Böyük Britaniyanın qayıdışı və İranla balans: Bakı kommunikasiya qovşağı kimi daha qiymətlidir

2024/01/1704976715.jpg
Oxunub: 697     21:36     11 Yanvar 2024    
Bazar günü məlum olub ki, İran Hərbi Dəniz Qüvvələri (HDQ) uçuş məsafəsi müvafiq olaraq 1000 və 100 kilometrə çatan “Talaieh” və “Nasir” adlı yeni qanadlı raketlər alıb.

Bununla bağlı İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalı Məhəmməd Rza Nakdi bəyan edib ki, İsrail və Qərb Aralıq dənizində bloklana bilər, çünki Cəbəllütariq bağlanacaq. Yəmən husiləri Qırmızı dənizdə yük gəmilərinə qarşı bir neçə dəfə hücuma keçiblər. ABŞ Qırmızı dənizdə dəniz təhlükəsizlik qüvvələrinin formalaşdırılğını elan edib.

Dekabrın 20-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun Bakıda görüşü ilə bağlı rəsmi məlumatın mətnində vurğulanıb ki, görüşdə ikitərəfli münasibətlərdə baş verən son hadisələr nəzərdən keçirilib, həmçinin müxtəlif siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində birgə layihələr, bank və konsulluq məsələləri və digər sahələrdə ikitərəfli münasibətlərə dair müzakirə aparılıb. Bundan əvvəl İran HDQ komandanlığı Bakıda olub.

Xarici KİV-lər Qırmızı dənizdəki vəziyyətə və İran Silahlı Qüvvələrinin gəmilərinin qanadlı raketlərlə silahlanması mövzusuna toxunaraq, Böyük Britaniyanın xarici işlər naziri, keçmiş Baş nazir Kemeronun kifayət qədər sərt bəyanatını Qərb ölkələrinin reaksiyalarından ayırıb. Kemeron qlobal təhlükəsizlik vəziyyətini qiymətləndirib və vurğulayıb ki, bu mürəkkəb mənzərədə İran bölgədə və dünyada son dərəcə dağıdıcı təsir göstərir. O, Qərb ölkələrini və müttəfiqlərini İrana qarşı çəkindirici tədbirlər üçün güclü alətlər dəsti yaratmağa çağırıb.

Keçmiş Baş nazir Kemeronun Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi Qərb mətbuatında Londonun Asiyaya qayıtmaq planının elanı kimi qiymətləndirilib. Dekabrda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londona səfər edib, bunun ardınca Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səfəri baş tutub. Onlar Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə danışıqlar aparıblar.

Bakının İranla hərbi əməkdaşlıqla bağlı çıxışları balans yaradır. Bu mənada, Böyük Britaniyanın xarici işlər nazirinin İrana qarşı çəkindirici alətlər yaratmaqla bağlı bəyanatı diqqətlə ölçülməlidir. London 2024-cü ildə Baş nazir Sunak və Mərkəzi Asiya ölkələrinin liderləri arasında sammit keçirməyi planlaşdırır. Bakı Mərkəzi Asiyaya və ondan gələn kommunikasiya qovşağıdır. Bundan əlavə, 2024-cü ildə Bakı-Ceyhan neft kəməri sazişinin 30-cu ildönümü qeyd olunur və Azərbaycan COP29 iqlim məsələləri üzrə qlobal konfransa ev sahibliyi edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Kemeron   Azərbaycan  


Bizi "telegram"da izləyin