Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey” Liberiya bayraqlı “İsrailə bağlı” gəminin kimyəvi maddələr daşıdığını və Hindistan sahillərində üzdüyünü bildirdi. “Ambrey”in məlumatına görə, hücum Hindistan sahillərindən 200 kilometr cənub-qərbdə baş verib. “Ambrey”in saytında yanğının gəmi heyətindən heç birinə zərər vermədən söndürüldüyü bildirilib. “Reuters” bildirib ki, gəmidə baş verən yanğın nəticəsində bəzi struktur dağıntılarının meydana gəldiyi məruzə edilib və bir qədər su gəmiyə çatdırılıb.
Fransa Xəbər Agentliyinin (AFP) xəbərinə görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmisi gəminin hücuma məruz qaldığı bölgəyə bir təyyarənin göndərildiyini və təyyarənin gəmiyə çataraq, həm gəminin özünün, həm də heyətinin təhlükəsizliyini təmin etdiyini açıqlayıb. Hindistan rəsmisi bildirib: “Hindistan HDQ-dən bir döyüş gəmisi də lazımi yardımı göstərmək üçün bölgəyə göndərilib”.
Hücuma görə məsuliyyəti hələ heç kim üzərinə götürməsə də, İsrail İctimai Yayım Korporasiyası (Makan) gəmini hədəf alan PUA-nın İrandan havaya qalxdığını iddia edib. Ötən ay Hind okeanında bir İsrail ticarət gəmisi PUA ilə hədəfə alınıb və hücum nəticəsində gəmi zədələnib. ABŞ hərbi rəsmisi hücumun arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) olduğundan şübhələndiyini bildirib.
İran daha əvvəl Hind okeanının şimalında PUA platformaları ilə dolu gəmilər yerləşdirmişdi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) husilərin 35-dən çox fərqli ölkədən 10 ticarət gəmisini hədəf alan 100-dən çox PUA və ballistik raket hücumundan sonra açıq dənizlərdə gərginliyin artdığını vurğuladı. Gəmiçilik şirkətləri Qırmızı dənizdən istifadə etməli olan gəmilərinin səfərlərini dayandırdılar.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) şənbə günü Yəmənin Salif şəhərindən 45 dəniz mili cənub-qərbində yerləşən Babül-Məndəb boğazı ətrafında insident qeydə alındığını açıqlayıb. Açıqlamada səlahiyyətlilərin araşdırma apardığı və gəmilərə keçid zamanı diqqətli olmaları barədə göstəriş verildiyi bildirilib.
Su yollarının bağlanması təhlükəsi
Digər tərəfdən, SEPAH Dəniz Qüvvələri komandanı kontr-admiral Əli Rza Tenqsiri okean səfərbər qüvvələri (Bəsic) yaratdıqlarını və bu “Bəsic” qüvvələrinin Tanzaniyaya çatacaq qədər böyük qayıqlara sahib olduğunu açıqladı. Bir neçə gün sonra SEPAH-ın baş koordinatoru Məhəmməd Rza Nakdi ABŞ və müttəfiqlərinin Qəzzada hücumları davam etdirəcəyi təqdirdə Aralıq dənizini bağlamaqla hədələyib.
İsraillə münaqişəsində HƏMAS-ın tərəfində olan İran ABŞ-ni İsrailin Qəzzadakı hücumlarını dəstəkləməkdə ittiham edir. İsrailin Qəzza zolağında həftələrdir davam edən davamlı bombardmanları nəticəsində minlərlə fələstinli həlak olub. Bombardmanlar Qəzza sakinlərinin böyük əksəriyyətinin didərgin düşməsinə səbəb olub.
SEPAH-a yaxın "Tasnim" Xəbər Agentliyi SEPAH koordinatoru Nakdinin bu sözlərini sitat gətirib: “Aralıq dənizinin, Cəbəllütariq boğazının və digər su yollarının tezliklə bağlanmasını gözləsinlər”.
İran Aralıq dənizini göz həpsinə alarkən, SEPAH-ın su yollarını necə bağlamağı planlaşdırdığı məlum deyil. Bununla belə, “Reuters”in məlumatına görə, Nakdi yeni müqavimət qüvvələrinin meydana çıxmasından və digər su yollarının da bağlanmasından danışıb.
SEPAH 2 min kilometrə qədər uçuş məsafəsi olan ballistik raketlər, qanadlı raketlər və PUA-ların arsenalına malikdir.
Nakdi sözlərini belə davam etdirib: “Ötən gün Körfəz və Hörmüz boğazı onlar üçün kabusa çevrildi. Bu gün də Qırmızı dənizdə ilişib qaldılar. Rəhbər (İranın Dini Lideri Əli Xameneyi) onlara ədalətsizlik sərhədləri keçəndə daşqın gözləyin dediyi kimi, cinayət törətməkdə davam etdikcə Aralıq dənizi, Cəbəllütariq boğazı və su yollarının bağlanmasını gözləsinlər”.
Aralıq dənizindəki Cəbəllütariq boğazından coğrafi baxımdan uzaq olan İran Aralıq dənizində “Hizbullah” kimi qruplaşmaları və Suriyada “Hizbullah”la müttəfiq silahlı qrupları dəstəkləyir. Ötən cümə axşamı İranın dəstəklədiyi “İraq İslami Müqaviməti” adlı İraq milis qrupu Aralıq dənizindəki həyati bir hədəfi müvafiq silahlarla hədəfə aldığını və onu tam dəqiqliklə vurduğunu açıqlayıb.
Digər tərəfdən, SEPAH-ın Dəniz Qüvvələri komandanı kontr-admiral Tenqsiri Tanzaniyaya çata biləcək hər ölçüdə mülki gəmilərlə okean səfərbərlik qüvvələri qurduqlarını açıqlayıb. Kontr-admiral Tenqsiri açıqlamasında deyib: “İndi biz okean səfərbər qüvvələri (Bəsic) yaratdıq və bu “Bəsic” qüvvələrinin Tanzaniyaya çatmaq üçün kifayət qədər böyük qayıqları var. Növbəti mərhələ kölgə donanması qüvvələrinin yaradılmasıdır”.
İran husilərin ötən ay Qırmızı dənizdə üzən ticarət gəmilərinə edilən hücumları dəstəklədiyini açıqladı, lakin bu hücumların sifarişi ilə bağlı iddiaları rədd etdi.
İranın Dini Lideri Əli Xameneyi ötən ayın əvvəlində İsraillə ticarət əlaqələrini kəsməyə, İsrailə neft ixracını əngəlləməyə çağırdı və sonra Husi liderlərindən biri dedi ki, Husi qüvvələri Qırmızı dəniz və Babül-Məndəb boğazında İsrail gəmilərini hədəfə ala bilərlər. Bəyanatdan sonra husilərin gəmiləri hədəf alan hücumları artdı.
Kəşfiyyat hesabatı Tehrana işarə etdi
Ağ Evdən cümə günü verilən açıqlamada İranın Qırmızı dənizdə ticarət gəmilərini hədəf alan hücumların planlaşdırılmasında birbaşa iştirak etdiyi bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson bildirib: “Biz bilirik ki, İran Qırmızı dənizdə kommersiya gəmilərinə qarşı əməliyyatların planlaşdırılmasında birbaşa iştirak edir. İranın uzunmüddətli maddi dəstəyi və husilərin regionda sabitliyi pozan fəaliyyətlərini təşviq edən bu vəziyyət kollektiv hərəkət tələb edən beynəlxalq problemdir”.
Londonda yerləşən Ərəb Dünyası Xəbər Agentliyinin (AWP) məlumatına görə, CNN-ə danışan Vatson deyib: “Yeni məxfiliyi ləğv edilmiş kəşfiyyat hesabatı göstərir ki, Qəzza böhranı boyunca husilər İranın dəstəyi ilə İsrailə və onun dəniz hədəflərinə qarşı hücumlar həyata keçirib”.
İranın husiləri dəstəkləmək və ya dəstəkləməmək arasında seçim etmək hüququna malik olduğunu vurğulayan Vatson qeyd edib ki, İranın dəstəyi olmadan husilər Qırmızı dəniz və Ədən körfəzində üzən ticarət gəmilərini effektiv şəkildə izləmək və vurmaqda çətinlik çəkəcəklər.
Vatson sözlərini belə davam etdirib: “İran tərəfindən verilən məlumatlar husilərin noyabr ayında hücumlarına başladıqdan sonra dəniz gəmilərini hədəf alması üçün həyati əhəmiyyət kəsb edir”.
Husilərin Qırmızı dənizdəki hücumlarında istifadə etdikləri PUA və raketlərin 2015-ci ildən husilərə verdiyi dəstək çərçivəsində İran tərəfindən təmin edildiyi bildirilib.
Dəniz ittifaqı
ABŞ-nin müdafiə naziri Lloyd Ostin bu yaxınlarda vəzifəsi Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək olan Birləşmiş Dəniz Qüvvələri adlı çoxmillətli dəniz missiya qrupunun yaradıldığını elan etdi. Ostin verdiyi açıqlamada qeyd edib: “Operation Prosperity Guardian” adlanan yeni missiya qrupuna Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniya daxildir. Missiya qrupun vəzifəsi Qırmızı dənizin cənubunda və Ədən körfəzində təhlükəsizlik problemlərini birgə həll etməyi hədəfləyir”.
Digər tərəfdən, İranın ali dini lideri Xameneyinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani ölkələrə ABŞ-nin rəhbərliyi ilə Qırmızı dənizdə yaradılmış dəniz ittifaqına qoşulmamaq barədə xəbərdarlıq edib. İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani xalq arasında İranın ABŞ ilə birbaşa qarşı-qarşıya gəlməsi ilə bağlı qorxular artdığı zaman verdiyi açıqlamada qeyd edib: “Qırmızı dəniz bizim ərazimizdir, biz ona nəzarət edirik, orada heç kim hərbi əməliyyat keçirə bilməz”.
Logistika izləmə gəmisi
Ağ Ev kəşfiyyat hesabatının təfərrüatlarını dərc edərkən, qərbli və regional səlahiyyətlilər “Wall Street Journal”a (WSJ) verdiyi açıqlamalarda SEPAH-ın husiləri Qırmızı dənizdəki gəmilərə hücum etmək üçün kəşfiyyat məlumatları, həmçinin PUA və ballistik raketlərlə təmin etdiyini bildirib.
Rəsmilər Qırmızı dənizdə yerləşən SEPAH-a məxsus bir müşahidə gəmisinin Babül-Məndəbdəki gəmilərə hücumlarda istifadə ediləcək ticarət gəmilərini izləmək üçün husilərə kəşfiyyat məlumatı verdiyini bildiriblər.
Eyni rəsmilər Babül-Məndəbdə səyahət halındakı çoxlu sayda gəminin internet üzərindən izlənilməmək üçün radarlarını bağladığını, ancaq SEPAH-a məxsus müşahidə gəmisinin təmin etdiyi kəşfiyyat məlumatları ilə husilərin bu gəmiləri PUA-lar və ballistik raketlərlə tam dəqiqliklə hədəfə ala bildiyini qeyd ediblər. Qərb rəsmilərindən biri bildirib: “Husilərin gəmiləri hədəfə almaq üçün radar texnologiyası yoxdur və İranın köməyinə ehtiyacı var”.
İran Qırmızı dənizə qədər uzanan kölgə müharibəsi fonunda İsraillə qarşılıqlı dəniz hücumları çərçivəsində Qırmızı dənizdə kommersiya müdafiəsi altında fəaliyyət göstərən logistika nəzarət gəmisi yerləşdirib. 2021-ci ilin aprelində hədəfə alınan “Saviz” adlı gəmisini Qırmızı dənizdən geri çəkən İran əvəzində bu strateji əhəmiyyətli naviqasiya marşrutu ilə bağlı kəşfiyyat məlumatı toplamaq üçün “Behzad” adlı oxşar gəmi yerləşdirib. “Saviz” və “Behzad” adlı gəmilər hələ də ABŞ-nin 2018-ci ildə əlavə etdiyi sanksiya siyahısındadır.
SEPAH ABŞ-nin keçmiş Prezidenti Donald Trampın 2015-ci il tarixli nüvə sazişindən birtərəfli qaydada çıxmasından bir il sonra, 2019-cu ilin mayında İranın neft ticarətinə qarşı sanksiyaları sərtləşdirməyə qərar verdikdən sonra bir çox kommersiya gəmisini hədəfə alıb və bir çox neft tankerini ələ keçirib.
Dəyanət Ağalarlı
Ordu.az