Türkiyə Prezidenti Ərdoğan vəziyyətə münasibət bildirib. O, husilərə qarşı hərəkətləri “qeyri-mütənasib güc tətbiqi” kimi qiymətləndirib. Əlbəttə, Ərdoğan qiymətləndirməni ABŞ və Böyük Britaniyanın ünvanına ritorika ilə paketləyib və deyib ki, onlar “Qırmızı dənizi qan gölünə çevirmək istəyirlər”. Lakin Ərdoğanın Qəzza zolağındakı müharibəni də yenidən “qeyri-mütənasib güc tətbiqi” kimi ABŞ və Britaniyaya aid etməsi son dərəcə əhəmiyyətlidir.
Türkiyə Fələstin məsələsində zahiri olaraq İranla vahid mövqe tutmaq məqsədini bəyan etmişdi, Türkiyə-İran yüksək səviyyəli görüşünün aydınlıq və ya ən azından proqnozlaşdırılabilənlik gətirəcəyi gözlənilirdi, lakin yanvarın 4-də Kirmanda terror aktı olub, İran Prezidenti Türkiyəyə getməyib. Səfərin baş tutub-tutmayacağı barədə məlumat yoxdur. Güman edilir ki, baş tutmayacaq. Türkiyədə yerli seçki kampaniyasına start verilib, tezliklə İran daxili siyasi gərginlik mərhələsinə qədəm qoyacaq, parlament seçkiləri gözlənilir.
Görünən odur ki, Ermənistan-Azərbaycan danışıqlarında mövqelərin kəskin sərtləşməsi, xüsusən də Zəngəzur dəhlizi məsələsinin yenidən gündəmə gəlməsi İran ətrafında baş verə biləcək hadisələrin proqnozlaşdırılması məntiqindədir. Ərdoğanın Qəzzada “qeyri-mütənasib güc tətbiqi” ilə bağlı müşahidəsi kontekstdən və diplomatik mesajın əhəmiyyətindən kənarda qala bilməz.
İranın dəstəklədiyi qüvvələr Suriya, Livan və İraqın şimalında da ağrılı zərbələr alır. Yeri gəlmişkən, İraqın şimalında ilin əvvəlindən Türkiyə “Pəncə-Kilid” adı altında hərbi əməliyyata yenidən başlayıb. Formal olaraq Ankaranın hədəfi PKK terrorçularıdır, bəs bu, ABŞ-nin Suriyada İranın proksi qüvvələrini bombalaması ilə niyə üst-üstə düşür? KİV-lər yazır ki, İran Yaxın Şərqdə bütün icazə verilən sərhədləri keçib və ona ABŞ-nin zəifliyi ideyasının səhv olduğunu açıq şəkildə başa salırlar.
Türkiyə İranın ABŞ-nin gücü ilə bağlı “yanlış təsəvvür formalaşdırması”na töhfə verməyib? İran təbii ki, regionda özünün kəşfiyyat və analitik institutlarına malik olmayan və başqalarının məsləhətlərini əsas götürən sonuncu ölkə deyil, amma praktikada hətta güclülər belə hesablamalarında səhvə yol verirlər.
Rusiya-İran strateji tərəfdaşlıq sazişinin imzalanması da növbəti dəfə təxirə salınıb. Qərb bunun müqabilində Rusiyaya “Ukrayna şirniyyatı” verəcəkmi? Amma belə olan halda Rusiyanın Dərbənd yaxınlığında eyni NATO ilə qarşıdurma xətti olacaq. Bu mümkün “mozaika”da regionun yeri və “rəngi” nədir? Ən əsası isə bu “pazl” yeni müharibə və ya “manjetdən çıxarılan oyun kartlarının tənzimlənməsi” ilə toplana bilərmi?
Firuz Bağırov
Ordu.az