsü (ELSA) çərçivəsində səkkiz uzaqmənzilli silah layihəsinin həyata keçirilməsi ilə bağlı tələbləri razılaşdırıb və planları rəsmiləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Aviation Week” nəşri məlumat yayıb.

Məlumata görə, layihələr arasında 2000 kilometrdən artıq uçuş məsafəsinə malik raketin hazırlanması da yer alır.

İyunun 18-də Almaniya, Fransa, Polşa, İtaliya, İsveç və Böyük Britaniya əməkdaşlığın davam etdirilməsi barədə saziş imzalayıblar. Tərəflər bir sıra istiqamətlər üzrə növbəti addımları razılaşdırdıqdan sonra əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bildiriblər.

Qeyd olunur ki, bəzi inkişaf istiqamətləri artıq kifayət qədər yetkin mərhələyə çatıb və ayrıca ELSA İcra Qrupları (EIG) şəklində fəaliyyətlərini davam etdirəcəklər.

Səkkiz qrup erkən hava xəbərdarlığı sistemləri, uzaqmənzilli radiolokasiya əleyhinə raketlər, uzaqmənzilli “hava-yer” raketləri və Avropa yaylım atəşli reaktiv sistemləri üzrə işlər aparacaq.

Bundan əlavə, iştirakçı ölkələr 300-500 kilometr, 500-2000 kilometr və 2000 kilometrdən artıq uçuş məsafəsinə malik “yer-yer” raketlərinin, eləcə də 500 kilometrdən artıq mənzilli aşağı xərc tələb edən uzaqmənzilli zərbə vasitələrinin hazırlanması üzərində işləyəcəklər.

Uzaqmənzilli silahların hazırlanması ilə məşğul olacaq hər bir qrupun layihənin yaradılması və satınalınmasına cavabdeh aparıcı ölkəsi olacaq.

Fransa artıq 2000 kilometrədək uçuş məsafəsinə malik yeni raketin yaradılması üçün özünün “MdCN” (Missile de Croisière Naval) qanadlı raketini əsas platforma kimi təklif edib.

SCALP “Naval” adı ilə də tanınan “MdCN” raketi MBDA şirkəti tərəfindən hazırlanmış və 1000 kilometrədək uçuş məsafəsinə malik dəniz bazalı qanadlı raketdir.

Raket “stealth” texnologiyası əsasında hazırlanıb. Düşmən ərazisinin dərinliklərinə gizli nüfuz etmək və hava hücumundan müdafiə sistemlərinin aşkarlama zonasındakı vaxtı minimuma endirmək üçün o, yer səthindən 30-40 metr yüksəklikdə uçuşa və relyefi izləyərək sabit aşağı hündürlükdə hərəkət etməyə uyğunlaşdırılıb.

“MdCN” güclü çoxkanallı yönləndirmə və mövqeləndirmə sistemi ilə təchiz edilib. İnertial naviqasiya sistemi və peyk naviqasiyası ilə yanaşı, raket aktiv radiolokasiya axtarış başlığı və infraqırmızı yönləndirmə sistemi də daşıyır.

Şirkətin məlumatına görə, sistem qısa müddətdə yerüstü buraxılış üçün də uyğunlaşdırıla bilər. Hazırda “MdCN” istehsal olunmasa da, istehsal müəssisələri onun istehsalını yenidən bərpa etməyə hazır vəziyyətdə saxlanılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   ELSA  


Bizi "telegram"da izləyin