Zəngəzur dəhlizində İran-Ermənistan müharibəsi – Tehran İrəvana “qardaş desə də, qardaş kimi davranmır”

2023/09/1694268019.jpg
Oxunub: 10309     20:20     30 Yanvar 2024    
Cənubi Qafqazdan tutmuş Ərəbistan yarımadasına qədər coğrafi və siyasi regionu əhatə edən Ön Asiya və Orta Şərqdə cərəyan edən siyasi preoseslər getdikcə daha da mürəkkəbləşir, obrazlı desək, dənizçilərin məhşur “tısbağa düyünü”nə çevirilir.

Bu geopolitik proseslər şəbəkəsinin ən dinamik aktorlarından biri olan İranın həm qonşuları, həm də region ölkələri ilə münasibətlərinin ziqzaqvari trayektoriyası hələ ki, rəsmi Tehranın “diplomatik sürüşkənliyi”nə xidmət edə bilir…

Yaxın və Orta Şərqdə siahlı qarşıdurmalarda konkret tərəf kimi çıxış edən İran İslam Respublikası öz şimal və şimal qərb sərhədlərindəki dövlətlərlə diplomatic müstəvidə münasibət saxlayır. Baxmayaraq ki, Tehran istər Moskva, Bakı və İrəvanla, istərsə də NATO-ya üzv olan Ankara ilə siyasi-iqtisadi və regional məsələlərdə əlaqələrinin qorunub saxlanması üçün manipulyasiyalar edir, amma bütün bunların fonunda öz dəst-xəttindən çəkilmir və söz sahibi olduğunu ortaya qoymağa çalışır, özünün strateji maraqlarına xələl gəlməməsi üçün bəzən gərgin müstəvilərdə də “gəzişir”.

2020-ci ilin sentyabr ayının 27-də Qarabağda başlayan müharibə həmin ilin noyabr ayının 10-da münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirməli idi.

Tərəflərin razılığı ilə imzalanan sənəd əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası da nəzərdə tutulurdu.

Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycan və Türkiyənin bölgədəki mövqeyinin daha da möhkəmlənəcəyini düşünən regional və qeyri-regional aktorlar narahatlıq keçirməyə başladılar.

Zəngəzur dəhlizi ideyasının reallaşması təkcə Azərbaycan və Türkiyənin bölgədə mövqeyinin möhkəmlənməsi deyil, həm də Ermənistanın beynəlxalq aləmə çıxışını yaxşılaşdıracaq, onun iqtisadi imkanlarının genişlənməsi ilə nəticələnəcək. Dəhlizin reallaşması İrəvanın dünya səviyyəli iqtisadi layihələrə qoşulmasını, həmçinin onun Böyük İpək yolu və ya Orta Dəhlizə çıxışını asanlaşdıracaqdı.

Bütün bunlar baş verdiyi halda, son illər ərzində regionda düzənlənmiş nizam pozulacağından ehtiyat edən İran Ermənistanın birdən-birə dünyaya və Avropaya çıxışını özü üçün təhlükə mənbəyi hesab etməyə başladı. Əslində, ötən əsrin 90-cı illərində müstəqillik qazanan Ermənistanın Nikol Paşinyanın komandasına qədərki siyasi hakimiyyətlərinin siyasi kursundan həm məmnun qalan, həm də ehtiyatlanan Tehran Cənubi Qafqaz regionunda təsir imkanları olan yeganə respublikanı - Ermənistanı itirməkdən, daha doğrusu, İrəvanı Azərbaycan-Türkiyə tərəfdaşlığının fonunda görməkdən əndişələnməyə başladı.

Əgər Zəngəzur dəhlizi reallaşsa, söz yox ki, Ermənistan iqtisadi platformalara çıxış əldə edəcək, bu isə ölkənin demokratikləşməsinə təkan verməklə yanaşı, həm də onun müxtəlif səbəblərdən yuvarlandığı uçurumlardan, narkotik tranziti, qanunsuz silah satışı, briliyant qaçaqmalçılığı, eləcə də terror təşkilatları ilə əməkdaşlıq kimi dairələrdən çıxmasına zəmin yaradacaq. Sadalanan bu amillər İranın Ermənistanla bağlı strateji hədəflərini sıradan çıxarır, həmçinin Tehran balaca olsa da, yaxın və ucuz bir bazarı itirməli olur.

İranın Ermənistanla siyasi-iqtisadi münasibətlərində qəfildən Azərbaycan və Türkiyənin “peyda olması” söz yox ki, Tehranı əndişələndirməyə bilməz.

Bu səbəbdən də, İran Zəngəzur dəhlizinin mövcudluğunu heç cür həzm etmək istəmir və onun reallaşmasını əngəlləmək üçün, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Bakı ilə dalana dirənən diplomatik münasibətlərini tələm-tələsik bərpa elədi, ardınca isə öz ərazisindən keçməklə Naxçıvanla Azərbaycanın qərb rayonlarının əlaqəsinin yaxşılaşdırılması layihəsində iştiraka imza atdı.

Digər tərəfdən, Zəngəzur dəhlizinin mövcudluğu Azərbaycan və Türkiyə, eləcə də Ermənistan və Gürcüstan üçün İranın həm geopolitik, həm də iqtisadi əhəmiyyətini ciddi şəkildə azaldacaq.

İran tərəfinin təkcə ötən ilki geopolitik və iqtisadi sferaları əhatə edən açıqlamalarını xatırlayaq. Ötən ilin yayında Tehran Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan da daxil olmaqla dənizə və ya okean sularına çıxışı olmayan 8 ölkənin okean sularına çıxışını təmin etməyə hazır olduğunu bəyan etmişdi. Bu, həm də dolayısı ilə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq idi. Çünki son 30 ildə, Gürcüstan üzərindən istifadə istisna olmaqla, Ermənistan dənizə çıxış imkanlarını itirib. İran üzərindən Fars körfəzinə çıxış isə İrəvandan əlavə xərc və zəhmət tələb edir.

İndiyədək, əsas maliyyə qaynaqları Avropa İtitfaqı və Rusiya ilə bağlı olan Ermənistan Hindistan və Çin bazarına çıxış əldə etmək üçün iki çətin marşrutu seçməyə məcburdur… Bunlardan biri aviasiya əlaqəsi ilə Rusiya üzərindən, digəri isə aviasiya və ya dəmir yolu vasitəsi ilə İran üzərindən limana çıxmaqdır.

Amma erməni alatiklərin fikrincə, Fars körfəzinə aparan dəmir yolu xətlərindən istifadə etmək üçün Ermənistanla İran arasında xeyli sayda logistik problemlər mövcuddur. Xüsusilə, Qara dənizi Ermənistandan keçməklə İran üzərindən Fars körfəzi ilə birləşdirən Şimal-Cənub magistralının inşası kimi problemlər də hələ ki, həllini tapmamış qalır.

Deməli, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdıra bilməyən Ermənistan İranla mövcud biznes əlaqələrindən asılı qalmaqda davam edəcək.

Ən maraqlı məqamlardan biri də budur ki, İranla diplomatik münasibətləri heç də yaxşı olmayan ABŞ və Avropa ölkələrinin bir qismi Ermənistanı İranla iqtisadi əlaqələri kəsməyə vadar etməməklə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq üçün İranın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirirlər. Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 - Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də Türkiyə, Rusiya və İran əməkdaşlıq formatına rəsmi Tehranın “isti” yanaşamaması bölgədə sülhün, iqtisadi əlaqələrin, kölgədə qalmasına hesablanıb.

Digər tərəfdən, Zəngəzur dəhlizinin reallaşdırılması Türkiyə-Rusiya əlaqələrinin də inkişafında müstəsna əhəmiyyət daşıyır. Bu dəhlizin işə düşməsi Tehranın nə siyasi, nə də iqtisadi maraqlarını təmin etmir. Bu, həm də hazırda sanksiyalarla üz-üzə qalan Rusiyanın ərəb dünyası və müəyyən Avropa, həmçinin Afrika ölkələri ilə əlaqələrində “nəfəsliyin” açılması demək olar. Belə olduğu təqdirdə, İran daha bir cəhətdən Rusiya üçün əhəmiyyətini nəzərəçarpacaq dərəcədə itirmiş olacaq.

İran Prezidenti İbrahim Rəisinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə “Zəngəzur dəhlizi NATO-nun Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq” kimi fikri də, əslində Ermənistana yox, Rusiyaya hesablanmış bir mesajdır ki, Moskva NATO-nun bölgədə peyda olmasını heç cür istəmir, hətta buna mane olmaq üçün strateji siyasət yürüdür.

Çox da uzaq olmayan keçmişə nəzər salaq: İran öz şimalında, Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə qoşun cəmləyəndə çoxları bunun təkcə Azərbaycana qarşı təhdid olduğunu düşünürdü. Amma proseslərin gedişatı göstərir ki, Tehranın bu addımı Bakıdan daha çox İrəvana hesablanıbmış. Əgər Ermənistan hökuməti Zəngəzur dəhlizinin açılmasına razılıq versəydi, Tehranın İrəvanla silahlı qarşıdurmaya gedəcəyi istisna edilmirdi. Bölgədə silahlı gərginlik yaratmaqla Ermənistan üzərindən daha çox İranın maraqları üstündən keçən Zəngəzur dəhlizini “qayçılamaq” üçün İslam Respublikasının ən ağır riskləri göz altına alacağı bu gün də aktualdır. İran onu satmaqda günahlandırığı İrəvana müharibə elan edə biləcək qədər əndişəlidir desək, yanılmarıq.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin