Büdcə çatışmazlığı Böyük Britaniya Silahlı Qüvvələrinin təlim və əməliyyatlarını təhlükə altına salıb

2026/06/Ekran-1782101557.jpg
Oxunub: 205     08:12     22 İyun 2026    
Böyük Britaniya Silahlı Qüvvələri maliyyə çatışmazlığı ilə üzləşib və bu vəziyyət təlimlərin və əməliyyat fəaliyyətinin ixtisar edilməsinə səbəb ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə “The Aviationist” nəşri Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Riç Naytona istinadən məlumat yayıb.

Onun açıqlaması ölkənin siyasi və müdafiə rəhbərliyində baş verən ciddi dəyişikliklər, o cümlədən müdafiə nazirinin istefası fonunda səsləndirilib.

“Nəzər salsaq görərik ki, 20 il əvvəl resurs xərcləri ilə kapital xərcləri arasındakı nisbət təxminən 80/20 idi. Bu gün isə bu göstərici 60/40-dır - yəni 60 faiz fəaliyyət və resurslara, 40 faiz isə kapital xərclərinə yönəldilir. Hazırkı proqnozlara əsasən, 2030-cu ilə qədər bu nisbət 50/50 olacaq”, - deyə Nayton bildirib.

Söhbət Böyük Britaniya Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin gündəlik saxlanılması və fəaliyyəti üçün nəzərdə tutulmuş resurs büdcəsindən gedir. Eyni zamanda yeni silah və texnikanın hazırlanması və alınmasını əhatə edən kapital xərclərinə ayrılan vəsait daha sürətlə artır.

Bu balanssızlığın əsas səbəblərindən biri genişmiqyaslı və yüksək xərc tələb edən yenidən silahlanma proqramlarıdır. Bunlara “Dreadnought” sinfinə məxsus ballistik raket daşıyan nüvə sualtı qayıqlarının inşası, GCAP proqramı çərçivəsində altıncı nəsil döyüş təyyarəsinin hazırlanması, “Type 26” freqatlarının inşası və problemlərlə müşayiət olunan “Ajax” zirehli maşın proqramı daxildir.

Bu layihələrin həyata keçirilməsi Müdafiə Nazirliyinin kapital xərclərindən böyük maliyyə vəsaiti tələb edir və həmin vəsait resurs büdcəsinin tərkibinə daxil deyil.

Bununla yanaşı, cari xərclər də artır. Yanacaq qiymətləri əhəmiyyətli dərəcədə yüksəlib və Böyük Britaniya Silahlı Qüvvələri qarşısında Soyuq Müharibə dövründən etibarən görünməmiş miqyasda fəaliyyət göstərmək vəzifəsi qoyulub.

Əfqanıstan missiyasının başa çatmasından sonra əsas diqqətin Avropa və Şimali Atlantikaya yönəldilməsi planlaşdırılsa da, Yaxın Şərqdə uzunmüddətli qeyri-sabitlik bu planları pozub. Nəticədə London öz maraqlarını qorumaq və müttəfiqlərini dəstəkləmək məqsədilə bölgəyə əlavə qüvvələr göndərməyə məcbur olub.

2026-cı il iyunun 12-də Böyük Britaniyanın müdafiə naziri Con Hili Baş nazir Kir Starmerin hökumətindən istefa verib. Buna səbəb artan təhlükəsizlik təhdidləri fonunda müdafiə xərclərinin səviyyəsi ilə bağlı fikir ayrılıqları olub.

Hili Baş nazirə ünvanladığı məktubda bildirib ki, təklif olunan müdafiə investisiyası planı “ölkənin bu təhlükəli dövrdə müdafiəsi üçün tələb olunan səviyyədən əhəmiyyətli dərəcədə geri qalır”.

Qısa müddət sonra Silahlı Qüvvələr naziri Alister Karns da istefasını açıqlayıb və bununla hökumət üzərində müdafiə siyasəti ilə bağlı təzyiqlər daha da artıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ordu  


Bizi "telegram"da izləyin