Şərqi Aralıq dənizi geosiyasi əhəmiyyəti ilə yanaşı, enerji ehtiyatları baxımından da kifayət qədər önəmlidir. Şərqi Aralıq dənizi xüsusilə enerji ehtiyatları baxımından 1,7 milyard barrel neft və 3,5 trilyon kubmetr təbii qaz ehtiyatına malikdir. Bu baxımdan Şərqi Aralıq dənizi regional və qlobal güclər arasında ciddi güc rəqabətinin olduğu və bir çox beynəlxalq şirkətlərin fəaliyyət göstərdiyi bir bölgədir.
Türkiyə-Yunanıstan, Misir, İsrail və Cənubi Kipr arasında regional güc mübarizəsi səbəbiylə Şərqi Aralıq dənizində mümkün qarşıdurma ehtimalı müzakirə edilən ssenarilərdən biri olub. Ancaq Şərqi Aralıq dənizində sərhədi olan ölkələr arasında rəqabəti qızışdıran amillərdən biri Amerika Birləşmiş Ştatları (ABD), Fransa, Rusiya və Britaniyanın Şərqi Aralıq dənizində sərhədləri olmamasına baxmayaraq, orada iştirak etməsidir.
Buna görə də Şərqi Aralıq dənizində fəaliyyət göstərən xarici şirkətlər arasında Fransanın “TotalEnergies”, İtaliyanın ENI, Cənubi Koreyanın “Kogas”, ABŞ-nin “Exxon Mobil” və “Noble Energy”, “Qatar Petroleum”, Britaniyanın “BG Group”, İsrailin “Delek” və “Avner Oil” kimi şirkətlərinin iştirak etdiyi məlumdur. Digər tərəfdən, 2019-cu ildə Misir, Cənubi Kipr, Yunanıstan, İsrail, İtaliya və Fələstin də daxil olmaqla İordaniya tərəfindən qurulan Şərqi Aralıq dənizi Qaz Forumu da bölgədəki enerji rəqabətini gündəmə gətirib.
Şərqi Aralıq dənizində enerji tənliyi
2022-ci ilin iyun ayında Şərqi Aralıq dənizi Qaz Forumu çərçivəsində paytaxt Qahirədə Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında təbii qazın nəqli və ixracına dair üçtərəfli saziş imzalanıb. Bu razılaşmanı daha da genişləndirmək üçün İsrail Aralıq dənizindəki “Tamar” yatağından Misirə təbii qaz ixracının artırılmasını təsdiqlədiyini açıqlayıb. Əslində İsrailin sözügedən yataqda təbii qazın artırılmasına razılıq verməsi Qahirə ilə Təl-Əviv arasında siyasi əlaqələri gücləndirmək və Misir üzərindən Avropaya enerji ixracını artırmaq məqsədi daşıyırdı.
Üstəlik, Təl-Əvivin Fələstinə qarşı sərt mövqeyinə baxmayaraq, İsrail hər il hasil etdiyi 28 milyard kubmetr təbii qazın təxminən 1/3-ni Misir və İordaniyaya ixrac edir. İsrailin 2022-ci il məlumatlarına görə, İsrail təbii qazının 63 faizi Misirə, 37 faizi isə İordaniyaya satılır. İsrailin İordaniyaya ixrac etdiyi təbii qaz ölkənin daxili bazarında istehlak edilir. Misir isə İsraildən aldığı təbii qazı mayeləşdirərək ixrac edir. Başqa sözlə, Misir və İsrail arasında bağlanmış razılaşma nəticəsində mayeləşdirilmiş təbii qazın satışı bazar qiymətləndirmələri və tələb-təklif baxımından çox kritikdir. Yəni demək olar ki, hər iki tərəf “qazan-qazan” düsturu əsasında razılaşma əldə edib. Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrində yaşanan enerji böhranı Misir üçün mühüm bazara çevrilib. Misir İsraildən aldığı təbii qazı mayeləşdirərək, Avropa ölkələrinə baha qiymətə satmaqla ciddi iqtisadi gəlir əldə edir.
7 oktyabrdan sonra nə dəyişdi?
HƏMAS-ın 7 oktyabr hücumlarından 3 gün sonra İsrail Energetika Nazirliyi verdiyi açıqlamada cənub sahilindəki “Tamar” təbii qaz yatağında hasilatı müvəqqəti dayandırdıqlarını və ehtiyaclarını qarşılamaq üçün alternativ yanacaq mənbələri axtaracaqlarını açıqladı. Bu vəziyyətin İsraillə Misir arasında imzalanan enerji müqavilələrinə mənfi təsir göstərməsi ehtimalı yüksəkdir. Çünki İsrail xam təbii qaz ixrac edə bilmədiyi üçün Misirlə əməkdaşlıq imkanlarına ehtiyacı olduğu görünür. Lakin Qəzzaya hücumlar səbəbindən İsrailin Misirə təbii qaz ixracı 60 faizə düşüb.
Qəzzadakı müharibənin Şərqi Aralıq dənizindəki qaz yataqlarının gələcək inkişafı üçün də uzunmüddətli nəticələrinin olacağını söyləmək olar. ABŞ-nin enerji nəhəngi “Chevron” və digər şirkətlər “Tamar” və “Leviathan” yataqlarında işlərini daha da genişləndirməyi planlaşdırırlar. Xüsusilə, Misirə əlavə boru kəmərləri ilə yanaşı, “Leviathan” yatağı üçün üzən mayeləşdirilmiş təbii qaz (LNG) qurğusunun Misir üzərindən qurulması da özü ilə nəqlə davamlı potensial LNG ixrac kanallarını gətirir. Belə bir platformanın Kiprin İsraillə dəniz sərhədində yerləşən tərəfdaşlar tərəfindən hələ inkişaf etdirilməyən “Afrodit” yatağına da xidmət edəcəyi gözlənilir. Başqa bir alternativ olaraq, İsrailin enerji yataqlarını Kipr sahillərindəki LNG terminalına və ya qurudakı LNG obyektinə birləşdirmək üçün əhəmiyyətli təşəbbüslər olduğu görünür.
İsrailin Qəzzada hərbi əməliyyatları təkcə Şərqi Aralıq dənizinin enerji təhlükəsizliyini təhdid etmir. Bu, həmçinin 2020-ci ilin sentyabrında İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Mərakeş və Sudan arasında imzalanmış “İbrahim Razılaşmaları” kontekstində mühüm enerji əməkdaşlığını təhlükə altına qoyur.
Qəzzada hərbi əməliyyatlar Şərqi Aralıq dənizində İsraillə hər hansı razılaşmanı təhlükə altına qoydu. Bu baxımdan Qəzzadakı müharibənin qısamüddətli təsiri Şərqi Aralıq dənizində yalnız qaz sektorunda hiss olunsa da, xüsusilə Avropadakı enerji böhranı fonunda yaxın gələcəkdə daha çox narahatedici təsirlər göstərəcək.
Nəticə etibarilə İsraillə HƏMAS arasında münaqişənin tezliklə aradan qalxmayacaq yüksək geosiyasi riskləri, eləcə də Şərqi Aralıq dənizində enerji təhlükəsizliyi baxımından ciddi problemlər yarada bilmə ehtimalı var. Qəzzada həyata keçirilən hərbi əməliyyatların orta və uzunmüddətli perspektivdə İsrailin enerji sektorundakı artımını yavaşladacağı gözlənilir.
Digər tərəfdən, Şərqi Aralıq dənizi ölkələri son vaxtlar iqlim dəyişikliyi səbəbindən enerji ehtiyatlarını şaxələndirməyə üz tuturlar. Şərqi Aralıq dənizi hövzəsi ilə həmsərhəd olan ölkələrin, xüsusən də Türkiyənin ikitərəfli münasibətlərində əsas mövzulardan biri enerji diplomatiyasıdır. İkitərəfli əlaqələr çərçivəsində enerji diplomatiyası və razılaşmalar uğurlu olsa da, Qəzza müharibəsi regionun hər an üzləşdiyi yüksək geosiyasi risklərin imkanlar qədər olduğunu ortaya qoydu. Odur ki, İsrailin oktyabrın 7-dən etibarən HƏMAS-a qarşı davam edən hərbi əməliyyatlarının qarşısının alınmaması və yayılması səbəbindən neft və təbii qaz sektoruna mənfi iqtisadi təsirlərinin olacağı və bölgə ölkələrinin enerji plan/layihələrini ortamüddətli perspektivdə təxirə salmaq məcburiyyətində qala biləcəkləri yüksək ehtimaldır.
Sevinc Əliyeva
Ordu.az