Dünyanın ən böyük PUA şirkəti – “Baykar”dan “Bayraktar TB3” uğuru (FOTOLAR)

2024/11/1732859399.jpg
Oxunub: 899     10:38     30 Noyabr 2024    
“Bayraktar TB3” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) qısa uçuş-enmə zolağına malik gəmidən enmə və qalxma həyata keçirməyi bacaran ilk PUA kimi dünya aviasiya tarixinə düşdü. TCG “Anadolu” Gəmisində həyata keçirilən gəmi uçuş sınağı uğurla başa çatıb.

“Baykar” tərəfindən milli və yerli olaraq inkişaf etdirilən zərbə PUA-sı “Bayraktar TB3” qısa uçuş-enmə zolağına malik gəmilərdən qalxma və enmə sınağını müvəffəqiyyətlə tamamladı və aviasiya tarixində yeni bir ilkə imza atdı. “Bayraktar TB3” dünyada TCG “Anadolu” kimi qısa uçuş-enmə zolağına malik gəmilərə enmə və qalxma icra edə bilən ilk zərbə PUA-sı oldu.

Uçaraq başqa yerə keçdi

Tramplin sınaqlarını müvəffəqiyyətlə tamamlayan “Bayraktar TB3” PT1 və PT2 bu yaxınlarda Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxaraq, “Dalaman” Hava Meydanı Komandanlığına çatıb. Burada aparılan işlərdə “Bayraktar TB3” PT1 gecə-gündüz TCG “Anadolu”nun yaxınlığından uçaraq “Yaxınlaşma Sınaqları”nı problemsiz keçib.

Açıq dənizdən gəmi üzərindəki sınaqlarını tamamlayan “Bayraktar TB3” PT2 noyabrın 19-da TCG “Anadolu”nun 12 dərəcə maili tramplinə sahib qısa uçuş-enmə zolağından havaya qalxıb. Egey və Aralıq dənizinin qovuşduğu nöqtədə 46 dəqiqəlik sınaq uçuşu həyata keçirən “Bayraktar TB3” daha sonra heç bir eniş dəstək avadanlığından istifadə etmədən eyni qısa uçuş-enmə zolağına uğurla enib. Sınaq uçuşu ilə həm aviasiya, həm də dənizçilik tarixində yeni bir dövrün qapıları açıldı.


Yerli mühərriklə ən yüksək səviyyəyə

“Bayraktar TB3” zərbə PUA-sı 2024-cü il iyunun 25-də Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Təlim və Sınaq Mərkəzində həyata keçirilən uçuşda 36.310 fut yüksəkliyə çatdığı Yüksək Hündürlük Sistemi Performans Sınağını müvəffəqiyyətlə tamamlayıb. TEI tərəfindən yerli istehsal edilən PD-170 mühərriki ilə havaya qalxan milli zərbə PUA-sı beləliklə daha bir kritik həddi keçdi. Türkiyənin milli aviasiya tarixindəki yüksəklik rekordu 45 min 118 fut ilə milli və yerli olaraq “Baykar” tərəfindən inkişaf etdirilən “Bayraktar Akıncı” zərbə PUA-sına məxsusdur.

Tramplin sınaqlarını uğurla tamamladı

“Bayraktar TB3” zərbə PUA-sı ilk dəfə 2024-cü il iyunun 1-də Tekirdağ vilayətinin Çorlu rayonunda başlayan və Ədirnə vilayətinin Keşan rayonundakı “Baykar” Uçuş Təlim və Sınaq Mərkəzində davam edən sınaqlarda tramplindən havaya qalxdı. Keşanda “Bayraktar TB3”ün yerləşdiriləcəyi TCG “Anadolu”nun göyərtəsi ilə eyni şərtlərlə inşa edilən uçuş-enmə zolağında 12 dərəcə maililiyə malik tramplin var. Sınaq kampaniyası uğurla davam edən “Bayraktar TB3” müvəffəqiyyətli tramplin sınaqları ilə gəmiyə çıxmağa hazır vəziyyətə gətirildi.


Ümumi uçuş 700 saatdan çoxdur

“Bayraktar TB3” zərbə PUA-sı indiyə qədər həyata keçirilən sınaq uçuşlarında ümumilikdə 700 saatdan çox havada olub. 2023-cü il dekabrın 20-də həyata keçirilən uzun uçuş sınağında milli zərbə PUA-sı yerə enmədən 32 saat havada qaldı və səmada 5700 km məsafə qət etdi.

Milli zərbə PUA-sı, milli kamera

“Bayraktar TB3” zərbə PUA-sı ilk dəfə 2024-cü il martın 26-da ASELSAN tərəfindən milli olaraq hazırlanmış ASELFLIR-500 ilə uçdu. Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəfləmə Sisteminin inteqrasiyası uğurla həyata keçirilib.


Dənizaşırı güc multiplikatoru

“Bayraktar TB3” zərbə PUA-sı qatlana bilən qanad quruluşu və imkanları ilə öz sinfində lider PUA olacaq. Görmə xəttindən kənar rabitə qabiliyyətinə də sahib olacaq milli zərbə PUA-sı bu sayədə çox uzun məsafələrdən idarə edilə biləcək. Beləliklə, daşıdığı ağıllı döyüş sursatları ilə dənizaşırı hədəflərə qarşı aşkarlama-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək, Türkiyənin çəkindirici gücündə multiplikator təsiri təmin edəcək.

İxracat çempionu

Əvvəldən bütün layihələrini öz imkanları ilə həyata keçirən “Baykar” 2003-cü ildə PUA “Ar-Ge” prosesinin başladığı gündən bu yana bütün gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1,8 milyard dollarlıq ixracat həyata keçirən “Baykar” Türkiyədəki bütün sektorlarda ən çox ixracat həyata keçirən ilk 10 şirkət arasında yer aldı. İxracatın Çempionları Mükafatını alan “Baykar”, Müdafiə Sənayesi Komitəsi və Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, 2021, 2022 və 2023-cü illərdə müdafiə və aviasiya sənayesinin ixracat lideri olub.

Son illərdə gəlirlərinin 90%-dən çoxunu ixracatdan əldə edən “Baykar” 2023-cü ildə müdafiə və aviasiya sektorundakı ixracatın 1/3 hissəsini təkbaşına həyata keçirib. Dünyanın ən böyük PUA şirkəti olan “Baykar”ın hazırda imzaladığı müqavilələrin 97,5%-i ixracatla bağlıdır. “Bayraktar TB2” zərbə PUA-sı üçün 34 ölkə ilə, “Bayraktar Akıncı” zərbə PUA-sı üçün isə indiyə qədər 10 ölkə ilə olmaqla, ümumilikdə 35 ölkə ilə ixracat müqaviləsi imzalanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB3   ASELSAN  


Bizi "telegram"da izləyin