Gələcək hücumlar üçün açılan qapılar – İsrailin son əks-hücumundan çıxarışlar

2024/12/1733984621.jpg
Oxunub: 743     20:22     12 Dekabr 2024    
İsrail son əks-hücumu hələ də müzakirə olunur, əməliyyatın necə həyata keçirildiyi tədqiq olunur. S-300-lərin itirilməsi, əgər İsrail İranın hərbi infrastrukturuna hücum edərsə və ya hədəf siyahısını rejim və nüvə obyektlərini əhatə edəcək şəkildə genişləndirərsə, İranı daha həssas vəziyyətə salır. Bundan əlavə, İranın digər HHM sistemlərinin və şəbəkə strukturunun statusu məlum deyil. Bu sistemlər xüsusilə kibertaktikalar vasitəsilə qeyri-kinetik hücumlara məruz qala bilər.

Yeni məlumatlara görə, İsrail hücumdan əvvəl İrandakı radar sistemlərini pozaraq, onları qeyri-işlək vəziyyətə salıb, İranın bloklama qabiliyyətini məhdudlaşdırıb və İsrail hava qüvvələrinin İran hava məkanına daxil olmasına imkan yaradıb. İsrailin İrana son hücumundan əvvəl Suriyadakı radar hədəflərinə qarşı əməliyyat keçirdiyi və bu hücumla İranın radar sistemlərini zərərsizləşdirməyi hədəflədiyi bildirilirdi. Suriyadakı bu ilkin hücum İsrailə Tehran və Kərəcdəki strateji hədəfləri vurmağa imkan verən bir hazırlıq prosesi kimi diqqəti çəkib.

Təxminən 2 min kilometr məsafə qət edən 100-dən çox İsrail təyyarəsinin iştirak etdiyi əməliyyatın ilk dalğada İran radar və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə hücumlarla başladığı bildirilir. Qeyd olunur ki, Suriyada daha əvvəl koordinasiya edilmiş hücum oxşar təhdidləri zərərsizləşdirib və İranın İsrailin əməliyyat planları barədə məlumat almasına mane olub.

İran ordusu bəyan edib ki, İsrail döyüş təyyarələri İlam, Xuzistan və Tehran ətrafındakı sərhəd radar sistemlərini vurmaq üçün “yüngül döyüş başlıqları”ndan istifadə edib. “The New York Times” qəzetinin İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvü də daxil olmaqla, iki İran rəsmisinə əsaslanan xəbərinə görə, paytaxtın bəzi hissələrini müdafiə ilə təmin edən İmam Xomeyni Beynəlxalq Hava Limanının S-300 HHM sistemi də daxil olmaqla, 20-yə yaxın hədəf vurulub.

Rəsmilər Tehranda SEPAH-ın ən azı 3 raket bazasına hücum edildiyini deyirlər. Həmçinin bildirilir ki, İsrailin ikinci hücum dalğasında İsrailin Pilotsuz Uçuş Aparatları (PUA) Tehranın kənarındakı gizli “Parchin” hərbi bazasını hədəfə alıb, bir PUA bazanı vurub, digərləri isə vurulub. Hansı PUA-lardan istifadə edildiyi və silah növünün dəqiqliyi hələlik bəlli deyil.

Adının açıqlanmasını istəməyən ABŞ və İsrail rəsmiləri səhər başladılan və “Tövbə Günləri Əməliyyatı” adlanan 3 hava hücumu dalğasının həyata keçirildiyini qeyd edirlər. Birinci dalğa İranın HHM sistemini hədəfə aldığı halda, ikinci və üçüncü dalğalar raket və PUA bazalarına və silah istehsal edən obyektlərə yönəlib.

Sosial şəbəkələrdə paylaşılan peyk görüntülərində görünürdü ki, Höcirdəki obyektə, eləcə də İranın Parçindəki bərk yanacaqla işləyən yeni raket mühərrikləri zavoduna ciddi ziyan dəyib. Daha əvvəl dərc edilmiş məlumatlara görə, “Parchin” “Scud”, “Fateh 110” və “Zelzal” ballistik raketləri üçün yanacaq istehsalı ilə bağlı mərkəz kimi tanınır. 2014-cü ilin oktyabrında “Parchin”də böyük partlayış olub və bunun İsrail və ya ABŞ kəşfiyyat xidmətlərinin təxribatının nəticəsi olduğu güman edilib.

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) uzun mənzilli hücum qabiliyyəti

İsrail HHQ-nin uzun məsafələrdən hücuma keçə bilən və yüksək dəqiqliyə malik güclü zərbə vuran silahları var. “Rocks” və “Air LORA” kimi sistemlərdən xüsusilə ROCKS İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanıb. Bu, həm dəqiq idarə olunan bomba ailəsi, həm də ballistik raketdən müdafiə hədəfi ilə ortaq xüsusiyyətlər daşıyan GPS xüsusiyyətli raketdir. Düşmən müdaxiləsi altında belə öz hədəfini tapmaq qabiliyyətinə malikdir.

Digər tərəfdən “Air LORA” “Israel Aerospace Industries” (IAI) tərəfindən hazırlanan, qurudan buarxılan LORA-nın (Uzun Mənzilli Artilleriya) havadan buraxılan versiyasıdır. Dərin mənzilli “hava-yer” raketi olaraq təyin olunan bu silah bütün hava şəraitində yüksək supersəs sürəti və “atdım-unutdum” xüsusiyyətinə malik ətalətli/GPS yönləndirmə sistemi ilə seçilir.

Raket buraxılış zamanı hədəf koordinatlarını qəbul edə bilir ki, bu da ona qəfil görünən hədəflərə tez cavab verməyə imkan verir. İstehsalçı raketin istiqamətləndirmə sisteminin düşmən müdaxiləsinə davamlı olduğunu vurğulayır. IAI bildirir ki, bu sinif silaha ehtiyac yerüstü HHM sistemlərinin təyyarələri məhv etmə riskini azaltmaq zərurətindən irəli gəlir. Bu təhlükə uzun müddət ərzində İsrail HHQ-nin doktrinasını formalaşdıran amil olub.

İranın S-300 itkisi: İsrailə qarşı gələcək hücumlar üçün yeni qapılar açır

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, İranın Rusiya istehsalı olan S-300 HHM sistemləri İsrailin hədəf aldığı hərbi elementlər sırasındadır. S-300-lərin sıradan çıxarılması İsrailə gələcəkdə birbaşa hücumlar təşkil etmək imkanı yaradır. Məhv edilən İran hərbi infrastrukturuna 3 S-300 uzun mənzilli “yer-hava” raket sistemi də daxil idi. “Wall Street Journal”a açıqlama verən və adı açıqlanmayan ABŞ və İsrail rəsmiləri bu qiymətləndirməni paylaşıblar. İlin əvvəlində İrana məxsus daha bir S-300 sistemi də İsrailin hədəfinə çevrilmişdi.

ABŞ-də yerləşən beyin mərkəzi “Institute for the Study of War” (ISW) hədəfə alınan HHM obeyktlərindən bəziləri ilə İranın qərb və cənub-qərbindəki strateji enerji infrastrukturunun qorunduğunu bildirir. “Abadan” neft emalı zavodu, “Bəndər İmam Xomeyni” enerji kompleksi və limanı, “Tang-e Bijar” qaz yatağındakı obyektlərin vurulduğu da ISW-nin tapıntıları arasında yer alır.

ISW-nin məlumatına görə, bu obyektlərin ətrafında HHM sisteminin zəiflədilməsi onları gələcək hücumlara qarşı daha həssas edə bilər. Tehran 1997-ci ildə təqdim edilən, S-300-ün daha müasir versiyası olan S-300PMU-2 “Favorit” sistemini (NATO-da SA-20B “Gargoyle” kimi tanınır) idarə edir və bu sistem təkmil anti-ballistik raket imkanlarına malikdir.

Bu illər ərzində İsrail HHQ Yunanıstanın idarə etdiyi S-300PMU-1 sistemləri və ABŞ-dəki S-300-lər ilə təlim keçərək, S-300 təhdidlərinə qarşı taktika hazırlayıb. İran üçün S-300 sistemlərini yaxın müddətdə yeniləmək asan deyil. Rusiyanın Ukraynadakı müharibə ilə əlaqədar özünün HHM sistemlərinə ehtiyacı bu məhsulların İrana ötürülməsini çətinləşdirir.

S-400 kimi eyni sinifdə daha qabiliyyətli Rusiya HHM sistemləri üçün də uzun müddət gözlənilə bilər. Suriyada olduğu kimi İrana bir və ya iki rus batareyasının yerləşdirilməsi simvolik addım ola bilər, lakin Rusiyanın özünün HHM tələblərini nəzərə alsaq, bu, çətin hesab olunur.

S-300-lərin itirilməsi, əgər İsrail İranın hərbi infrastrukturuna hücum edərsə və ya hədəf siyahısını rejim və nüvə obyektlərini əhatə edəcək şəkildə genişləndirərsə, İranı daha həssas vəziyyətə salır. Bundan əlavə, İranın digər HHM sistemlərinin və şəbəkə strukturunun statusu məlum deyil. Bu sistemlər xüsusilə kibertaktikalar vasitəsilə qeyri-kinetik hücumlara məruz qala bilər.

İsraildən gələn təsdiqlənməmiş xəbərlərə görə, İranın nüvə obyektlərinə hücum planlaşdırılmasa da, növbəti hədəflərin hökumət və infrastruktur elementləri ola biləcəyi ilə bağlı fərziyyələr var. Həyata keçirilən son hücumun İranın HHM-ni zəiflətməsi İsrailin başqa əməliyyatlara hazırlaşdığını göstərir.

İran hava məkanına daxil olmadan həyata keçirilən hücumlar

İsrailin ekipajlı təyyarələrlə İran hava məkanına daxil olub-olmadığı sualı hələ də qaranlıq olaraq qalır. Havadan buraxılan ballistik raketlər kimi “standoff” sursatları bu məhdud hədəflər toplusunu vurmaqda təsirli ola bilər. Bu əməliyyat növü daha az mürəkkəbdir, daha az risklidir və bir neçə saat ərzində tamamlana bilər. Eyni zamanda, o, əməliyyatda ABŞ-nin birbaşa iştirakını tələb etməyə bilər.

Ekipaj itkisi riski də az olacaq, çünki əməliyyat İsrailin çoxdan planlarına Suriya və İraq kimi daxil etdiyi bölgələrlə məhdudlaşacaq. İsrail İordaniya və Səudiyyə Ərəbistanı kimi hava məkanından istifadəyə icazə verə bilən ölkələrlə diplomatik əlaqələrini gücləndirib. Lakin İranın uzaqlaşması və düşmənçiliyi vəziyyəti daha da mürəkkəbləşdirir.

ALBM-lər və düşmən HHM-inə təzyiq (Suppression of Enemy Air Defenses - SEAD)

Xüsusilə ALBM-lərin (Havadan Buraxılan Ballistik Raket) istifadəsi ilə düşmənin HHM-inə təzyiq göstərmək üçün əməliyyatlar lazımsız hala gələ bilər. Radioelektron mübarizə və kiberhücumlar kimi xüsusi imkanlar gələcək gözlənilməz hallar üçün istifadə edilə bilər. İnsanlı platformaların yerinə insansız və gizli platformalardan istifadə etmək də mümkündür.

İsrailin İrana hücumunda İordaniya hava məkanının pozulub-pozulmadığı da gündəmdədir. Bəs ölkə hava məkanı nədir və onun sonu haradadır?

Ölkənin hava məkanı quru və dəniz sərhədlərinin üstündəki hava məkanını əhatə edir, lakin xarici kosmosu əhatə etmir. Hava məkanının bitdiyi və kosmosun başladığı yer üçün dəqiq hündürlük həddi olmasa da, 100 kilometr yüksəklikdəki “Karman xətti” ümumiyyətlə bu hədd hesab olunur. Bu xətdən kənarda 1967-ci il Xarici Kosmos Müqaviləsi prinsiplərinə uyğun olaraq milli suverenlikdən müstəqildir və beynəlxalq fəaliyyət azadlığına sahibdir.

Ticarət təyyarələri ümumiyyətlə 30.000 ilə 40.000 fut arasında uçur, döyüş təyyarələri isə daha yüksək hündürlüklərdə uça bilir. Məsələn, F-16-nın maksimal əməliyyat hündürlüyü təqribən 50.000 fut (15.000 m.), F-35-in isə təxminən 60.000 fut (18.000 m) təşkil edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya   PUA  


Bizi "telegram"da izləyin