Aİ-nin 2024-cü il gündəmi: İqtisadi durğunluq, genişlənmə və Rusiya-Ukrayna müharibəsi

2024/01/1704974026.jpg
Oxunub: 962     20:23     11 Yanvar 2024    
Qərbi Avropada inteqrasiya hərəkatı 2023-cü ili necə keçirdi və 2024-cü ildə onun prioritetləri nədən ibarət olacaq? Avropa Parlamenti (AP) və Amerika Birləşmiş Ştatları (ABŞ) prezident seçkilərinin Avropa İttifaqına (Aİ) təsiri necə olacaq? Qərbi Balkanlarla yanaşı, Şərq Tərəfdaşlığı ölkələri ilə də namizədlik və danışıqlar əsasında əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan Aİ-nin genişlənmə strategiyasında Türkiyə ilə danışıqların canlandırılması da varmı? Bütün bu suallara cavab verməzdən əvvəl Aİ-nin bu gün üzləşdiyi problemlər araşdırılmalıdır.

Aİ 2004-cü ildən Fətrət Dövrü yaşayır

Aİ təxminən 20 ildir ki, aralıq dövrü, yəni Fətrət Dövrü yaşayır. Aİ-də durğunluğun bir çox səbəbi var. Bunlardan ən mühümü 2004 və 2007-ci illərdə ittifaqa qoşulan ölkələrin Aİ iqtisadiyyatı və təşkilati strukturu üzərində yaratdığı yükdür. Həqiqətən də XXI əsrin ilk onilliyində Aİ-yə daxil olan ölkələrin böyük əksəriyyəti demokratiya, insaq hüquqları və bazar iqtisadiyyatı təcrübəsi olmayan Varşava Müqaviləsi Təşkilatı, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və keçmiş Yuqoslaviyadan qopmuş ölkələr idi. Bu ölkələrin üzv olması ilə əlaqədar olaraq Aİ daxilində rifah cəmiyyəti göstəricilərində azalma müşahidə olunub.

Aİ-də aralıq dövrün ikinci səbəbi 2005-ci ildə Fransa və Niderland tərəfindən yol xəritəsi kimi hazırlanmış Konstitusiyanın rədd edilməsidir. İki qurucu ölkənin konstitusiyanı qəbul etməməsi Aİ-nin gələcəyi ilə bağlı optimist gözləntiləri aradan qaldırdı və şübhələri gücləndirdi. Üçüncüsü, qlobal iqtisadi böhranın Aİ-yə mənfi təsirləri Avrozonaya dərindən təsir etdi. Böhrana görə valyuta ittifaqına daxil olan bəzi ölkələrin göstəriciləri Maastrixt kriteriyalarından uzaqlaşıb. Lakin bu ölkələr siyasi qərarla Avrozonada saxlanılıb. Bununla da avronun dollara nisbətdə ucuzlaşmasının qarşısı alınıb.

Aİ-nin üzləşdiyi durğunluğun digər səbəbi “Ərəb baharı”ndan sonra Məğrib və Yaxın Şərq ölkələrindən Avropa ölkələrinə qaçqın axını ilə yanaşı, Avropada güclənən marjinal, populist, irqçi siyasi partiyalar və irqçiliyin, ksenofobiyanın artmasıdır. Bundan əlavə, Böyük Britaniyanın ayrılmasından qısa müddət sonra başlayan “Covid-19” böhranı və Rusiya-Ukrayna müharibəsi də Aİ-yə mənfi təsir göstərib. Müharibənin Aİ-yə başqa bir qiyməti Ukrayna əsilli qaçqınların axını oldu. Son 2 ildə 7 milyona yaxın qaçqın Ukraynanı tərk edərək, Avropa ölkələrinə sığınıb.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və təbii qaz axınının kəsilməsi nəticəsində sənaye istehsal gücünün azalması səbəbindən Rusiya-Ukrayna müharibəsinin Aİ ölkələrinə mənfi təsirləri daha da artdı və iqtisadi durğunluq başladı.

2023-cü il Aİ üçün necə keçdi?

Aİ üçün 2023-cü il bir tərəfdən restrukturizasiya və islahatlar səyləri, digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərin həlli yollarının axtarışı ilə keçdi. 2022-ci il fevralın 24-də başlayan müharibənin Aİ-yə mənfi təsirləri enerji böhranı, qaçqın axını və iqtisadi göstəricilərin pisləşməsi şəklində cərəyan etdi.

Ukrayna müharibəsinin Aİ inteqrasiyasına müsbət töhfələri müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirir, üzv dövlətlər arasında mübahisələri arxa planda saxlayır və yeni genişlənmə dalğasına başlayır. Ukrayna, Moldova və Gürcüstan 2023-cü ildə Aİ tərəfindən namizəd elan edilib. 2023-cü il dekabrın 14-15-də keçirilən Brüssel sammitində dərhal Ukrayna və Gürcüstanla danışıqlara başlamaq və Bosniya və Herseqovinanı danışıqlara hazır vəziyyətə gətirmək qərara alınıb. Coğrafi cəhətdən Avropa qitəsində olmayan, lakin Avropa Şurasının üzvü olan Gürcüstan da Aİ-yə namizəd elan edilib.

2023-cü ildə Aİ-nin digər prioriteti qeyri-qanuni miqrasiya ilə mübarizə olub. Polşa və Macarıstanın etirazına görə miqrasiya müqaviləsi yekunlaşdırılmasa da, miqrasiya siyasətində əhəmiyyətli irəliləyişlər əldə edilib.

2023-cü il oktyabrın 7-də İsrail-Fələstin münaqişəsi başlayanda Aİ aydın mövqe nümayiş etdirməkdə çətinlik çəkdi. Aİ-nin yüksək rütbəli rəhbərliyinin ABŞ ilə paralel hərəkət etməsi, İsrailin xeyrinə bəyanatlar verməsi və Yerusəlimə (Qüds) səfər etməsi ittifaq daxilində mübahisələrə səbəb olub. İspaniya, İrlandiya və Belçika kimi ölkələr Aİ-nin yüksək rəhbərliyini ittifaqın strateji perspektivindən uzaqlaşmaqda ittiham ediblər. Bu arada Aİ Sammitinin yekunu olaraq dərc edilən bəyannamədə hətta İsrail-Fələstin münaqişəsi üçün atəşkəs çağırışı belə olmayıb. Aİ-nin İsrail-Fələstin münaqişəsində sürüklənməsi, başqa sözlə, İsrailin lehinə mövqe tutması ilin son rübündə Avropanın hər yerində qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən nümayişlərlə səsləndirildi.

2023-cü ildə Aİ tərəfindən Türkiyə ilə bağlı 3 hesabat dərc edilib. Bunlardan birincisi sentyabr ayında Türkiyə məruzəçisi Naço Sançez Amor tərəfindən hazırlanıb. Bu hesabat Avropa Parlamentində qəbul edilib. Avropa Komissiyasının hazırladığı ölkə hesabatı noyabrın 8-də, Josep Borrell tərəfindən hazırlanan Türkiyə yol xəritəsi adlı hesabat isə noyabrın 29-da dərc olunub. Bütün bu sənədlərdə tamhüquqlu üzvlük danışıqlarının canlandırılmasından bəhs edilməsə də, ikitərəfli münasibətlərin gücləndirilməsi və mübahisəli məsələlərin müzakirəsi tələb olunub.

2024-cü ildə nələr baş verəcək?

Aİ-nin 2024-cü il üçün prioritetlərini müəyyən edən ən mühüm sənəd “Strateji gündəm” adlı sənəddir. Hər 5 ildən bir yenilənən sənəddə Aİ-nin hədəfləri belə ifadə edilir: “Aİ-nin əsas dəyərlərini, sülh və rifahı qorumaq və gücləndirmək, təhlükəsizlik və müdafiə sahəsində lazımi addımları atmaq, Aİ-nin rəqabətli strukturunun davam etdirilməsi üçün səy göstərmək, miqrasiya və genişlənmə ilə bağlı prioritetləri müəyyən etmək”. Aİ-nin bir çox sənədlərində oxşar bəyanatlara rast gəlmək mümkündür. 2024-cü ildə Aİ-nin siyasi və iqtisadi prioritetlərinin daxili balanslardan və qlobal inkişaflardan asılı olaraq formalaşacağı şübhəsizdir.

İyunun 6-9-da Aİ-yə üzv ölkələrdə Avropa Parlamentinə seçkilər keçiriləcək. Məlumdur ki, Avropada irqçi, ksenofob və populist siyasi partiyalara ictimai dəstək ümumilikdə artıb. Maraqlıdır, bu tendensiya Avropa Parlamentinə seçkilərdə necə əks olunacaq? Komissiya sədri Ursula von der Leyenin vəzifəsini davam etdirib-etməyəcəyi AP seçkilərindən sonra dövlət və hökumət başçıları arasında aparılan danışıqlar nəticəsində müəyyənləşəcək. Bənzər şəkildə AP seçkilərindən sonra Nazirlər Şurasının sədri, Ümumi Xarici Siyasət (CFSP) Ali Nümayəndəsi və Avropa Parlamentinin sədri də dəyişəcək.

2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri də Aİ-yə birbaşa və dərindən təsir edəcək. Seçkilərdən sonra administrasiya dəyişikliyi həm Rusiya-Ukrayna müharibəsinə, həm də ABŞ-Aİ münasibətlərinə təsir edəcək. 2024-cü ilin birinci yarısında Aİ-yə Belçika, ikinci yarısında isə Macarıstan sədrlik edəcək. 2023-cü il dekabrın 14-15-də keçirilən Brüssel sammitinin qərarında əks olunduğu kimi, Aİ-nin Türkiyə ilə münasibətləri dar çərçivəyə salınıb. Aİ-nin bu məsələ ilə bağlı mövqeyini 2024-cü ilin martında açıqlayacağı gözlənilir. Aİ-nin Türkiyə ilə tam üzvlük danışıqlarını canlandırmaq üçün islahat tələbi gündəmə gələ bilər.

Türkiyə-Aİ münasibətlərində tam üzvlükdən kənarda qalan mövzular gömrük ittifaqının yenilənməsi, viza azadlığı, qaçqın məsələləri və dəniz yurisdiksiyaları kimi sıralanır. 2024-cü ildə bunların bəzilərində irəliləyiş əldə etmək mümkün görünür. 2024-cü ildə Aİ üçün digər prioritetlər iqtisadi tənəzzülün aradan qaldırılması, iqlim və enerji sahəsində aparılan işlərin sürətləndirilməsidir. Aİ-nin gələn il prioritet edəcəyi digər məsələ genişlənmə olacaq. Bu kontekstdə il ərzində Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünün sürətləndiriləcəyi, Ukrayna və Moldova ilə tamhüquqlu üzvlük danışıqlarının başlayacağı gözlənilir.

2024-cü ildə baş verəcək digər təəccüblü hadisə isə Cənubi Qafqazda Ermənistanın Aİ-nin qapısını döyəcəyidir. Gürcüstanın Aİ tərəfindən namizəd elan edilməsi bu ehtimalı gücləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   2024   2023  


Bizi "telegram"da izləyin