Britaniya Mərkəzi Asiyaya qayıdır: “Yeni Böyük Oyun”da Zəngəzur dəhlizi reallığı

2023/11/Orta--1701244306.jpg
Oxunub: 874     20:39     10 Yanvar 2024    
Böyük Britaniya İcmalar Palatasının Xarici Əlaqələr Komitəsi hələ oktyabr ayında hazırlanmış və hökumətə ünvanlanmış hesabat dərc edib. Hesabat Mərkəzi Asiya və Böyük Britaniyanın bu həyati regiondakı maraqlarına həsr olunub. Komitə hökumətə bir sıra məsləhət xarakterli tövsiyələr verib.

Diplomatik mənbələrin mətbuata verdiyi məlumata görə, hökumət Mərkəzi Asiya ilə Böyük Britaniya arasında “5+1” formatında dialoqun başlanması təklifini bəyənib. İlkin razılığa əsasən, gələn il ərzində Londonda 5 Mərkəzi Asiya ölkəsinin liderləri və Böyük Britaniyanın Baş nazirinin sammitinin təşkili planlaşdırılır.

Bununla bağlı Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin analitiki qısa şəkildə bildirir ki, “Böyük Britaniya Asiyaya qayıdır”. Bundan əlavə, hakimiyyət dəyişikliyindən sonra Qazaxıstanın keçmiş prezidentinin, onun ailə üzvlərinin və yaxın çevrəsindən bir neçə şəxsin Böyük Britaniyadakı bank hesablarının və daşınmaz əmlakının qanuniliyi ilə bağlı fikir ayrılıqları səbəbindən London və Astana arasında gərginliyin yarandığı qeyd edilir. Söhbət Astananın müsadirə olunaraq Qazaxıstan hökumətinə qaytarılmasını tələb etdiyi milyardlarla dollardan gedir. Bişkekin də oxşar problemləri var.

Bu fikir ayrılıqlarının nə dərəcədə həll oluna biləcəyi başqa sualdır. Daha önəmlisi, Mərəzi Asiya-Böyük Britaniya dialoqunun mümkün başlaması haqqında məlumat Fransa Prezidentinin Qazaxıstan və Özbəkistana səfərindən, Türk Dövlətləri Təşkilatının Astana sammitindən və Mərkəzi Asiya-Aİ kommunikasiya logistikasının modernləşdirilməsi üzrə yol xəritəsinin qəbul edildiyi BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının Bakı Zirvə görüşündən sonra açıqlanır. Əslində söhbət limanların və Bakı-Qars dəmir yolunun modernləşdirilməsindən, ötürmə qabiliyyətinin artırılmasından gedir.

Böyük Britaniyanın Mərkəzi Asiya ölkələrinə nə təklif etməsi məsələnin bir tərəfidir. London-Mərkəzi Asiya kommunikasiyasının logistika problemi daha əsaslıdır. Məhz bu anda Ermənistan-Britaniya əməkdaşlıq dialoqunun başlamasına diqqət etməliyik. Eyni zamanda, Qazaxıstan Prezidentinin gələn il Ermənistana səfər edəcəyi də məlum olub.

Sovetlərin dağılmasından sonra Ermənistanın xüsusən Mərkəzi Asiyanın türkdilli ölkələri ilə münasibətləri ən azından soyuq olub və bu, Azərbaycana hətta açıq şəkildə bəyan etməyə imkan verib ki, KTMT və AİB-də Bakının İrəvandan daha çox müttəfiqi var. Qazaxıstan Prezidenti ikitərəfli münasibətlərin yaxşılaşması kontekstində Ermənistana səfər dəvətini qəbul edib, yoxsa bu, Orta Asiya ilə Ermənistan arasında mümkün əməkdaşlıq perspektivi ilə əsas dialoqun simvoludur?

İkinci variantın mümkünlüyü varsa, hansı halda Ermənistan Mərkəzi Asiya-Azərbaycan-Avropa İttifaqı və ya Böyük Britaniya-Mərkəzi Asiya logistikasında iştirakçı ola bilər? Təbii ki, Ermənistanla Qazaxıstan arasında ticarət-iqtisadi əlaqələrin kommunikasiya komponenti də az əhəmiyyət kəsb etmir. Hər iki ölkə AİB üzvüdür, lakin Ermənistanın Gürcüstan və Rusiyanın vasitəçiliyi ilə Qazaxıstana o qədər də etibarlı olmayan bir quru yolu var. Bunu Azərbaycan təmin edə bilər, bunun həlli isə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasından asılıdır.

London Mərkəzi Asiyada yeni neft və qaz konsorsiumu planlaşdırır, yoxsa Əfqanıstana nəzarət etmək üçün “Asiyaya qayıdır”? Görünür, Rusiya ABŞ-nin Əfqanıstanı tərk etməsi imkanından istifadə etməyi və Mərkəzi Asiyaya tam şəkildə nəzarət etməyi bacarmadı və ya bunu istəmədi. Türkiyənin gücü genişlənir, Çin isə “gecikir”. Britaniya şirinin Mərkəzi Asiyaya sıçrayışı “rəqabət aparın, amma münaqişə etməyin” şəklində olan ABŞ-Çin razılaşmasının bir hissəsidirmi? Bu, ümumiyyətlə Qafqaz üçün fürsət ola bilərmi? Zəngəzur dəhlizinin açılması tezləşdiriləcəkmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin