“Eurofighter Typhoon”da REM Həmləsi – Yeni Sistemlə Nə Qazanılacaq?

2024/11/1732880418.jpg
Oxunub: 1222     14:12     29 Noyabr 2024    
Türkiyənin inventarına əlavə etmək üçün çox çalışdığı “Eurofighter Typhoon” döyüş təyyarəsinə yeni nəsil Radioelektron Mübarizə (REM) Sistemi inteqrasiya olunacaq.

“EuroDASS” konsorsiumu Avropanın aparıcı müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq edərək, “Eurofighter Typhoon” döyüş təyyarələrinin “Praetorian” Müdafiə Sistemi üçün yeni nəsil aşkarlama və qarışdırma imkanlarını təqdim edib.

“Leonardo”, “ELT Group”, “Indra” və “Hensoldt” tərəfindən “BAE Systems” ilə əməkdaşlıq çərçivəsində hazırlanan bu sistem “Typhoon”u gələcək təhdidlərə qarşı daha güclü, daha davamlı və müasir müdafiə infrastrukturu ilə təmin etməyi hədəfləyir.

Yeni nəsil müdafiə sistemi təyyarələri 2060-cı ilə qədər və ondan sonra ortaya çıxacaq təhlükələrdən qorumaq üçün nəzərdə tutulub. “Typhoon”un mövcud sisteminə “form-fit retrofit” üsulu ilə inteqrasiya ediləcək bu həll uçuş performansında heç bir məhdudiyyət yaratmadan həm mövcud platformalara, həm də yeni istehsal olunan təyyarələrə tətbiq oluna bilər.


Yeni Sistemlə Qazanılan Xüsusiyyətlər

“Eurofighter Typhoon” yeni sistemlə aşağıdakı imkanları qazanacaq:

Qabaqcıl kompleks təhdid təhlili və xarakteristikası,

Rəqəmsal Radio Tezlik Yaddaşı (DRFM) ilə yüksək dəqiqlikli qarışdırma imkanları,

NATO standartlarına uyğun olaraq Düşmən Hava Hücumundan Müdafiəsinə Təzyiq Göstərilməsi (SEAD) missiyaları üçün yüksək güclü radioelektron hücum podu inteqrasiyası,

Geniş diapazonlu AESA Radioelektron Əks-Tədbirlər (ECM) texnologiyası ilə artırılmış özünümüdafiə qabiliyyəti.

Sistem pilotları təkmil situasiya məlumatlılığı ilə təmin edəcək, onlara eyni vaxtda birdən çox mürəkkəb təhlükələri aşkar etməyə və prioritetləşdirməyə imkan verəcək. Bundan əlavə, Koqnitiv Radioelektron Mübarizə (CEW) texnologiyaları sayəsində o, süni zəka və maşın öyrənmə alqoritmlərindən istifadə edərək, yeni təhlükələrə tez uyğunlaşa biləcək.


Ümumi Avropa Radar Sistemi ilə İnteqrasiya

“Praetorian” sistemi 30 ildən artıqdır ki, “Typhoon” təyyarələrini radar və infraqırmızı idarə olunan raketlərdən qoruyur. İndi 4 milli “Mərhələ 4 İnkişaf Etdirmə” (P4E) paketi çərçivəsində Avropa Ümumi Radar Sistemi (ECRS) ilə tam inteqrasiyanı təmin etməklə, “Eurofighter Typhoon”u daha da gücləndirmək hədəflənir.

Uğurlu Sınaq Prosesi

Yeni nəsil “Praetorian” sisteminin inkişaf prosesində mühüm mərhələlər əldə edilib. 2023-cü ildə rəqəmsal qəbuledici və genişləndirilmiş diapazon texnologiyaları sınaq təyyarələrində sınaqdan keçirilib. 2024-cü ildə bu texnologiyalar “Eurofighter Typhoon”da uçuş sınaqlarında uğurla tətbiq edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Typhoon   Eurofighter   Türkiyə  


Bizi "telegram"da izləyin