Ordu.az xəbər verir ki, bununla bağlı görüntülər “WenJian0922” tərəfindən “X” platformasında yayımlanıb.
Əvvəlcə Çin sosial şəbəkələrində paylaşılan videoda aparatın şaquli uçuş həyata keçirdiyi, havada dayanma rejimində oxu ətrafında döndüyü və uzunmüddətli üfüqi uçuş icra etdiyi görünür.
Bundan əvvəl yayımlanmış materiallar yalnız troslarla aparılan sınaqları əhatə edirdi və həmin sınaqlarda aparatın şaquli qalxma, enmə və havada dayanma imkanları nümayiş etdirilmişdi.
Mövcud sınaq proqramının detalları açıqlanmasa da, təhlükəsizlik sistemləri olmadan sabit uçuşun nümayiş etdirilməsi hər bir tiltrotor proqramı üçün mühüm mərhələ hesab olunur. Bu, belə platformaların mürəkkəb aerodinamik quruluşa malik olması və müxtəlif uçuş rejimləri arasında keçid zamanı etibarlı idarəetmənin təmin edilməsinin vacibliyi ilə bağlıdır.
R6000 xüsusilə Cənubi Çin dənizində yerləşən ada bazalarının, Sakit okean bölgəsindəki uzaq qarnizonların və ənənəvi aerodrom infrastrukturunun məhdud olduğu sərhəd ərazilərinin təminatında faydalı ola bilər.
Bundan əlavə, bu pilotsuz uçuş aparatı platformasının “Type 076” sinfinə məxsus amfibiya hücum gəmilərində və Çin Hərbi Dəniz Qüvvələrinin digər iri desant platformalarında istifadə olunacağı, bunun da onların logistika və nəqliyyat imkanlarını genişləndirəcəyi bildirilir.
Gələcəkdə R6000-in pilotlu versiyasının hazırlanaraq şəxsi heyətin daşınmasında istifadə oluna biləcəyi qeyd edilir. Sistemin sınaqları barədə ilk məlumatlar ötən il yayılmışdı.
“United Aircraft” şirkəti tərəfindən hazırlanmış R6000 (Lanying R6000) maksimum 6,1 ton uçuş çəkisinə malik pilotsuz tiltrotordur. Sistem helikopterlərə xas şaquli qalxma və enmə imkanlarını sabitqanadlı təyyarələrin yüksək kreyser sürəti ilə birləşdirərək uçuş-eniş zolağı olmadan uzaq məsafələrə yük daşınmasını mümkün edir.
İstehsalçının məlumatına görə, R6000 maksimum 2 ton faydalı yük daşıya bilir, saatda 550 kilometrədək kreyser sürətinə, 4000 kilometrədək maksimal uçuş məsafəsinə və 1500 kilometrədək döyüş radiusuna malikdir. Platformanın xidmət tavanı 7620 metr, yük bölməsinin həcmi isə 7,6 kubmetrdir.
Şirkət aparatın əsas üstünlükləri kimi yüksək yükdaşıma qabiliyyətini, böyük uçuş məsafəsini və avtonom fəaliyyət imkanlarını göstərir. Tiltrotor hazırlanmış aerodromlara ehtiyac duymur və adalar, dağlıq ərazilər də daxil olmaqla mürəkkəb relyef şəraitində fəaliyyət göstərə bilir.
R6000 çoxməqsədli platforma kimi təqdim olunur. Mülki sektorda 6-12 sərnişinin daşınması, tibbi təxliyə, axtarış-xilasetmə əməliyyatları və logistika tapşırıqlarında istifadə edilə bilər. Tibbi missiyalar zamanı aparat 4 yaralı və 4 tibb işçisini daşıya bilir. Yük variantında isə 2 tona qədər yük nəql etmək mümkündür.
Bildirilir ki, platforma əlverişsiz hava şəraitində də fəaliyyət göstərə bilir. O, buzlanmaya və ildırımdan qorunma sistemləri ilə təchiz olunub, Bofort şkalası üzrə 8 bala qədər küləyə davam gətirə bilir, orta intensivlikli yağış zamanı uçuşunu davam etdirir və güclü yağış şəraitində 1-2 saat fəaliyyət göstərə bilir.
Sevinc Əliyeva
Ordu.az