Atəşkəsdən əvvəl İsrail münaqişə başlayandan etibarən Beyrut və onun cənub ətraflarına ən intensiv hücum dalğasını həyata keçirib. Bu hücumlarda ən azı 42 nəfər həyatını itirib.
Atəşkəs iki aylıq deeskalasiya və “Hizbullah”ın Livanın cənubunda silahlı mövcudluğunun dayandırılmasını əhatə edir. İsrail “Hizbullah”ın atəşkəsi pozacağı təqdirdə sərt cavab verəcəyini bəyan edib. Baş nazir Benyamin Netanyahu razılaşmanı Nazirlər Şurasına təqdim edərkən vurğulayıb ki, atəşkəs HƏMAS-ı təcrid edəcək və diqqəti İrana yönəltməyi asanlaşdıracaq.
Livan ordusu və BMT Sülhməramlı Qüvvələri fəaliyyətdədir
ABŞ və ərəb rəsmilərinin sözlərinə görə, atəşkəsin ilkin olaraq 60 gün davam etməsi planlaşdırılır. İsrail qüvvələrinin Livanın cənubundan çəkiləcəyi bildirilərkən, Netanyahu atəşkəsin müddətinin “Livandakı hadisələr”dən asılı olacağını qeyd edib. Mənbələr “Hizbullah”ın sərhəddəki silahlı mövcudluğuna son qoymağa və ağır silahlarını Litani çayının şimalına daşımağa razılaşdığını açıqlayıblar.
Livan ordusunun cənubda yerləşdiriləcəyi, 5 min hərbi qulluqçunun BMT-nin mövcud sülhməramlıları ilə birlikdə sərhəd bölgəsində patrul xidməti həyata keçirəcəyi gözlənilir. Fransa hərbi qulluqçuları da bu qüvvəyə dəstək verəcəklər. ABŞ və Fransanın rəhbərlik etdiyi beynəlxalq komitəyə atəşkəs rejiminə və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə nəzarət etmək tapşırılacaq.
Birləşmiş Ştatlar Livana texniki hərbi məsləhətçilər göndərəcək və Livan ordusuna əlavə maliyyə ayıracaq. Rəsmilər ABŞ-nin atəşkəs çərçivəsində Livanda təsirini artıracağını və ordunun bütün torpaqlara nəzarəti ələ almasına kömək edəcəyini bildiriblər.
Razılaşmaya görə, İsrail şübhəli hərəkətlər aşkar etdikdə, birbaşa müdaxilə edə bilməyəcək. Bu cür vəziyyətlər ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq komitəyə bildiriləcək və bu komitə Livan ordusuna lazımi tədbirləri görməsi üçün məlumat verəcək. Bildirilib ki, Livan ordusu hərəkətə keçməsə, İsrail razılaşmanı etibarsız sayaraq, hücumlarını davam etdirə bilər. Ancaq Netanyahu vurğulayıb ki, İsrail hərbi fəaliyyətdə tam azadlığı qoruyub saxlayacaq və hər hansı pozuntuya sərt cavab verəcək.
ABŞ Türkiyəni Qəzzada atəşkəs üçün vasitəçi kimi daxil edir
İsrail Təhlükəsizlik Kabineti ABŞ və Fransanın vasitəçiliyi ilə atəşkəsi təsdiqləyib. ABŞ prezidenti Cozef Bayden razılaşmanı müsbət bir inkişaf kimi qiymətləndirərək, Qəzza üçün də oxşar təşəbbüs planlaşdırdıqlarını açıqlayıb. Bayden bəyan edib ki, “Hizbullah” şərtləri pozarsa, İsrail əməliyyatları davam etdirmək hüququnu özündə saxlayır.
Bayden önümüzdəki günlərdə Qəzzaya diqqətlərini artıracaqlarını və Türkiyəni ilk dəfə vasitəçi roluna daxil edəcəklərini bildirib: “ABŞ yaxın günlərdə Qəzzada atəşkəsə nail olmaq üçün Türkiyə, Misir, Qətər, İsrail və digər ölkələrlə birlikdə yeni təşəbbüslə çıxış edəcək”.
“Hizbullah” atəşkəsi qəbul etdiyini açıqlayıb, lakin detallarla bağlı qeyd-şərtlərini bildirib. Qrup rəsmilərindən Mahmud Kamati bu sazişin Livanın suverenliyini qorumalı olduğunu vurğulayıb. Bu müddət ərzində hücumlar nəticəsində minlərlə insan evini tərk edib.
Atəşkəsin İran və İsrail arasında birbaşa müharibə ehtimalını azaldacağı gözlənilir. İsrail “Hizbullah”ın atəşkəs dövründə silahlanmağa davam edəcəyi təqdirdə müdaxilə edəcəyini bəyan edib. Livanda son 13 ayda baş verən qarşıdurmalarda 3760-dan çox insan həyatını itirib, 1,2 milyon insan evini tərk edib.
Sevinc Əliyeva
Ordu.az