Ukraynanın I-SEE şirkəti PUA əleyhinə sistemlərin inteqrasiyası üçün açıq ekosistem yaradıb

2026/06/Ekran-1782102392.jpg
Oxunub: 205     08:32     22 İyun 2026    
Pilotsuz Uçuş Aparatı (PUA) aşkarlama və məhvetmə sistemlərinin hazırlanması ilə məşğul olan Ukraynanın I-SEE şirkəti üçüncü tərəf avadanlıq və proqram təminatlarının öz ekosisteminə inteqrasiyasına imkan verən açıq platformanı istifadəyə verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkət “Militarnyi” nəşrinə məlumat verib.

I-SEE sistemi PUA-ların aşkarlanması, izlənməsi və məhv edilməsi üçün tam həll paketi təqdim edir. Sistem hədəfləri avtomatik aşkar edir, izləyir və onlara qarşı tətbiq ediləcək vasitələr üçün lazım olan parametrləri hesablayır.

Hazırda sistem tor buraxan qurğularla istifadə olunur. Uzaqdan idarə olunan silah stansiyaları və radioelektron mübarizə sistemləri ilə inteqrasiya isə laboratoriya şəraitində sınaqdan keçirilir. Gələcəkdə platformaya önləyici PUA-ların da inteqrasiyası planlaşdırılır.

Şirkətin məlumatına görə, hərbi hissələr, sistem inteqratorları və digər proqram təminatı hazırlayıcıları artıq öz avadanlıq və proqramlarını birbaşa platformanın əsas nüvəsinə qoşa bilərlər. Bu da istifadəçilərə istehsalçının yeniləmələrini gözləmədən yeni funksiyalar yaratmaq imkanı verir.

Platforma üç inteqrasiya səviyyəsi təqdim edir: API, SDK və plagin modulları çərçivəsi.

API istənilən xarici proqram təminatına sistem məlumatlarına real vaxt rejimində çıxış imkanı yaradır. SDK isə hazırlayıcılar üçün hazır proqramlaşdırma alətləri paketini təqdim edir. Modul sistemi isə mənbə koduna müdaxilə etmədən yeni funksiyaların əlavə olunmasına şərait yaradır.

“Prinsip çox sadədir: əsas nüvə beyin rolunu oynayır, əlavələr isə kənarda fəaliyyət göstərir. Aşkarlama, izləmə, ballistik hesablamalar, nişanalma parametrlərinin hesablanması, hədəf seçimi, məhvetmə qərarları və təhlükəsizlik mexanizmləri I-SEE-nin əsas nüvəsində qalır. Vizualizasiya, analitika, inteqrasiyalar və avadanlıq bağlantıları isə plagin modulları vasitəsilə həyata keçirilir”, - deyə şirkət bildirib.

I-SEE 2026-cı ilin fevralında süni zəka əsaslı PUA aşkarlama sistemi hazırladığını və onu avtonom PUA əleyhinə aktiv müdafiə sisteminin əsası kimi istifadə etdiyini açıqlamışdı.

Şirkətin məlumatına görə, həll kompüter görməsi texnologiyası ilə “Edge AI” imkanlarını birləşdirərək real vaxt rejimində PUA-ların aşkarlanması və izlənməsini təmin edir.

Əvvəlcə düşmən PUA-larının aşkarlanması və izlənməsi üçün hazırlanmış sistem sonradan müxtəlif kinetik önləyici sistemləri dəstəkləyən universal platformaya çevrilib.

I-SEE bildirir ki, platformanın əsas üstünlüyü konkret avadanlıqdan asılı olmamasıdır. Sistem faktiki olaraq istənilən optik cihazı ağıllı sensora çevirə bilir və görüntüləri bulud sistemlərində deyil, yerli qurğularda emal edir.

Bu da internet bağlantısı olmadan belə minimal gecikmə ilə real vaxt rejimində işləməyə imkan verir.

Şirkətin fikrincə, növbəti mərhələ tam funksional PUA əleyhinə aktiv müdafiə sisteminin yaradılmasıdır. 2026-cı ilin əvvəlində I-SEE bu məqsədlə öz avtomatlaşdırılmış qülləsinin hazırlanması üzərində işləyirdi.

Konsepsiyaya görə, qüllə aşkar edilmiş hədəfə avtomatik yönələcək və onu inteqrasiya edilmiş odlu silah və ya tor buraxan sistem vasitəsilə məhv edəcək.

Hədəfə təsir prosesinin avtomatlaşdırılması yüksək gərginlik şəraitində insan faktorunu minimuma endirməyə və yaxınlaşan PUA-lara qarşı reaksiya müddətini azaltmağa imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin