Birləşmiş Ştatlar əvvəllər insan nəzarəti altında nüvə silahları üzərində mütləq səlahiyyəti saxlamağa söz versə də, Pentaqonun nüvə komanda-nəzarət və rabitə sistemlərini təkmilləşdirmək üçün SZ-dən istifadə etməyə hazır olması suallar doğurur.
Yekun qərar insanların ixtiyarında olacaq
Ötən ay ABŞ-nin Strateji Komandanlığının rəhbəri, Hərbi Hava Qüvvələrinin generalı Entoni C. Kotton bildirmişdi ki, komandanlıq nüvə komanda-nəzarət sistemlərinin modernləşdirilməsi üçün bütün mümkün texnologiyaları araşdırır. Kotton SZ-nin qərar vermə proseslərini sürətləndirəcəyini və gücləndirəcəyini bildirsə də, bu proseslərdə son qərarın həmişə insanların özündə qalmasının lazım olduğunu vurğulayıb.
May ayında Dövlət Departamentinin silahlara nəzarət üzrə rəsmisi Pol Din onlayn brifinqdə deyib ki, Birləşmiş Ştatlar nüvə silahlarına nəzarəti insanlarda saxlamaq üçün “aydın və güclü öhdəlik” götürüb. Digər tərəfdən, Pentaqon artan təhdidlərin və kibertəhlükəsizlik narahatlığının SZ-dən istifadəni zərurətə çevirdiyini bildirib.
Son illərdə SZ ilə idarə olunan hərbi vasitələr, döyüş təyyarələri, pilotsuz uçuş aparatları və avtomatik pulemyotlar da daxil olmaqla, bir çox sistemlər hazırlanıb. Bu cür sistemlərin döyüş meydanında istifadəsi ciddi narahatlıq doğurur, çünki SZ hələ də səhv edə bilən texnologiyadır. Kotton qeyd edib: “Qabaqcıl sistemlər bizə məlumatı daha sürətli və daha effektiv təmin edə bilər”. O, bu texnologiyanın ABŞ-nin üstünlüyünün qorunub saxlanılmasında mühüm rol oynayacağını bildirib.
Hələlik ABŞ və Pentaqonun SZ və nüvə enerjisi əlaqələndirməsi sadəcə bir fikirdir. Rəsmilər bütün riskləri müəyyən etmək üçün daha çox araşdırma aparılmalı olduğu ilə razılaşırlar. SZ nüvə silahı sistemlərinə daxil edilsə belə, bunun sistemlərdən gələn məlumatların sürətlə təhlil edilməsi və idarəçilərə təqdim edilməsi kimi sahələrdə olacağı ifadə edilir.
Beləliklə, ən azından indiyə qədər nüvə buraxılış kodları SZ-yə verilməyəcək. Məhz bu ssenarini araşdıran bir sıra tədqiqatlar aparılıb. Onlardan birində bir-birinə qarşı qoyulan SZ-lər nüvə müharibəsi başladıb.
Sevinc Əliyeva
Ordu.az