Ermənistanın timsalında barışıq və əməkdaşlıq əvəzinə Qafqaz “dramı”? – ANALİZ

2023/12/23423-1702992336.jpg
Oxunub: 8812     20:23     19 Dekabr 2023    
2001-ci il yanvarın 6-da Rusiya Prezidenti Vladimir Putin Bakıda olarkən tərəflər Bəyannamə imzaladılar. Bəyannamənin ictimai hissəsində Rusiya və Azərbaycanın strateji tərəfdaş olduqları qeyd edilib, həll edilməmiş münaqişələrin regionun normal inkişafına mane olduğu vurğulanıb.

20 ildən sonra Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzaladılar. Daha sonra 2001-cil Bəyannaməsi Moskva Bəyannaməsi ilə yeniləndi. 2023-cü il sentyabrın 19-da Azərbaycan bəyannamədə vurğulandığı kimi, separatizmin aradan qaldırılması qarşı antiterror tədbirlərinə başladı və bölgə təmamilə azad edildi. Qarabağın azad edilməsindən 3 ay sonra isə qonşu bölgədə əhəmiyyətli bir inkişaf baş verdi və Gürcüstan rəsmi olaraq Aİ üzvlüyünə namizəd statusu aldı.

Bölgədə Gürcüstanın Avropa İttifaqına daxil olması perspektivini müzakirə edilir. İrəvandakı təhlillərdən birində qeyd olunur: “Moskva ilə yaxşıdır, Avropa İttifaqı ilə əladır”. Görünür, bu, Ermənistanın daxili müzakirələrinin incə sübutudur. Lakin Azərbaycan öz enerji resursları, kommunikasiya və logistika imkanları ilə bütün aspektlərdə Avropa İttifaqı üçün Gürcüstandan və xüsusilə Ermənistandan daha təsirli və cəlbedicidir.

Buna baxmayaraq, Azərbaycan məqsədinin Aİ-yə inteqrasiya olmadığını açıq şəkildə bəyan edib. Ermənistan-Rusiya münasibətlərindəki soyuqluq isə əslində Moskvanın yolundan sapmış İrəvanı öz təsir dairəsində saxlamaqla bağlı strateji maraq planının bir parçasından başqa bir şey deyil. Gürcüstanın Türkiyə və Azərbaycanla hərbi əməkdaşlığı da Rusiya tərəfindən siqnal kimi qəbul olunur. Bu mənada, Şuşa Bəyannaməsinin əhəmiyyətini xatırlatmağa ehtiyac qalmır. Ukrayna cəbhəsinin ekzistensial əhəmiyyəti təkcə Şərqi Avropanın deyil, həm də Qara dəniz-Xəzər regionunun gələcəyi üçün məna kəsb edir. Qafqazda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə barışığı üçün Qərb-Moskva qarşıdurmasının səbəbi də məhz buradadır.

Azərbaycan regionu böhrana sürükləyən Ermənistandan fərqli olaraq, regiondankənar aktorların vasitəçiliyini rədd edir. “3+3” formatı və Türkiyə-Rusiya münasibətlərinin daha da sıxlaşdırılması da buna xidmət edir. Məlumdur ki, F-35 böhranından sonra Türkiyə Qərblə münasibətlərinə düzəlişlər edir. Ötən gün Türkiyənin müdafiə naziri bildirib ki, F-16 qırıcılarının alınması və mövcud olanların modernləşdirilməsi ilə bağlı ABŞ ilə texniki danışıqlar başa çatıb. Artıq Ankara Vaşinqtonun siyasi qərarını gözləyir.

O, bu barədə Rusiya Prezidenti Putinin Türkiyəyə getmək niyyətində olduğunu, Ərdoğanın sıx iş qrafikinin buna mane olduğunu açıqladığı bir vəziyyətdə danışıb. Putin gələn ilin əvvəlində Türkiyə Prezidenti ilə görüşəcəyinə ümid etdiyini bildirib.

Beləliklə, Qafqazda konfiqurasiya dərinləşir və getdikcə geosiyasi hal alır, bundan qaçmaq üçün isə bölgəyə regiondankənar qüvvələrin daxil olmasının qarşısının alınması vacibdir. Rusiya və Türkiyənin hansı birgəliyi nümayiş etdirəcəyi gələcəyin mövzusudur, lakin Ermənistanın timsalında barışıq və əməkdaşlıq əvəzinə Qafqaz “dramı” ilə qarşılaşa biləcəyimiz göz önündədir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin