Silahlanma yarışı və Fransanın tələsik ifşaları – Ermənistan yeni müharibəyə hazırlaşır

2024/07/1719814270.jpg
Oxunub: 391     10:34     01 İyul 2024    
Ermənistanın “168.am” nəşri Fransa-Ermənistan hərbi əməkdaşlığı çərçivəsində “Caesar” haubitsalarının tədarükü ətrafında araşdırma aparıb. Əsas detallara diqqət yetirilən məqalədə Azərbaycanın humanitar xarakterli addım ataraq 2 erməni hərbi qulluqçusunun nəşini qaytarmasına paralel olaraq, Ermənistanın silahlanma cəhdlərinə diqqət yetirilib. Məqalədə Hindistan, Serbiya və Bolqarıstanla əməkdaşlığın ehtiyatla aparılması məsləhət edilsə də, payız aylarında yeni müharibənin baş verəcəyi anonsu verilir.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“İyunun 18-də Ərdoğanla Paşinyan arasında telefon danışığından sonra Azərbaycan 2022-ci ilin sentyabrında iki günlük döyüş əməliyyatları zamanı öldüyü güman edilən iki erməni hərbi qulluqçunun qalıqlarının iyunun 21-də Ermənistan tərəfinə təhvil verilməsi barədə qərar qəbul edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti öz açıqlamasında sadəcə olaraq “quru” məlumat verirsə, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqlamasında siyasi mesaj var idi. “Azərbaycan Respublikası xoşməramlı niyyətini və humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirərək, üçüncü tərəfin və ya hər hansı digər vasitəçinin iştirakı olmadan iki erməni hərbçisinin meyit qalıqlarını iyunun 21-də Ermənistana təhvil verib”, - deyə Azərbaycanın komissiyasının bəyanatında qeyd olunur.

Yəni İlham Əliyev başa salır ki, istənilən məsələ yalnız Azərbaycanla razılığa gələrək, vasitəçisiz və heç kimin zəmanəti olmadan həll edilməlidir. Ümumiyyətlə, Nikol Paşinyan özü bəyan edir ki, qonşular öz məsələlərini həll etməlidirlər. Problem ondadır ki, Azərbaycanın yanında Türkiyə var, Azərbaycan qazı ən ciddi amildir, Nikol Paşinyan isə Ermənistanı vassal ölkəyə çevirib və heç bir halda öz yanında döyüş qabiliyyətli, yaxşı silahlanmış ordusu olan güclü Ermənistanın olmasını xəyal etməyən qonşu və ya qonşulardan təhlükəsizlik zəmanətləri gözləyir.

…Bundan əvvəl Azərbaycanın “Telegram” kanallarında Türkiyənin havadan erkən xəbərdarlıq və komanda nəzarəti təyyarəsinin (AWACS) Ermənistan sərhədi boyunca kəşfiyyat uçuşu həyata keçirməsi barədə məlumatlar yayılıb.

Eyni dövrdə Azərbaycan “Telegram” kanallarında İl-76 TD təyyarəsinin Azərbaycanın müdafiə maraqları çərçivəsində Valensiyadan İsrailin “Uvda” aviabazasına gəldiyi, daha sonra mühüm yükü götürərək, sürətlə Bakıya uçduğu barədə məlumatlar yayılıb. Qeyd edək ki, bu günlərdə Azərbaycan tərəfi Ermənistanın Fransadan “Caesar” özüyeriyən artilleriya qurğuları alması ilə bağlı növbəti səs-küy qaldırıb, Azərbaycan Müdafiə Nazirliyi hətta xəbərdarlıq edib: “Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır”.

Təxminən bir həftəlik fasilədən sonra Azərbaycanın Müdafiə Nazirliyi növbəti dəfə Ermənistanı atəşkəs rejimini bu dəfə Naxçıvan qanadında deyil, Göyçə sektorunda pozmaqda ittiham edib. Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin sərhəd zonasının şərq hissəsində yerləşən Azərbaycan mövqeləri istiqamətində atəş açmadığını açıqlayıb.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ermənistan Müdafiə Nazirliyi öz açıqlamalarında daha təmkinli olur, mötərizələr açmır. Məsələn, Ermənistan Müdafiə Nazirliyi Fransanın KNDS hərbi-sənaye şirkəti ilə hərbi-texniki əməkdaşlıq sazişinin imzalandığını elan etməklə məhdudlaşıb. Fransa tərəfi isə mötərizələri açmaq hüququnu yenidən özündə saxlayıb. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornü “X” mikrobloqunda Ermənistanın Fransadan “Caesar” özüyeriyən artilleriya qurğuları alacağını açıqlayıb.

Daha sonra Fransanın müdafiə naziri yazıb ki, “Ermənistan, Xorvatiya və Estoniya 60 ədəd sifariş verib”. Onu da əlavə edək ki, bundan əvvəl Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Busson bildirib: “Ermənistan Fransadan 36 ədəd “Caesar” alacaq, bunlar yaxın 15 ay ərzində çatdırılmalıdır”.

Fransanın Cənubi Qafqazla bağlı müəyyən hesablamalarla və gizli məqsədlərlə, o cümlədən anti-Rusiya əhval-ruhiyyəsi fonunda Ermənistanı silahla təmin etməsi faktını heç kim mübahisə etmir. Xüsusən də indiyə qədər və hətta 44 günlük müharibə zamanı Ermənistana belə bir yardım təklif olunmayıb, amma burada Ermənistan ordusunun qüvvələrinin bərpası və yenidən silahlanması məsələsi var.

Ciddi logistik problemlər olduğu və bunların ağırlaşa biləcəyi halda fransız qurğularının Ermənistana necə çatacağı başqa sualdır. Həmçinin, bu cür silahların alınması ciddi maliyyə vəsaiti tələb edir, Fransa tərəfinin təbliğat sahəsində həddən artıq fəallaşması və Ermənistanın bunun qarşısını almaması əsaslı deyil. Lakin rusiyalı hərbi ekspert Ruslan Puxovun sözlərinə görə, “Caesar” artilleriya sistemlərinin alınması başqa hesablamalar da tələb edir.

O etiraf edir ki, Fransanın bu artilleriya sistemi güclüdür, lakin onun sursatı çox bahadır və Ermənistan çətin ki, onu əhəmiyyətli miqdarda ala bilsin. Puxovun gördüyü ikinci risk odur ki, fransız mərmiləri yalnız fransız haubitsalarına uyğun gəlir, məsələn, serb mərmisindən istifadə edilərsə, bu, sistemi sıradan çıxaracaq.

“Bunu nəzərə alsaq, bu özüyeriyən artilleriya qurğularından bir neçəsinin alınma riski var. Amma bu halda da real müharibə şəraitində rəqibə ciddi təzyiq göstərmək mümkün olmayacaq, yəni bu silahlar yalnız hərbi paradlarda gözəl nümayiş etdiriləcək”, - deyə o, Azərbaycan KİV-lərindən birinə müsahibəsində qeyd edib. Yəni Ermənistan bütün riskləri, imkanlarını və resurslarını nəzərə almalıdır ki, bizdə “Su-30”ların hekayəsinin bir qədər fərqli versiyada təkrarlanması olmasın. Su-30”lar öz gücü ilə tətbiq olunmadı və öz əsas məqsədinə xidmət etmədi.

Bu kontekstdə qeyd edək ki, “Bulgarian military” Ermənistanın “Barak 8” zenit-raket kompleksinə xüsusi maraq göstərdiyini yazıb. “Barak 8” zenit-raket kompleksi Hindistan və İsrailin birgə layihəsidir və LR-SAM və ya MR-SAM sistemi kimi də tanınır. O, müxtəlif hava təhdidlərinə qarşı etibarlı Hava Hücumundan Müdafiəni (HHM) təmin etmək üçün nəzərdə tutulub. Azərbaycan tərəfdən artıq bu məlumatlara reaksiya veriblər və qeyd ediblər ki, Hindistan ixracda məhdudiyyət olmadığına əmin etsə də, Ermənistan və İsrail arasındakı gərginliyi nəzərə alaraq, birgə hazırlanan İsrail-Hindistan kompleksinin Ermənistana tədarükü halında problemlər yarana bilər.

Qeyd edək ki, ötən il Azərbaycanın İsraildən “Barak MX” HHM sistemləri alacağı məlum olub, sövdələşmənin qiyməti 1,2 milyard dollar qiymətləndirilirdi. Yuxarıda qeyd olunan “Barak 8”in Azərbaycan tərəfindən sınaqdan keçirilməsi haqqında hələ 2016-cı ildən danışırdılar. Yəni, başqalarının siyasi və biznes maraqlarının olduğu təbliğat və praktiki sahədə silahlanma yarışı davam edir. Ermənistan öz ordusunu silahlandırmalıdır, amma təbliğat, siyasi və diplomatik sahədə müəyyən çeviklik nümayiş etdirməlidir.

“168.am” yazmışdı ki, Serbiya və Bolqarıstanla hərbi əməkdaşlıq planları təqdirəlayiqdir, lakin Azərbaycanın bu ölkələrlə mövcud siyasi, hərbi, hərbi-texniki əlaqələrini və Azərbaycan qazı həlledici amilini unutmaq olmaz. Yəni bu iş susmağı xoşlayır. Ermənistan bu prinsipə əməl etməlidir və öz açıqlamalarında siyasi, iqtisadi, geosiyasi maraqlarını irəli sürən tərəfdaşlarını əməl etməyə məcbur etməlidir.

Payızda isə yeni müharibə əməliyyatları ehtimalı var...”.

Alpər Mövludoğlu”
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Silah   Fransa   Müharibə  


Bizi "telegram"da izləyin