ATACMS-larla zərbə Ukrayna müharibəsinin gələcəyinə necə təsir edə bilər?

2024/11/1732780397.jpg
Oxunub: 720     11:51     28 Noyabr 2024    
ABŞ ilk dəfə olaraq Ukraynaya Rusiya daxilindəki hədəfləri vurmaq üçün uzun mənzilli raketlərdən istifadə etməyə icazə verdi. Artıq Rusiya daxilində məhdud hücumlar üçün ABŞ istehsalı olan ATACMS raketlərindən istifadə edilir.

Vaşinqton əvvəllər müharibəni genişləndirəcəyindən ehtiyat edərək, bu cür hücumlara icazə vermirdi. Bu mühüm siyasət dəyişikliyi prezident Cozef Baydenin hakimiyyəti ABŞ-nin Ukraynaya hərbi yardımına şübhə ilə yanaşan Donald Trampa təhvil verməsindən iki ay əvvəl baş verib.

ABŞ niyə Ukraynaya Rusiya daxilində ATACMS-dən istifadə etməyə icazə verdi?

Ukrayna bir ildən artıqdır ki, işğal altındakı Ukrayna ərazisindəki Rusiya hədəflərinə qarşı daha çox ATACMS kimi tanınan Ordu Taktiki Raket Sistemindən istifadə edir. Ukrayna işğal altında olan Krım yarımadasındakı aviabazalara və Zaporojye bölgəsindəki hərbi mövqelərə zərbələr endirmək üçün ATACMS-dən istifadə edib.

Lakin ABŞ indiyədək Kiyevə bu uzun mənzilli raketlərdən Rusiyada istifadə etməyə icazə verməyib. “Lockheed Martin” ballistik raketləri indiyə qədər Ukraynaya təhvil verilmiş ən güclü raketlərdir və 300 kilometr mənzilə malikdir. Ukrayna iddia edirdi ki, Rusiya daxilində bu cür silahlardan istifadəyə icazə verilməməsi “bir əli arxadan bağlı” döyüşməyi tələb etmək deməkdir.

Bildirilir ki, siyasət dəyişikliyi Şimali Koreya qoşunlarının Ukraynanın avqust ayından bəri tutduğu Kursk sərhəd bölgəsində Rusiyaya dəstək vermək üçün yerləşdirilməsinə cavab olub.

Raketlərin təsiri var?

Ukrayna indi Rusiyanın daxilində ilkin olaraq Ukrayna qüvvələrinin 1000 kvadrat kilometr ərazini saxladığı Kursk bölgəsi ətrafındakı hədəfləri vurur. Ukrayna və ABŞ rəsmiləri Rusiya və Şimali Koreya qoşunlarının Kurskdakı əraziləri geri qaytarmaq üçün əks-hücuma keçəcəyini gözləyirlər.

Bu hücumdan müdafiə olunmaq üçün Ukrayna ATACMS raketlərindən istifadə edir və hərbi bazalar, infrastruktur və sursat anbarları da daxil olmaqla, Rusiyanın mövqelərini hədəfə alır.

Raketlərin tədarükü yəqin ki, müharibənin gedişatını dəyişmək üçün kifayət etməyəcək. Çünki belə bir qərar nəticəsində Rusiya hərbi təchizatı, məsələn, döyüş təyyarələri artıq Rusiyanın daxili bölgələrindəki hava limanlarına köçürülüb. Amma Rusiya qoşunlarının ölkənin şərqində mövqelərini artırdığı və əhval-ruhiyyənin aşağı olduğu bir vaxtda silahlar Ukraynaya müəyyən üstünlüklər verə bilər. Kiyevdə olan və məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən qərbli bir diplomat BBC-yə verdiyi açıqlamada qeyd edib: “Bunun həlledici və ya nəticə verən addım olacağını düşünmürəm. Amma bu, riskləri artırmaq və Ukraynaya hərbi dəstək göstərmək üçün gecikmiş simvolik qərardır. Rusiya üçün bu, müharibənin qiymətini artıra bilər”.

Obama administrasiyasında müdafiə nazirinin müavini vəzifəsində çalışmış Evelin Farkas nə qədər sursat veriləcəyi ilə bağlı sual işarələrinin olduğunu bildirib: “Əsl sual, əlbəttə ki, neçə ədəd raketləri olduğudur. Pentaqonun Ukraynaya verə biləcəkləri bu raketlərdən çox olmadığı məsələsində xəbərdarlıq etdiyini eşitdik”.

Farkas qeyd edib ki, ATACMS Krımı Rusiyaya birləşdirən Kerç körpüsü kimi hədəfləri vurmaq üçün istifadə olunarsa, Ukraynada müsbət psixoloji təsir göstərə bilər.

ABŞ-nin verdiyi icazənin başqa bir zəncirvari təsiri də oldu: Böyük Britaniya və Fransanın Ukraynaya Rusiya daxilində “Storm Shadow” raketlərindən istifadə etmək icazəsi verməsi. “Storm Shadow” ABŞ istehsalı ATACMS-ə bənzər qabiliyyətlərə malik olan Fransa-Britaniya uzun mənzilli qanadlı raketidir.

Bu vəziyyət müharibənin qızışmasına səbəb ola bilərmi?

Bayden administrasiyası münaqişənin gərginləşəcəyindən ehtiyat edərək, Ukraynanın Rusiyanı uzun mənzilli raketlərlə vurmasına aylar ərzində icazə verməmişdi. Vladimir Putin Rusiyanı vurmaq üçün Qərb silahlarının istifadəsinə icazə verməmək barədə xəbərdarlıq edərək, Moskvanın bunu NATO ölkələrinin Ukraynadakı müharibədə “birbaşa iştirakı” hesab edəcəyini söyləmişdi.

Putin sentyabr ayında verdiyi açıqlamada vurğulayırdı: “Bu vəziyyət münaqişənin mahiyyətini və xarakterini böyük ölçüdə dəyişəcək. Bu, NATO ölkələrinin, ABŞ və Avropa dövlətlərinin Rusiya ilə birgə mübarizə aparacağı anlamına gələcək”.

Rusiya əvvəllər də “qırmızı xətlər”i müəyyən edib. Bəziləri, o cümlədən Ukraynanı müasir döyüş tankları və döyüş təyyarələri ilə təchiz etmək Rusiya ilə NATO arasında birbaşa müharibəyə səbəb olmadan aradan qaldırıldı.

ABŞ-nin NATO-dakı keçmiş səfiri Kurt Volker deyib: “ABŞ Ukraynanın Birləşmiş Ştatlar istehsalı silahlardan istifadə dairəsini məhdudlaşdıraraq, ədalətsiz olaraq Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə birtərəfli məhdudiyyətlər qoyub”.

O qeyd edib ki, ATACMS-dən istifadənin məhdudlaşdırılması qərarı tamamilə özbaşına olub və Rusiyanı “təxribata cəlb etmək” qorxusundan qəbul edilib: “Ancaq belə bir dəyişikliyin ictimailəşdirilməsi səhvdir, çünki bu, Rusiyaya Ukraynanın mümkün hücumları barədə əvvəlcədən məlumat verir”.

Donald Trampın reaksiyası maraqlıdır

Burada vacib məqam odur ki, Baydenin səlahiyyət müddətinə cəmi iki ay qalıb və bu vəzifəni seçilmiş prezident Donald Trampa təhvil verəcək. Tramp hələlik bu siyasəti davam etdirib-etdirməyəcəyini açıqlamayıb. Lakin onun ən yaxın müttəfiqlərindən bəziləri artıq bu siyasəti tənqid ediblər.

Trampın oğlu, kiçik Donald Tramp sosial mediada yazıb: “Hərbi sənaye kompleksi atamın sülh yaratma və həyat xilas etmə şansı olmadan öncə Üçüncü Dünya müharibəsi başlatdıqlarından əmin olmaq istəyir kimi görünür”.

Tramp Ukrayna müharibəsi ilə bağlı hansı siyasəti yürüdəcəyini açıqlamayıb. O, münaqişəni bir gün ərzində dayandıracağına söz verib, lakin bunu necə edəcəyini deməyib. Demokrat opponentlər də Trampı dəfələrlə heyranlığını ifadə etdiyi Putinlə yaxınlaşmaqda ittiham edirlər.

Seçilmiş vitse-prezident Ceyms Devid Vens kimi Trampın bir çox yüksək səviyyəli rəsmiləri deyirlər ki, ABŞ Ukraynaya əlavə hərbi yardım etməməlidir. Lakin Trampın yeni administrasiyasındakı digər adlar fərqli fikirdədir. Milli təhlükəsizlik müşaviri Maykl Valtz iddia edib ki, ABŞ Rusiyanı danışıqlara məcbur etmək üçün Ukraynaya silah tədarükünü sürətləndirə bilər.

Seçilmiş prezidentin hansı yolla gedəcəyi bəlli deyil. Ancaq Ukraynada bir çox insan ABŞ prezidentinin ATACMS də daxil olmaqla, silah tədarükünü dayandıracağından qorxur. Ukraynalı deputat Oleksiy Qonçarenko deyib: “Narahatıq. Ümid edirik ki, Tramp bu qərarından dönməyəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin