İspaniyanın “Santa María” freqatından “Hornet” önləyici PUA-sı sınaqdan keçirilib - VİDEO

2026/06/Ekran-1782101852.jpg
Oxunub: 270     08:18     22 İyun 2026    
İspaniya Hərbi Dəniz Qüvvələri “Santa María” freqatından “Hornet Block 1” önləyici Pilotsuz Uçuş Aparatı (PUA) sisteminin konteyner tipli buraxılış qurğusunu sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.

Buraxılış 2026-cı il iyunun 18-də “Destinus” şirkəti ilə birgə keçirilən nümayiş proqramı çərçivəsində baş tutub. Sınaqların məqsədi sistemin gəmi əsaslı hava hücumundan müdafiə imkanlarını və konteyner tipli yerləşdirmə konsepsiyasını qiymətləndirmək olub.

Sınaqlar zamanı freqatın helikopter meydançasında quraşdırılmış konteyner tipli buraxılış qurğusundan bir önləyici PUA buraxılıb. Nümayiş zamanı əsas diqqət sistemin dəniz mühitində fəaliyyət qabiliyyətinə və səsdən aşağı sürətli hava təhdidlərinə qarşı mübarizə imkanlarına yönəlib.

Konteyner tipli buraxılış konsepsiyası standart yük konteynerlərindən buraxılış modulu kimi istifadəni nəzərdə tutur. Bu konteynerlər gəminin göyərtəsində yerləşdirilə və ya mövcud gəmi konfiqurasiyalarına inteqrasiya edilə bilər. Bu yanaşma əlavə şaquli buraxılış sistemləri quraşdırmadan döyüş gəmilərində önləyici vasitələrin sayını artırmaq üsulu kimi qiymətləndirilir.

Eyni zamanda sistemin növbəti versiyası olan “Hornet Block 2” üzərində də iş aparılır. Hazırlayıcıların sözlərinə görə, yeni versiya ikili təyinatlı olacaq və həm səsdən aşağı sürətli hava hədəflərini məhv etmək, həm də dəniz və quru hədəflərinə yüksək dəqiqlikli zərbələr endirmək imkanına malik olacaq.

“Hornet Block 1” “Destinus” şirkəti tərəfindən hazırlanıb. Şirkət eyni zamanda “Ruta” qanadlı raketlərinin istehsalçısı kimi tanınır. Önləyici PUA-nın uçuş məsafəsi 75 kilometrdən çoxdur və o, 1,5 kiloqramlıq döyüş başlığı daşıyır.

Konteynerdən buraxılış bərk yanacaqlı raket sürətləndiricisi vasitəsilə həyata keçirilir. Tələb olunan uçuş profilinə çatdıqdan sonra əsas hərəkətverici sistem işə düşür.

Hədəfə yönləndirmə radar stansiyalarından alınan xarici hədəf təyinatı və ya süni zəka alqoritmləri ilə təchiz edilmiş inteqrasiya olunmuş infraqırmızı axtarış başlığı vasitəsilə həyata keçirilə bilər.

Avtonom yönləndirmə sistemi sayəsində önləyici aktiv radioelektron mübarizə şəraitində də effektiv fəaliyyət göstərə bilir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ruta   Santa-María   Hornet  


Bizi "telegram"da izləyin