Karib böhranı qaynar xəttini xatırlamaq nə deməkdir? – BAXIŞ BUCAĞI

2024/11/1732858323.jpg
Oxunub: 803     19:01     29 Noyabr 2024    
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Vaşinqtonun Karib böhranından sonra 1963-cü ildə tərəflər arasında yaradılmış qaynar xətdən istifadə edib-etmədiyi sualına mənfi cavab verib.

“Xeyr, bizim Rusiya və ABŞ prezidentləri arasında hətta telefon danışığı üçün də xüsusi qorunan rabitə xəttimiz var”, - deyə Peskov qeyd edib. O bildirib ki, bundan da istifadə edilməyib.

Onun təqdimatına görə, Rusiya və ABŞ prezidentləri arasında sonuncu dəfə 2022-ci il fevralın 12-də telefon danışığı yaradılıb, o zaman Rusiyanın təhlükəsizlik zəmanətləri və Ukrayna, eləcə də ikitərəfli münasibətlər ilə bağlı məsələlər müzakirə olunub. Moskvada niyə Karib böhranını və Vaşinqtonla qaynar xətti xatırlayıblar?

Rusiya-ABŞ münasibətlərində Karib böhranına bənzər vəziyyət yaranıb, yoxsa oxşar gərginliyə səbəb ola biləcək hadisələr baş verir? 60 ildən çox əvvəl ABŞ və SSRİ nüvə müharibəsi astanasında idi. Tərəflər kompromislər tapa bildilər. ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərindəki hədəfləri uzun mənzilli raketlərlə vurmaq imtiyazı verdiyini təsdiqlədiyi bir vaxtda Rusiya prezidentinə həmin vəziyyət xatırladılıb.

Prezident Vladimir Putin daha öncə bildirmişdi ki, belə bir qərar NATO-nun müharibədə birbaşa iştirakı deməkdir və adekvat cavab almaya bilməz. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən Avropa ölkələrini nüvə zərbələri ilə hədələyib. Bu arada xarici işlər naziri Sergey Lavrov nüvə silahını çəkindirmə vasitəsi kimi xarakterizə edib. Putinin ciddi dərin zərbələr alacağı təqdirdə hansı qərarı verəcəyi bəlli deyil.

Moskva bu yaxınlarda nüvə silahından istifadə konsepsiyasında dəyişikliklər edib. Müvafiq olaraq, bir nüvə dövləti Rusiyaya qarşı müharibədə iştirak edərsə, Rusiya taktiki nüvə silahından istifadə edə bilər. Bəzi beynəlxalq ekspert dairələri hesab edirlər ki, Ukraynaya uzaq məsafədən zərbələr endirmək imtiyazı verilməsi diplomatik addımdır və Rusiyanı ilkin şərt olmadan danışıqlara sövq etmək məqsədi daşıyır.

Karib böhranından sonra yaradılan qaynar xəttin xatırladılması çox güman ki, Rusiya və ABŞ prezidentlərinin əlaqə yarada və “apokalipsisin qarşısını almaq” üçün həll yolları tapa biləcəyi mənasını daşıyır. Amma indiki Ağ Ev komandası düz 2 aya gedəcək və yeni prezident öz komandası ilə gələcək. Ona qədər Bayden və Putin arasında telefon danışığı qaynar xətt və ya qorunan əlaqə vasitəsilə təşkil edilsə və müəyyən razılaşmalar əldə edilsə, bunlar Trampın andiçməsindən sonra da işləyəcəkmi?

Yəni, söhbət situasiya tənzimləmələrindən, yoxsa sistemli həllərdən gedir? Karib böhranının dinc danışıqlar yolu ilə həlli Qərb-SSRİ strateji qarşıdurmasını aradan qaldırmayıb, Helsinki Yekun Aktı da dinc yanaşı yaşama rejiminə zəmanət verməyib. Bu gün hətta Birləşmiş Millətlər Təşkilatı da faktiki fəaliyyət göstərmir və onun Təhlükəsizlik Şurasının qətnamələri, bir qayda olaraq, kağız üzərində qalır.

Əgər Rusiyanın Ukrayna böhranının aradan qaldırılması konsepsiyası reallaşarsa, Qərb-Rusiya rəqabəti yeni və daha əhatəli mərhələyə qədəm qoyacaq. Lakin faktiki vəziyyətdə 1991-ci il sərhədlərinə qayıtmaq imkanı yoxdur. Kompromis həddi nədir? Rusiya-Ukrayna müharibəsinin dayandırılması prinsipləri ABŞ-Rusiya sistemli kompromisi olacaqmı? Bu əsasla Rusiya Avrasiya məkanını yenidən formatlaşdıracaqmı?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin