Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Qüdsdə keçirilən JNS Beynəlxalq Siyasi Sammitində çıxış edən Netanyahu xatırladıb ki, ABŞ və İsrailin birgə əməliyyatının başlanğıcında qarşıya qoyulan məqsədlərdən biri İran rejiminin süqutu üçün “şərait yaratmaq” olub.
Onun sözlərinə görə, İsrail münaqişə zamanı mühüm nəticələr əldə edib. Baş nazir bildirib ki, İran rejiminin əsas rəhbərləri məhv edilib, ölkənin raket sənayesinə, hərbi dəniz və hərbi hava qüvvələrinə, eləcə də hərbi sənaye obyektləri və infrastrukturuna ciddi zərbələr endirilib.
Netanyahu hesab edir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun iqtisadi strukturlarına vurulan ziyanın həcmi “yüz milyardlarla dollar” təşkil edir.
“Onların bərpa olunması üçün çox vaxt lazım olacaq. Hətta mümkündür ki, onlar ümumiyyətlə bərpa olunmasınlar”, - deyə İsrailin Baş naziri vurğulayıb.
Onun fikrincə, endirilən zərbələrdən və hakimiyyətlə cəmiyyət arasında mövcud olan dərin parçalanmadan sonra rejimin nə vaxt süqut edəcəyini proqnozlaşdırmaq mümkün deyil.
“Düşünürəm ki, biz onun gələcəkdə süqutu üçün şərait yaratmışıq”, - deyə Netanyahu bildirib.
Eyni zamanda o vurğulayıb ki, “rejimin son taleyi məhz İran vətəndaşlarından asılıdır”.
Sevinc Əliyeva
Ordu.az