2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra iki ölkə arasında münasibətlər çox gərginləşib və qırılma həddinə çatıb. Nazir müavinləri səviyyəsində başlayan kəşfiyyat xarakterli danışıqların tədricən xarici işlər nazirləri səviyyəsinə keçməsi, Ərdoğan və həmkarı Əbdül Fəttah əs-Sisinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı çərçivəsində bir araya gəlməsi ilə normallaşma prosesinin dönüş nöqtəsi oldu.
2023-cü ildə təqribən 10 illik fasilədən sonra müvəqqəti işlər vəkili səviyyəsində həyata keçirilən diplomatik münasibətlərin səviyyəsi yenidən səfirlik səviyyəsinə keçəcək ki, bu da hər iki ölkənin normallaşma prosesində qətiyyətini göstərməsi baxımından vacibdir.
Misirdə Qəzza diplomatiyası
Bu gün iki ölkənin yenidən əməkdaşlığı təkcə tərəflər arasında siyasi, iqtisadi və sosial əlaqələrin canlanmasında deyil, həm də davam edən regional böhranların həllində və ya yumşaldılmasında çox kritik bir məqsədə xidmət edir. Bu kontekstdə diqqət çəkən böhran bölgələrindən biri də Qəzzadır.
Həmkarı Sisi ilə görüşlərindən sonra açıqlama verən Ərdoğan bu mövzuda xüsusi olaraq deyib: “Qəzzada axan qanı dayandırmaq üçün misirli qardaşlarımızla əməkdaşlığımızı davam etdirəcəyik”. Onun bu ifadələri işlətməsi mövcud vəziyyətin göstəricisi kimi oxuna bilər.
Məlum olduğu kimi, Misir sərhədləri daxilində olan və Ərdoğanın səfərindən 2 gün əvvəl İsrailin hava hücumlarının həyata keçirildiyi “Rəfah” Sərhəd Qapısı Qəzzanın İsraildən kənarda olan yeganə quru sərhədidir. Bu vəziyyət həm Qəzzada davam edən münaqişə mühitində Misirin üzərinə kritik bir məsuliyyət qoyur, həm də İsraillə münasibətləri çox həssas edir. Yerləşdiyi yerə görə Qəzza xalqına humanitar yardımların çatdırıldığı bir dəhliz funksiyasını yerinə yetirən Rəfah şəhəri istiqamətində İsrailin hərbi əməliyyatları çox sayda insanın həyatını itirməsinə səbəb olub.
Digər tərəfdən, bu hücumlardan sonra həm İsrailin, həm də Misirin müəyyən hərbi hazırlıqlar gördüyünü söyləmək olar. Misirin xarici işlər naziri Semih Şükrü İsrailin Rəfaha qarşı mümkün quru əməliyyatına qarşı Misir və İsrail arasında 1979-cu ildə imzalanmış Kemp-Devid Sülh Müqaviləsini dayandıra biləcəklərini açıqlayıb və Misirin müqavilənin imzalandığı tarixdən bu yana bütün öhdəliklərini yerinə yetirdiyini bildirib.
Digər tərəfdən, Misir ordusunun Qəzza sərhəddində mövcudluğunu gücləndirməsi və sərhədə çoxlu tank və hərbi birləşmələr yerləşdirməsi mümkün hesab edilir. Belə bir ssenaridə Qəzzada didərgin düşmüş insanlar da daxil olmaqla əhalisi təxminən 1,5 milyona çatan Rəfah şəhəri mümkün quru əməliyyatı nəticəsində Misir ordusu ilə İsrail qoşunları arasında qarşıdurmanın şahidi ola bilər.
Qeyd etmək olar ki, İsrailin əsas məqsədi bölgədəki sakinləri Sinaya təxliyyə edərək, sərhəddəki potensial təhlükəni minimuma endirməkdir. Bu çərçivədə Misirə təqdim edilən təxliyə planının birinci mərhələsində Qəzzanın cənubundan Rəfahın şimalına qədər uzanan bölgədə 15 fərqli bölgənin yaradılması və bu ərazilərdə 25 min çadırın qurulması nəzərdə tutulur.
Misir bundan əvvəl İsrailin Qəzzanı Sinaydan ayıran və humanitar yardımın əsas marşrutlarından biri olan Filadelfiya dəhlizinə nəzarət etmək tələbini rədd etmişdi. Bu nöqtədə Misirin əsas narahatlığının Qəzzanın cənubunda İsrail hücumlarının intensivliyinin artması ilə meydana gələn kütləvi köç və bu köçün Sinay bölgəsində yaradacağı demoqrafik və təhlükəsizlik əsaslı problemlər olduğu söylənilə bilər.
Ona görə də Qəzzadan intensiv miqrasiya axını Misir üçün qəbuledilməz qırmızı xəttdir. Bu motivasiya ilə Sisi rəhbərliyi öz ərazi təhlükəsizliyinə diqqət yetirərək, Qəzzada atəşkəsin təmin edilməsi üçün ən sıx səy göstərən ölkələrdən biridir. Misir hazırkı mərhələdə Kemp-Deviddən istifadə edərək və Türkiyə ilə əməkdaşlığı inkişaf etdirərək, İsraili heç olmasa müvəqqəti atəşkəsə məcbur etmək üçün addımlar atır.
Çünki hərbi əməliyyatların başladığı 7 oktyabrdan bu yana regional və beynəlxalq qurumlar vasitəsilə həm siyasət, həm də diskurs baxımından İsraili hədəf alan bir aktor kimi Türkiyənin dəstəyi Misirə müəyyən qədər çeviklik verə bilər, həm də atəşkəs prosesini sürətləndirə bilər.
Türkiyənin prosesdəki fəal rolu
Gələcəkdə oxşar ssenarilərin yaşanmaması üçün Türkiyənin həm Qəzzanın yenidən qurulması prosesində, həm də Fələstin xalqının hüquqları nəzərə alınaraq qurulacaq yeni idarəçilik prosesində aktiv rol alması yenə də Misirin siyasi məsuliyyətini bölüşmək deməkdir. Ərdoğanla Sisi arasındakı danışıqlar Liviya, Şərqi Aralıq dənizi və Sudan kimi regional münaqişə nöqtələrini əhatə etsə də, Qəzza məsələsi və xüsusilə Rəfah şəhərində yaşana biləcək mənfiliklər səfər çərçivəsində müzakirə edilən mühüm alt başlıqlar sırasına daxil edilə bilər.
Nəticə etibarilə qısa və ortamüddətli perspektivdə alovlana biləcək İsrail-Misir gərginliyi bu baxımdan regional sabitliyə daha böyük ziyan vura bilər. Belə bir atmosfer İsrailin Qəzzaya hücumlarına səbəb ola bilər və onun Sinaya məcburi təxliyə planlarını həyata keçirməsinə imkan verə bilər. İsrailin Baş naziri Benyamin Netanyahunun İsrail ordusundan Rəfahda mümkün quru əməliyyatı planlaşdırma tələbi də prosesin miqyasını göstərdiyi üçün əhəmiyyətlidir.
Misir administrasiyası son illərdə İsraillə müsbət əlaqələr saxlasa da, son hadisələr Sisi administrasiyasına Qəzzaya əsaslanan sosial təzyiqlərin artmasına səbəb olub. Belə ki, Misir və ərəb ictimaiyyəti arasında Qahirənin Qəzzada baş verənlərə adekvat reaksiya vermədiyi qənaətini getdikcə gücləndirib. Bu məqamda Ərdoğanın Misirə səfəri Türkiyənin Fələstin məsələsində Sisi rəhbərliyinə güclü dəstəyi deməkdir.
Sevinc Əliyeva
Ordu.az