Həmin gün Türkiyənin xarici işlər naziri parlamentə məlumat verib ki, İslam ölkələri Fələstin məsələsinin həllinə vahid yanaşma təqdim ediblər. Bu, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasıdır. O, açıq şəkildə bəyan edib ki, İsrail nəzarət altına aldığı əraziləri tərk etməlidir.
“Reuters” agentliyi İsrailin Baş naziri Netanyahunu sərt şəkildə tənqid edən ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintondan sitat gətirib. Klinton israilli girovların qohumları ilə görüşüb və bildirib ki, Netanyahunu siyasi taleyindən başqa heç nə maraqlandırmır. Fransa Prezidenti Makron da İsraili tənqid edib. Amerika mətbuatında Bayden administrasiyasının Netanyahunu genişmiqyaslı müharibəni dayandırmağa və sözdə hədəfli zərbələrə keçməyə çağırdığına dair məlumatlar yer alıb.
İsrailin müdafiə naziri Qalant qarşı çıxıb ki, hədəfli zərbələrə keçmək mümkün deyil, çünki fələstinli terrorçular dinc əhalidən canlı qalxan kimi istifadə edirlər. Əslində, İslam və Ərəb Liqası ölkələri əsas siyasi məqsədə nail ola bilmiş kimi görünür, Qəzza, ümumiyyətlə Fələstin və Ərəb-İsrail barışığı məsələsində ABŞ, Avropa və İsrail arasında fikir ayrılıqları açıq-aşkar görünür.
Ancaq bəlli deyil ki, bu, Netanyahunun şəxsiyyəti, onun koalisiya hökumətinin sağçı-millətçi siyasəti ilə bağlıdır, yoxsa problem daha dərindir və Yaxın Şərqdəki güc mərkəzləri arasında rəqabətlə bağlıdır? Əgər geosiyasi maraq ABŞ-nin Fars körfəzinin ərəb monarxiyaları ilə strateji əməkdaşlığa üstünlük verməsini diktə edərsə, qeyd olunan rəqabət İsrail üçün həyati əhəmiyyətli ola bilər.
Parlamentin iclasındakı çıxışında Türkiyənin xarici işlər naziri Suriyanın suverenliyini, ərazi və siyasi bütövlüyünü tanıdığını bəyan edib və açıq şəkildə qeyd edib ki, Ankara və Dəməşq bu ölkənin şimal-şərqində kürd muxtariyyətinin yaradılmasında müttəfiq ola bilər və olmalıdır. Kürd muxtariyyətinin faktiki sponsoru ABŞ-dir.
Görünür, İran Prezidentinin Türkiyəyə səfəri əlamətdar olacaq. Ankara və Tehran fikir ayrılıqlarını aradan qaldıra bilsələr və Fələstin məsələsinə yekun vahid yanaşma formalaşsa, o zaman Yaxın Şərqin hərbi-siyasi xəritəsi ciddi dəyişikliklərə məruz qala bilər və ya əksinə, genişmiqyaslı müharibə təhlükəsi artacaq.
Asif Cəfərov
Ordu.az